BANM-də dərs yükünün formalaşdırılmasına dair seminar keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) “Dərs yükünün formalaşdırılması və hesablanması: normativ və praktik yanaşmalar” mövzusunda seminar təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, prorektorlar, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, şöbənin baş məsləhətçisi Osman Hacıyev, baş mütəxəssisi Emil Səlimov, ölkənin ali təhsil müəssisələrinin müvafiq sahə üzrə nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında BANM-in rektoru Elmar Qasımov çıxış edərək seminarın əhəmiyyətini vurğulayıb, ali təhsil müəssisələrində dərs yükünün düzgün planlaşdırılmasının keyfiyyətli tədris prosesinin əsas şərtlərindən biri olduğunu qeyd edib.
Seminar çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən normativ-hüquqi baza, mövcud yanaşmalar və tətbiq mexanizmləri barədə məlumat verilib. Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin baş məsləhətçisi Osman Hacıyev
dərs yükü ilə bağlı qüvvədə olan normativ sənədlər, eləcə də müzakirəyə açıq məsələlər haqqında ətraflı təqdimat edib.
Tədbirdə BANM-in Tədris işləri və akademik qeydiyyat şöbəsinin rəisi Zarina Murtuzayeva “Beynəlxalq təcrübədə dərs yükü modelləri” mövzusunda çıxış edərək müxtəlif ölkələrin təcrübəsini, akademik iş yükünün bölüşdürülməsi modellərini və BANM-in təcrübəsini iştirakçılarla bölüşüb.
Tədbir interaktiv müzakirələrlə davam edib.İştirakçılar müxtəlif təmsil olunduqları ali təhsil müəssisələrinin təcrübəsini paylaşaraq dərs yükünün hesablanması ilə bağlı problemləri və praktiki həll yolları barədə danışıb, Elm və Təhsil Nazirliyinin nümayəndələrinə suallar ünvanlayıblar.



