"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

11 Fevral, 2025 - 15:46
"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik
"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

"İstənilən dərsliyi yazan müəllif çalışır ki, əvvəlkilərdən daha çox məlumat versin. Amma kəmiyyətə qaçmaq bəzən lazım olan effekti vermir".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində akademik Dilqəm Tağıyev deyib.

O bildirib ki, çünki şagirdin beyni o qədər geniş həcmdə böyüməyib ki, onların hamısını mənimsəyib yadda saxlaya bilsin:

"Əzbərləyir, üç aydan sonra yaddan çıxır. Yəni önəmli məsələlərin üstündə dayanmaq daha vacibdir, nəinki çox geniş məlumat vermək və onları tələb etmək. Bu mənim fikrimdir. Mən orta məktəbdə dərs deməmişəm. Amma görürəm ki, uşaqlara bəzən elə çətin tapşırıqlar verirlər ki, nəinki uşaq, heç ali təhsilli valideyn həll edə bilmir. Bu məsələləri nəzərə almaq lazımdır. Düzdür, zəmanə dinamik inkişafdadır, sürətlə inkişaf edir, məlumat çoxdur. İndi əsas məsələ o məlumatı seçib, lazımlı olanları götürməkdir, yoxsa təzə çıxan bütün məlumatları vermək mümkün deyil". 

Akademik qeyd edib ki, kimya sahəsində hər 11 ildən bir elmi informasiyanın həcmi iki dəfə artır:

"Əvvəllər informasiya aclığı idi, indi isə informasiya bolluğudur. O qədər informasiyanı izləsən, onda iş görməyə vaxt olmaz. Burada optimal həll yolu lazımdır ki, elmi işin aparılmasına mane olmasın. Həm informasiya ilə məşğul olmağa, həm elmi iş aparmağa, həm də fikirləşməyə vaxt qalsın. Hər halda insan robotdan fərqlənməlidir".