“Bəzən problemlərini deməyə çəkinirlər" - Psixoloq dəstəyi niyə vacibdir?
Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, emosional və sosial bacarıqlar qazandığı mühitdir. Müasir dövrdə yeniyetmələrin üzləşdiyi stres, zorakılıq, kiberbullinq, ailədaxili problemlər və digər psixoloji çətinliklər məktəb psixoloqlarının rolunu daha da aktuallaşdırır. Onların əsas vəzifəsi şagirdlərin psixoloji rifahını qorumaq, yaranan problemləri vaxtında müəyyənləşdirmək və həlli istiqamətində dəstək göstərməkdir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Nuriyyə Quliyeva bildirib ki, məktəb psixoloqlarının fəaliyyəti məktəblər üçün ən vacib xidmətlərdən biridir:
“Məktəblərdə psixoloqlara ehtiyac var. Psixoloqlar müəllim və valideynlərlə birgə işləyirlər. Xüsusilə müəllimlər hər hansı narahatedici məqam gördükdə psixoloqdan dəstək alırlar. Məktəb psixoloqunun vəzifələri sırasında diaqnostika işi var. Yəni testlər, metodikalar tətbiq edərək problemi müəyyənləşdirmək vəzifələri sırasındadır. Amma tam korreksiya etmək məktəb psixoloqunun öhdəliyində deyil. Məktəb psixoloqu yüngül problem gördükdə ailəyə, müəllimlərə dəstək olur, istiqamətləndirir, öz tövsiyələrini verir. Daha ağır problemlərdə isə məktəbdənkənar psixoloqlara yönləndirir”.
N.Quliyevanın sözlərinə görə, şagirdlərin bir çox problemləri məhz psixoloqlarla iş şəraitində aşkara çıxır:
“Hətta elə problem var ki, erkən yaşlardan başlayır, amma valideynlər təyin edə bilmirlər. Elə uşaqlar var ki, onlarla fərdi işləmək daha rahatdır, amma qrupda sosiallaşa bilmirlər. Bundan əlavə, davranış qaydalarını bilmir, digər uşaqlarla doğru davranmırlar. Bununla bağlı bir çox problemlər məktəb dövründə ortaya çıxır, müəllimlər də bu haqda valideynlərə və psixoloqa məlumat verirlər. Valideynlər düşünə bilərlər ki, problem varsa, məktəbin psixoloqu həll etməlidir. Problemin həlli yalnız psixoloqun işi deyil. Valideyn, müəllim və şagird birlikdə işləməlidirlər ki, nəticə olsun”.
Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 7-ci sinif şagirdi Mədinə Xəlilova qeyd edib ki, məktəb psixoloqu bəzən şagirdlərlə müxtəlif psixoloji test və sorğular keçirir:
“Həmin testlər şagirdlərin maraqlarını, bacarıqlarını daha yaxşı müəyyən etməyə kömək edir.
Həm də psixoloqumuz maarifləndirici söhbətlər və seminarlar təşkil edir. Həmin görüşlərdə sağlam ünsiyyət, internetdən təhlükəsiz istifadə, özünəinamın artırılması və sağlam həyat tərzi müzakirə olunur. Bu tədbirlər bizim həm psixoloji, həm də sosial inkişafımıza mühüm töhfə verir.
Şagirdlər dərs stresi, imtahan həyəcanı, ünsiyyət problemləri zamanı psixoloqdan dəstək ala bilirlər. Psixoloq bu problemlərin həllində yol göstərir və şagirdin özünü daha yaxşı hiss etməsinə kömək edir”.
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məryəm Əsədova məktəb psixoloqunun şagirdlər üçün etibarlı dəstək olduğunu düşünür. O deyir ki, psixoloq təkcə problemləri dinləmir, həm də şagirdlərin fikirlərini öyrənmək, onların məktəb mühitinə münasibətini anlamaq üçün mütəmadi olaraq görüş və sorğular təşkil edir:
“Özüm hələ məktəb psixoloquna müraciət etməmişəm, çünki buna ehtiyac olmayıb. Amma psixoloqumuz bizimlə müxtəlif mövzularda testlər keçirir, davranış qaydaları haqqında məlumat verir və hər hansı çətinliklə qarşılaşsaq, çəkinmədən ona müraciət edə biləcəyimizi deyir. Ən önəmlisi odur ki, bizimlə bölüşülən məlumatların məxfi saxlanıldığını bilirik. Bu da psixoloqa olan etimadı artırır”.
Sabunçu rayonu C.Məmmədyarov adına 155 nömrəli məktəbin şagirdi Pınar Əliyeva bildirib ki, məktəb psixoloqunun fəaliyyəti şagirdlər üçün çox faydalıdır:
“Mən şəxsən məktəb psixoloquna müraciət etməmişəm, amma psixoloqumuz tez-tez şagirdlərlə söhbət edir, problemlərini dinləyir. Həm də psixoloqumuz maarifləndirici söhbətlər də edir, testlər keçirir. Bəzən uşaqlar özləri problemlərini deməyə çəkinir, amma psixoloqumuz bunu görəndə onlarla söhbət edir, dinləyir və yardım etməyə çalışır”.




