Beynəlxalq əməkdaşlıqlar davamlı xarakter daşımalıdır – Qənirə Məmmədzadə
2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi” Azərbaycanın ali təhsil sistemində son illər müşahidə olunan inkişaf meyillərini beynəlxalq səviyyədə də təsdiqləyir. Reytinqdə ölkənin daha çox universitetinin və daha geniş sahələrin təmsil olunması, eyni zamanda bir sıra ali təhsil müəssisələrinin mövqelərini yaxşılaşdırması bu sahədə keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərir. Müşahidə olunan bu irəliləyiş Azərbaycanın ali təhsil sistemində keyfiyyət göstəricilərinin artması və beynəlxalq akademik məkana inteqrasiyanın sürətlənməsi ilə izah olunur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu nəticə Azərbaycanın təhsil sisteminin keyfiyyətcə yüksəlməsinin bariz göstəricisidir: “2026-cı il üzrə “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə Azərbaycan universitetlərinin sayının və mövqelərinin artmasını olduqca müsbət və sevindirici hal kimi qiymətləndirirəm. Bu tendensiya ölkəmizdə ali təhsil sahəsinin inkişaf etdiyini və universitetlərimizin artıq beynəlxalq akademik arenada daha çox tanınmağa başladığını göstərir.
Bu irəliləyişin əsas səbəblərindən biri, ilk növbədə, beynəlxalq əməkdaşlıqların genişlənməsidir. Universitetlərimizin xarici tərəfdaşlarla birgə elmi-tədqiqatlar aparması, beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması və xüsusilə beynəlxalq həmmüəlliflik əsasında elmi işlərin artması bu sahədə mühüm rol oynayır. Eyni zamanda, elmi-tədqiqat fəaliyyətinə verilən önəmin artması da bu dinamikanı şərtləndirən əsas amillərdəndir”.
“Beynəlxalq əməkdaşlıq yalnız epizodik deyil, davamlı xarakter daşımalıdır”
Q.Məmmədzadə ali təhsil sahəsində əldə olunan bu müsbət dinamikanın davamlı olması üçün beynəlxalq əməkdaşlıq fəaliyyətlərinin sistemli və dayanıqlı şəkildə davam etdirilməsini vacib hesab edir: “Xüsusilə QS metodologiyasında yer alan “International Research Network” kimi meyarlar göstərir ki, beynəlxalq əməkdaşlıq yalnız epizodik deyil, davamlı xarakter daşımalıdır. Bu istiqamətdə stabil nəticələrin əldə olunması universitetlərin reytinqlərdə mövqelərini qoruyub saxlamasına və daha da yaxşılaşdırmasına imkan yaradır.
Azərbaycan universitetlərinin beynəlxalq rəqabətqabiliyyətinin artırılması üçün prioritet istiqamətlərə gəldikdə, burada yenə də beynəlxalq elmi əməkdaşlıqların gücləndirilməsi, yüksək impakt faktorlu jurnallarda nəşrlərin sayının artırılması və universitetlərin qlobal akademik platformalarda daha aktiv təmsil olunması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, universitetlərin beynəlxalq tədbirlərdə, sərgilərdə və akademik platformalarda iştirakının genişləndirilməsi onların tanınmasına müsbət təsir göstərir”.
“Bu inkişaf əmək bazarında keyfiyyətli insan kapitalının formalaşmasına mühüm töhfə verəcək”
Şöbə müdirinin sözlərinə görə, QS reytinqlərində əldə olunan nəticələrin əmək bazarına da təsirsiz ötüşməyəcək: “Qeyd etmək lazımdır ki, bu cür göstəricilər universitetlərin strateji inkişafına birbaşa təsir edir.
Hesab edirəm ki, yaxın 3–5 il ərzində Azərbaycan universitetləri bu istiqamətdə daha da irəliləyərək beynəlxalq səviyyədə daha möhkəm mövqe tutacaq. Beynəlxalq akkreditasiyalar, reytinq meyarlarına uyğun idarəetmə və tədqiqat yönümlü inkişaf strategiyaları bu prosesdə əsas rol oynayacaq. Nəticə etibarilə, bu inkişaf əmək bazarında keyfiyyətli insan kapitalının formalaşmasına və mövcud kadr boşluqlarının aradan qaldırılmasına mühüm töhfə verəcək”, – deyə o əlavə edib.



