Belçikada müəllim və tələbələr etiraz aksiyası keçiriblər

5 İyun, 2026 - 12:27
Belçikada müəllim və tələbələr etiraz aksiyası keçiriblər

Belçikada təhsil sahəsində nəzərdə tutulan büdcə ixtisarları və təhsil haqlarının artırılması müəllim və tələbələrin kütləvi etirazlarına səbəb olub. Brüsseldə keçirilən aksiyalar zamanı polis ilə etirazçılar arasında qarşıdurma yaşanıb.

"Azərbaycan müəllimi" “Politico” nəşrinə istinadən xəbər verir ki, narazılığa hökumətin təhsil xərclərini 300 milyon avro azaltmaq, təhsil haqlarını təxminən üçdəbir artırmaq və müəllimlərin iş yükünü əlavə ödəniş olmadan artırmaq planları səbəb olub.

Paytaxt Brüsseldə minlərlə etirazçı Mərkəzi Dəmiryolu Vağzalının qarşısına toplaşıb. Aksiya zamanı bəzi zibil konteynerləri yandırılıb, mağazaların vitrinlərinə ziyan dəyib.

Yanğınsöndürənlərə hücum edildikdən sonra polis vəziyyətə müdaxilə edərək daha aqressiv davranan etirazçıları dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Etiraz aksiyaları Namür və Şarlerua şəhərlərində də keçirilib. Müəllimlər və tələbələr hökumətin təhsil islahatlarının tədrisin keyfiyyətinə və təhsil işçilərinin sosial vəziyyətinə mənfi təsir göstərəcəyini bildiriblər.

Bütün etirazlara baxmayaraq, Belçika parlamenti mübahisələrə səbəb olan büdcə dekretini sürətləndirilmiş prosedurla qəbul edib.

Etirazçılar hesab edirlər ki, təhsil sahəsində qənaət tədbirləri uzunmüddətli perspektivdə ölkənin təhsil sisteminə və insan kapitalının inkişafına mənfi təsir göstərə bilər.

Belçikada müəllim və tələbələr etiraz aksiyası keçiriblər