BANM tələbəsindən beynəlxalq karyera uğuru
Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının III kurs tələbəsi Emil Qoca beynəlxalq karyera yolunda uğura imza atıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Emil BMT-nin tərəfdaş qurumu olan AIESEC vasitəsilə təşkil olunan təcrübə proqramı çərçivəsində Misirdə fəaliyyət göstərən beynəlxalq mühəndislik şirkəti “ELAF Engineering”də təcrübəçi kimi çalışıb. Göstərdiyi yüksək peşəkarlıq və nəticələr qısa müddətdə şirkət tərəfindən qiymətləndirilib və o, fəaliyyətinin ilk həftəsinin sonunda biznesin inkişafı üzrə mütəxəssis vəzifəsinə yüksəldilib.
Emil şirkətin biznes inkişafı istiqamətində fəaliyyət göstərərək “ELAF Engineering”in gələcəkdə, ilk növbədə Azərbaycan olmaqla, Avropa bazarlarına çıxış imkanlarının araşdırılması, potensial biznes imkanlarının müəyyənləşdirilməsi və Azərbaycan bazarında mümkün fəaliyyət istiqamətlərinin formalaşdırılması üzrə işlər həyata keçirir.




