Beynəlxalq Fənn Olimpiadaları və müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib

27 Fevral, 2026 - 14:57
Beynəlxalq Fənn Olimpiadaları və müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib

Fevralın 22-də Bakı Konqres Mərkəzində "Global Olympiad Center" tərəfindən təşkil olunan Beynəlxalq Fənn Olimpiadaları və beynəlxalq akademik müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından ölkə mərhələsində uğur qazanan şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunublar.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca tədbir rəsmi olaraq açıq elan olunub. Açılış nitqi ilə çıxış edən "Global Olympiad Center"in direktoru Xəyal İbrahimzadə ölkədə istedadlı şagirdlərin aşkar edilməsi, onların beynəlxalq platformalara çıxarılması və davamlı akademik inkişafının təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və süni intellekt, riyaziyyat, fizika, iqtisadiyyat və digər sahələr üzrə qlobal yarışlara inteqrasiya ölkəmizdə yeni mərhələnin başlanğıcı olub.

Tədbir çərçivəsində 2023-cü ildən keçirilən TIMO (Turkic International Mathematical Olympiad), "International Math Challenge", FISO beynəlxalq yarışması, Avstraliya mərkəzli "NextGen" beynəlxalq ingilis dili müsabiqəsi, eləcə də beynəlxalq Kopernik olimpidasının  və digər nüfuzlu yarışların ölkə mərhələsi qalibləri mükafatlandırılıb. 

Mükafatlandırma mərasimi ACCA rəsmi rəhbərlik səviyyəsində təmsil olunub. ACCA-nın Azərbaycan, Türkiyə və Gürcüstan üzrə rəsmi nümayəndəsi Senem Ross-Forrester çıxış edərək şagirdlərin maliyyə savadlılığının və beynəlxalq standartlara uyğun təhsil imkanlarının əhəmiyyətini vurğulayıb.

Tədbirdə ACCA-nın Avrasiya və Yaxın Şərq üzrə Təhsil Əlaqələri rəhbəri Tariro Masukume də iştirak edib. O, çıxışında beynəlxalq sertifikasiya proqramlarının gənclərin peşəkar inkişafında roluna toxunub, erkən yaşlardan maliyyə və biznes biliklərinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür akademik platformalar şagirdlərin qlobal əmək bazarına inteqrasiyasına və beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazanmasına şərait yaradır.

Mərasimdə iştirak edən  tərəfdaşlarından olan beynəlxalq təhsil qurumlarının regional rəhbərləri istedadlı şagirdlərin erkən yaşdan aşkarlanmasının və onların beynəlxalq mühitə inteqrasiyasının əhəmiyyətini vurğulayıblar. Çıxışlarda olimpiadaların şagirdlərin analitik düşüncə bacarığını, problem həlletmə qabiliyyətini və qlobal rəqabət potensialını gücləndirdiyi qeyd edilib.

Tədbirin xüsusi hissəsində Vətən müharibəsi şəhidlərinin övladları səhnəyə dəvət olunub və alqışlarla qarşılanıb. Qeyd olunub ki, "Global Olympiad Center"in təşəbbüsü ilə şəhid ailələrinin övladlarının beynəlxalq final mərhələlərində iştirak xərcləri tam şəkildə mərkəz tərəfindən qarşılanıb. Həmçinin 100 bal nəticə göstərən şagirdlər xüsusi olaraq təltif olunublar.

Mükafatlandırma mərasimi gün ərzində müxtəlif beynəlxalq olimpiada və müsabiqələrin qaliblərinin təltif edilməsi ilə davam edib. "Global Olympiad Center"in ölkəmizdə uzun illərdir beynəlxalq akademik platformaları təşkil etdiyi, əsas məqsədin isə istedadlı Azərbaycanlı şagirdlərin aşkarlanması, onların beynəlxalq səviyyədə tanıdılması və qlobal arenaya çıxarılması olduğu bildirilib.

Keçirilən mərasim ölkədə akademik rəqabət mühitinin gücləndirilməsi və gənclərin beynəlxalq elmi-intellektual platformalara inteqrasiyası istiqamətində mühüm addım kimi dəyərləndirilib.