BDU-nun tələbəsi Çin Tibb Universitetində tam təqaüdlə təhsil alacaq

24 İyul, 2026 - 15:09
BDU-nun tələbəsi Çin Tibb Universitetində tam təqaüdlə təhsil alacaq

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi İnci Mikayıllı təhsilini Çin Tibb Universitetinin Klinik tibb fakültəsində “Scholarship” proqramı ilə davam etdirəcək. O, təqaüd proqramı çərçivəsində Çin dilində tam təqaüdlə təhsil almaq hüququ qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, İnci Mikayıllı proqram üzrə keçirilən CSCA imtahanlarında yüksək nəticə göstərərək universitetin klinik tibb ixtisasına qəbul olub. O, Bakı şəhəri 165 nömrəli tam orta məktəbin məzunudur. O, orta məktəbdə təhsil aldığı illərdə yüksək akademik göstəriciləri, kimya elminə marağı və müxtəlif bilik yarışlarında fəal iştirakı ilə seçilib. 

Kimya fənni üzrə respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edən İnci orta təhsilini əla qiymətlərlə başa vurub. 
Uşaqlıqdan həkim olmağı arzulayan İnci Mikayıllı bu məqsədinə çatmaq üçün məktəb illərindən etibarən təbiət elmlərinə, xüsusilə kimya və biologiya fənlərinə xüsusi maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kimya fakültəsinə (tədris ingilis dili) qəbul olunan tələbə burada qazandığı nəzəri bilikləri gələcək tibb təhsili üçün mühüm baza kimi dəyərləndirib.
BDU-nun ikinci kursunda təhsil aldığı müddətdə o, təqaüd proqramı çərçivəsində Çin Tibb Universitetinə müraciət edib. Qəbul prosesinin müvafiq mərhələlərini uğurla keçən,  CSCA imtahanlarında yüksək nəticə göstərən tələbə tam təqaüdlü təhsil imkanı əldə edib.

Çin dilində klinik tibb təhsili almaq İnci Mikayıllı üçün yalnız yeni bir akademik mərhələ deyil, eyni zamanda fərqli səhiyyə sistemi, tibbi yanaşmalar və beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanıdır. O, təhsil müddətində Çin dilini yüksək səviyyədə mənimsəməyi, fundamental və klinik tibb üzrə biliklərini dərinləşdirməyi, müasir diaqnostika və müalicə üsullarını öyrənməyi qarşısına məqsəd qoyub.

İnci gələcəkdə peşəkar və savadlı həkim kimi yetişməyi, klinik fəaliyyətlə yanaşı, elmi-tədqiqat işlərində də iştirak etməyi planlaşdırır. Onun əsas arzularından biri xaricdə qazandığı bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək, insanların sağlamlığının qorunmasına töhfə verməkdir.

O, həmçinin Azərbaycan və Çin arasında tibb, təhsil və elmi əməkdaşlığın inkişafına öz töhfəsini verməyi, beynəlxalq tibbi mühitdə ölkəsini layiqincə təmsil etməyi qarşısına məqsəd qoyub.

İnci Mikayıllının əldə etdiyi bu nəticə onun uzunmüddətli zəhmətinin, məqsədyönlülüyünün və həkimlik peşəsinə olan marağının göstəricisi olmaqla yanaşı, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından uğurla yararlana bildiyini nümayiş etdirir.