Əmirulla Məmmədovun 80 illiyinə həsr olunan konfrans keçirilib
Bakı Dövlət Universitetində (BDU) görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova, eləcə də elm və təhsil ictimaiyyətinin nümayəndələri, yerli və xarici alimlər, professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubilyar Əmirulla Məmmədovu təbrik edib. Rektor qeyd edib ki, görkəmli fizik, alim, professor Əmirulla Məmmədov BDU-nun qürur duyulan məzunlarındandır. Onun sözlərinə görə, Ə.Məmmədovun BDU-da qazandığı fundamental biliklər onun geniş axtarışlarının təməlini təşkil edib.
Həmçinin vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq, Əmirulla Məmmədovun ölkəmizin maraqlarını qoruması onun şəxsiyyətinin mühüm cəhətlərindəndir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Əmirulla Məmmədovun vətənpərvərliyini xüsusi vurğulayıb: “Biz Əmirulla Məmmədovun öz ölkəsinə olan bağlılığını görürük. Onun mövcudluğu, varlığı bir dəyərdir. Bu universitetin məzunu olmaq, tələbələrə bu nümunəni göstərmək ayrıca bir təqdirəlayiq haldır”.
Konfransın açılışında çıxış edən digər natiqlər, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru cənab Vilayət Vəliyev, Dövlət Pedaqoji Universitetinin rektoru cənab Cəfər Cəfərov, Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə xanım Nəsibova, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cavad Abdinov, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiyalar Mərkəzinin İdarə Heyətinin sədri cənab Orxan Yusibov, Türkiyənin Aksaray Universitetinin professoru Süleyman Yılmaz, Sayad Kocahan, Məmmədəli Məmmədov da Əmirulla Məmmədovun Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən, fizika sahəsində apardığı fundamental tədqiqatlardan, elmi-pedaqoji fəaliyyətindən və yetişdirdiyi alimlərdən bəhs ediblər. Qeyd olunub ki, alimin uzunillik fəaliyyəti və elmi nailiyyətləri ölkəmizdə elmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Yubiley mərasimində Əmirulla Məmmədovun ailə üzvü Məmmədəli Məmmədov da çıxış edib.
Sonda yubilyar Əmirulla Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara və onu təbrik edənlərə təşəkkürünü bildirib.
Beynəlxalq konfrans öz işini plenar iclaslarla davam etdirəcək. Konfrans çərçivəsində qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar sahəsində aktual elmi məsələlərin müzakirəsi nəzərdə tutulur.




