“Beynəlxalq yarışlar mənim həyatımı dəyişdi” – Honkonq Universitetinə qəbul olan Cavidlə söhbət

5 Dekabr, 2025 - 16:57
“Beynəlxalq yarışlar mənim həyatımı dəyişdi” – Honkonq Universitetinə qəbul olan Cavidlə söhbət
“Beynəlxalq yarışlar mənim həyatımı dəyişdi” – Honkonq Universitetinə qəbul olan Cavidlə söhbət

– Cavid, ilk olaraq səni təbrik edirik. Honkonq Universitetinə qəbul olmaq böyük nailiyyətdir. Bu xəbəri aldıqda hansı hissləri yaşadın?

 – Çox təşəkkür edirəm. Bu, həm uzun illərin əziyyətinin qarşılığını görmək, həm də yeni bir mərhələyə qədəm qoymaq hissidir. Təbii ki, çox sevindim və özümə qarşı məsuliyyətimin artdığını anladım.

– Cavid, oxucular üçün səni daha yaxından tanıyaq. Orta təhsilini harada almısan, beynəlxalq imtahan nəticələrin necədir və boş vaxtlarında nələrlə məşğul olursan?

– Orta təhsilimi Zərifa Əliyeva adına liseydə almışam. Akademik tələbkarlıq və müəllimlərin dəstəyi mənim üçün çox dəyərli oldu.
 IELTS imtahanından 8.0, SAT-dan isə 1540 bal toplamışam. Bundan əlavə "AP Calculus BC", "Microeconomics", "Macroeconomics" və Statistikadan 5/5 nəticə əldə etmişəm.

Əslən Qərbi Azərbaycanlıyam. Boş vaxtlarımda tar ifa edirəm, həmçinin tennis, boks və voleybolla məşğul oluram. İdman mənə həm fokuslanmaq, həm də düşüncələrimi rahatlaşdırmaq üçün çox kömək edir.

– Hong Kong Universitetində seçdiyin ixtisasdan danışardın. Niyə məhz bu sahə?

– HKU-da BBA və xüsusilə "Finance" sahəsini seçməyimin səbəbi odur ki, Honkonq Asiyanın ən güclü maliyyə mərkəzlərindən biridir. Universitetin sənaye ilə əlaqələri çox güclüdür və tələbələr üçün staj və iş imkanları inanılmaz dərəcədə genişdir. Hətta tələbələr tez-tez məzun olmadan iş tapırlar. Mən də bu dinamik mühitin içində olmaq istəyirdim

– Beynəlxalq yarışlar sənin təhsil yolunu necə dəyişdi?

– Beynəlxalq olimpiadalar mənim üçün CV-də sadəcə bir xətt olmadı. Universitetlərə müraciət zamanı məni həmyaşıdlarımdan fərqləndirən əsas üstünlük məhz bu yarışlarda qazandığım nailiyyətlər idi. Xüsusən də Honkonq Universitetinin müsahibəsi zamanı ABŞ-də iştirak etdiyim "Copernicus Olympiad" haqqında xüsusi sual aldım. Oradakı və digər olimpiadalardakı uğurlarımı izah etdikdə, qəbul komissiyasında çox müsbət təəssürat yaratdım.

– Yəni beynəlxalq yarışların ali məktəb qəbulunda real təsiri oldu?

 – Əlbəttə. Bu yarışlar universitetlərə sizin akademik potensialınızı çox erkən dövrdən göstərir. Universitet anlayır ki, siz artıq məktəb illərində ciddi şəkildə öz üzərinizdə çalışmısınız. Bu isə qəbul şansını ciddi şəkildə artırır.

– GOC-un bu prosesdə rolu nə oldu? Sənin inkişafına necə təsir göstərdi?

– GOC bizə yalnız səyahət və imtahan imkanları vermədi. Bu, bizim üçün xarici dünya ilə ilk böyük inteqrasiya anı idi. Nəzarətçilərimizin dəstəyi, səfərlərin təşkilati keyfiyyəti, komandamızın birliyi – bunlar hamısı çox önəmli faktorlardır. Xəyal müəllimin olimpiadalardan əvvəl və sonra bizimlə etdiyi söhbətlər dünyagörüşümüzü dəyişirdi. Azərbaycan komandasının öz içində yaratdığı dəstək mühiti isə başqa səviyyədə idi: birinin uğuruna hamımız sevinirdik, çətinlik yaşayan dostumuzu birlikdə ayaqda tuturduq.

– Səncə, Azərbaycanda şagirdlərin beynəlxalq yarışlara qatılması niyə vacibdir?

– Bu təcrübəni sözlə nə qədər izah etsəm də, hər şagird bunu özü yaşamalıdır. 4–7 günlük olimpiada səfəri belə insana dünyanın nə qədər böyük olduğunu hiss etdirir. Fərqli mədəniyyətlərlə tanışlıq insanın düşüncə sərhədlərini genişləndirir. Ən əsası isə şagird özünə sübut edir ki, dünyanın hər yerindən olan həmyaşıdları ilə bərabər yarışa və qalib gələ bilər.

– Təhsilini bitirdikdən sonra özünü harada görürsən? Azərbaycana qayıtmaq planların varmı?

– Özümü tək bir coğrafiyaya bağlamıram. 20–30 yaşlarımda əsas məqsədim maksimum öyrənmək, real layihələrdə iştirak etmək və güclü təməl qurmaqdır.
 Ancaq bir gün Azərbaycanda, xüsusən də təhsil sahəsində çalışmağı çox istəyirəm. Hong Kongda gördüyüm təcrübələr – tələbəyə güvən, praktikaya önəm, innovasiya – bunların hamısını Azərbaycanda tətbiq etmək istərdim. Bizim potensialımız möhtəşəmdir, sadəcə düzgün sistem və texnologiya lazımdır. Gələcəkdə bu istiqamətdə layihələr qurmaq istəyirəm.

– Cavid, inkişaf tempinə baxanda səni gələcəyin liderlərindən biri kimi görürük. Bəs özün 10 ildən sonra hansı mövqedə görürsən? Biz sənə hansı titul ilə müraciət edəcəyik?

– Açığı, indidən konkret titul düşünmürəm. Mənim üçün indi vacib olan titul yox, qurduğum bünövrədir. Harada olursa-olsun – ABŞ-də, Asiyada və ya Bakıda – məqsədim özümə elə bir baza yaratmaqdır ki, gələcəkdə istədiyim qapıdan rahat keçə bilim.

Titul məsələsinə gəlincə… kim bilir? Ola bilər ki, bir gün mənə “Professor Cavid” deyə müraciət edəsiniz. Dünyasəviyyəli universitetdə dərs demək pis olmazdı.
Əsas odur ki, 10 il sonra hansı mövqedə olmağımdan asılı olmayaraq, arxaya baxanda deyim: “Bunun hər dəqiqəsinin zəhməti vardı.”

– Bu müsahibəni oxuyan şagirdlərə bir cümləlik nə demək istərdin?

– Bir cümlə ilə çətindir, amma əsas mesajım budur: Özünüzü sınayın. Özünüzə sübut edin ki, nə məktəb, nə rayon, nə şəhər, nə də ölkə – harada olmağınızdan asılı olmayaraq qalib gəlməyə qadirsiniz.