Beynəlxalq Kopernik Olimpiadasına qeydiyyat başlayıb
Artıq 7 ildir ki, dünya miqyasında təşkil olunan və görkəmli alim Nikolay Kopernikin adını daşıyan Beynəlxalq Kopernik Olimpiadasının Azərbaycan üzrə seçim turuna qeydiyyat başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, riyaziyyat fənni üzrə keçirilən bu nüfuzlu beynəlxalq yarış hər il olduğu kimi bu il də 29 iyul – 2 avqust tarixlərində ABŞ-nin Kolumbiya Universitetinin ev sahibliyi ilə təşkil ediləcək.
Kopernik Olimpiadası hər il 50-dən çox ölkədən on minlərlə şagirdi bir araya gətirən, yüksək səviyyəli intellektual rəqabət və güclü akademik mühit formalaşdıran beynəlxalq platforma kimi tanınır. Olimpiada 3-cü sinifdən 12-ci sinfə qədər olan şagirdləri əhatə edir və iştirakçılar yaş qruplarına uyğun olaraq beş kateqoriya üzrə yarışırlar.
Seçim turu çərçivəsində şagirdlərə ümumilikdə 25 sual təqdim olunur. Suallar çətinlik dərəcəsinə görə asan, orta və yüksək səviyyəli tapşırıqlardan ibarət olmaqla, iştirakçıların həm məntiqi düşünmə, həm də analitik bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Toplanan ballara əsasən ən yüksək nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.
Azərbaycan üzrə seçim turu 8 fevral tarixində Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Ölkə mərhələsində medal qazanan iştirakçılar ABŞ-ın Nyu-York şəhərində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər. Qeyd edək ki, olimpidanın son qeydiyyatı 6 fevraldır.
Bu olimpiada yalnız bilik yarışması deyil, eyni zamanda şagirdlər üçün gələcək akademik karyeralarına açılan mühüm bir imkan platformasıdır. Kopernik Olimpiadasının əvvəlki illərdəki qalibləri hazırda Harvard, Stanford, Hong Kong, Massachusetts, Michigan və Berkeley kimi dünyanın aparıcı universitetlərində təhsil alırlar. İnanırıq ki, bu il yarışa qatılan azərbaycanlı şagirdlər də həmin uğur yolunu layiqincə davam etdirəcəklər.


