"Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib

23 Dekabr, 2025 - 17:11
"Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 23-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açaraq qeyd edib ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi qlobal gündəliyin əsas məsələsinə çevrilib və bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir: “Rəqəmsal mühit nəzarətsiz və məsuliyyətsiz olduqda uşaqlar üçün ciddi risklər yarana bilər. Azərbaycanda 2018-ci ildə qəbul olunmuş uşaqların zərərli informasiyalardan müdafiəsi haqqında qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya formalaşdırılıb. Oxşar qanunvericilik təşəbbüslərinin digər ölkələrdə də irəli sürülməsi hüquqi tənzimləmə baxımından ortaq məqamların, bu sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu göstərir”.

Komitə sədri qeyd edib ki, bir çox ölkələrin təcrübəsinə əsasən valideynlərin rəqəmsal təhlükəsizliyin artırılması, ailədə təhlükəsiz mühitin qurulması bu sahədə uşaqların müdafiəsinə öz müsbət təsirini göstərir: “Araşdırmalara görə, uşaqların 72 faizi internetdən gündəlik istifadə edirlər. Onların zərərli informasiyalarla qarşılaşması riski yüksəkdir. Ona görə uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Rəqəmsal transformasiya mühitində heç bir uşaq müdafiədən və diqqətdən  kənarda qalmamalıdır”.

Konfransın əsas məqsədinin tərəfdaş ölkələrdən olan yüksək səviyyəli hökumət nümayəndələri və müvafiq sahənin ekspertlərini bir araya gətirərək mövcud məsələlərin müzakirəsini aparmaq və təcrübə mübadiləsini təmin etmək olduğunu deyən Bahar Muradova tədbirin işinə uğurlar arzulayıb. 

İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian qeyd edib ki, uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qlobal səviyyədə qarşıya çıxan çətinliklər çoxşaxəlidir. O bildirib ki, uşaqların məlumatlarının icazəsiz toplanması, zorakılıq və mənfi məzmun, rəqəmsal təhlükələr uşaqların, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha çox təsirlənməsinə səbəb olur.
Buna görə də, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ortaq tədbirlərin tətbiqi böyük əhəmiyyət daşıyır. Praktik təlimlər və qoruyucu vasitələrdən istifadə edərək valideynlərin uşaqların rəqəmsal mühitdə istifadəsinə nəzarət etməsinə şərait yaratmaq olar. Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı ilə ayaqlaşmaq üçün çağırışlar hələ də gündəmdədir. Zəhra Pezeşkian qeyd edib ki, “uşaq hüquqları konvensiyasına rəqəmsal hüquqlara əsaslanan protokollar əlavə oluna bilər".

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, artıq uşaqlar tamamilə fərqli dünyada böyüyürlər. Bir nəsil üçün rəqəmsal bacarıqlar üstünlük kimi görünürdüsə, bu gün o, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nazir rəqəmsal mühitin bərabər imkanlar təqdim etməklə yanaşı, uşaqları müəyyən risklərə də məruz qoyduğunu və onların qabiliyyətlərinin inkişafına təsir edə biləcəyini də istisna etməyib. Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlara  müəyyən təhlükə də yaradır.

Rəşad Nəbiyev qeyd edib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır: "Rəqəmsal təhsilin verilməsi, normativ-hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi diqqət yetirilməsi vacib olan əsas istiqamətlərdir".

Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu Şimali Kipr valideynlərin də rəqəmsal bacarıqlarının artırılmasına çalışdığını söyləyib: “Bu, uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün ən vacib addımlardan biri hesab olunur.Texnologiya uşaqların inkişafına xidmət etməlidir, onların istismarına deyil. Qeyri-hökumət təşkilatları, uşaq influenserləri, dövlət qurumları və beynəlxalq qurumlarla əməkdaşlıq sayəsində atılan addımlar rəqəmsal mühitdə uşaqların müdafiəsində mühüm rol oynaya bilər”.

Nazir bildirib ki, konfransın sonunda imzalanacaq rəqəmsal mühitdə uşaqların qorunması ilə bağlı birgə bəyanat bu sahədə əməkdaşlığa xidmət edəcək. Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Türkiyədə rəqəmsal mühitdə, sosial media və oyun platformalarında uşaqlarla əlaqədar hüquqi tənzimləmə həyata keçiriləcəyini deyib. 

Nazir bildirib ki, yaxın zamanda bu barədə müvafiq qərarlar təqdim ediləcək: “Uzun müddətdir ki, biz bunun üzərində çalışırıq. Bir sıra ölkələrdə artıq 13-15 yaşlı uşaqların sosial şəbəkələrə və internetə çıxışı ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu məsələlər bizdə də uzun müddətdir işlənilir və ciddi addımlar atmağa hazırlaşırıq”.

O çıxışında həmçinin əlavə edib ki, ölkəsində qəbul olunmuş  2024-2028-ci illər üzrə strategiya sayəsində uşaqların rəqəmsal mühitdə müdafiəsi həyata keçirilir: “Rəqəmsal mühitdə ailənin dəstəklənməsi çox vacib məsələdir. Türkiyə uşaqların qorunmasını qurumlar arasındakı əlaqə və ailələrlə aparılan intensiv işlər sayəsində həyata keçirə bilir. Dost tətbiqlər vasitəsilə uşaqlar üçün zərərsiz rəqəmsal mühit qurmaq üçün bir sıra işlər həyata keçiririk. Həmçinin rəqəmsal mühitdəki zərərli informasiyaları müəyyən edərək onları uşaqlar üçün əlçatmaz hala gətirməyə çalışırıq”.

Çıxış üçün söz alan BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri Sofiya Kiladze bütün dövlətlərin uşaqların hüquqlarını qorumaqda öncül rol oynamalı olduğunu qeyd edib: “Dövlət rəhbərliyi olmadan uşaqlar üçün davamlı nəticələr əldə etmək mümkün deyil. Lakin dövlətlər təkbaşına hərəkət edə bilməz. Səmərəli irəliləyiş beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, akademiya və uşaqların özləri ilə güclü əməkdaşlıq tələb edir”.

Qeyd olunub ki, BMT-nin Uşaqların Hüquqları Komitəsi uşaqların hüquqlarının beynəlxalq monitorinqində əsas mexanizm kimi çıxış edir. Komitə Uşaqların Hüquqları Konvensiyasının və onun Seçmə Protokollarının tətbiqinə nəzarət edir, bu sənədlər artıq 196 dövlət tərəfindən ratifikasiya edilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, rəqəmsal texnologiyalar özü ilə yaxşı imkanları ilə bərabər riskləri də gətirir. Həmin riskləri isə valideynlər görə bilmirlər. Çünki bu riskləri alqoritmlər edir. Zorakılıq, bullinq, cinsi istismar və s. təhlükələr rəqəmsal texnologiyalar vasitəsilə yayıla bilir.

O bildirib ki, heç bir dövlət bu problemləri təkbaşına həll edə bilməz: “BMT bu istiqamətdə işləri gücləndirib. Üzv ölkələrə rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək üçün xüsusi yardımlar edilir. Uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsi haqqında xüsusi təlimatlar hazırlanıb”.

Konfransda İSESKO-nun baş direktoru Salim Al Malikin adından çıxış edən müşavir Amira Al Fadil bildirib ki, rəqəmsal transformasiya uşaqlıq anlayışını köklü şəkildə dəyişib və bu gün dünyada internet istifadəçilərinin hər üç nəfərindən biri uşaqdır. Qeyd edilib ki, İSESKO uşaqların rəqəmsal mühitdə qorunması üçün psixoloji ilk yardım, onlayn və rəqəmsal zorakılığın qarşısının alınması, eləcə də süni intellekt üzrə etik çərçivələrin hazırlanması istiqamətində praktiki təşəbbüslər həyata keçirir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. O, təşkilatın Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində İslam dünyası üçün İSESKO Süni İntellekt İndeksinin təqdim edildiyini vurğulayıb. Əlavə edib ki, bu sənəd süni intellektin insan mərkəzli, etik prinsiplərə və İslam dəyərlərinə uyğun tətbiqi üçün strateji istiqamət müəyyənləşdirir.

Amira El Fadil qeyd edib ki, uşaqların qorunmasının getdikcə mürəkkəbləşən bu rəqəmsal dövrdə gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "ICESCO-da uşaqlar, yeniyetmələr və gənclər hər zaman missiyamızın diqqət mərkəzində olub. İnanırıq ki, davamlı inkişaf, sülhsevər cəmiyyət və firavan gələcək yalnız uşaqların hüquqları, ləyaqəti və rifahı tam şəkildə qorunduğu halda mümkündür".

Qətər dövlətinin sosial inkişaf və ailə nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Şaika bint Jassim Al Tani qeyd edib ki, rəqəmsal mühit uşaqlara fayda verməklə yanaşı, onların şəxsiyyətinin formalaşmasına mənfi təsir də göstərə bilər. Bildirilib ki, Qətər dövləti uşaqların internetdə təhlükəsizliyini qorumağı əsas məsuliyyət hesab edir. Ona görə də bu istiqamətdə bir çox tədbir görülür.

Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahia Azərbaycan ilə Mərakeş arasında möhkəm dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Bugünkü tədbirin bu əməkdaşlığın daha da gücləndirmək üçün əlavə bir addım kimi qiymətləndiririb.

Nazir qeyd edib ki, 2011-ci il Mərakeş Konstitusiyası dövlət qarşısında uşaqlar üçün bərabər hüquqların təmin edilməsi və onların sosial-mənəvi müdafiəsinin gücləndirilməsi öhdəliyini qoyur. Ölkəmiz bu öhdəliyi uşaqların qorunmasına yönəlmiş inteqrasiya olunmuş dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi ilə uğurla reallaşdırıb.

Sonra konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusunda panel sessiya keçirilib.

Sessiyada iştirakçılar tərəfindən eyni zamanda, süni intellekt də daxil olmaqla, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində mövcud problemlər və çağırışlar müzakirə edilib, uşaqların zərərli informasiyadan qorunması üzrə milli və beynəlxalq təcrübə paylaşılıb, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsində ailənin rolu vurğulanıb. Çıxışlarda beynəlxalq konfransın regionda və dünyada rəqəmsal mühitdə uşaqların müdafiəsi, eləcə də bu prosesdə ailənin rolunun artırılması istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayacağı  və gələcək birgə fəaliyyətlərə zəmin yaradacağı vurğulanıb. 

Yekunda konfransın bəyannaməsi qəbul edilib.