Məleykə Abbaszadə: Kollec təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant deyil

27 Avqust, 2026 - 14:43
Məleykə Abbaszadə: Kollec təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant deyil

“İndi boş qalan yerlər üzrə seçim mərhələsində sistem daha geniş imkan verir. Abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, siyahıda 20-dək ixtisas kodu yazmaq mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyən edir:
“Yəni, məsələn, Bakıdakı bir kollec ixtisasını regiondakı ali məktəb ixtisasından əvvəl və ya əksinə yazmaq mümkündür — bu, abituriyentin seçimidir. Müsabiqə də iki fərqli seçim üzrə aparılır. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul zamanı müvafiq qrup üzrə ümumi nəticə, yəni birinci və ikinci mərhələnin nəticələri nəzərə alınır. Orta ixtisas təhsili müəssisələrində isə müsabiqə yalnız birinci mərhələnin — buraxılış imtahanının ümumi balı əsasında aparılır.

Bu fərq çox vacibdir. Məsələn, III qrup üzrə blok imtahanında tələb olunan minimum nəticəni toplamayan abituriyent ali məktəbin həmin qrup üzrə müsabiqəsində iştirak etməyə bilər. Amma onun buraxılış imtahanında yüksək nəticəsi varsa, orta ixtisas təhsili müəssisələrinin bir çox ixtisasları üzrə kifayət qədər rəqabətqabiliyyətli ola bilər.

“Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub. İxtisasları ali məktəblərdə qəbul edilən əsas istiqamətlərə məzmun baxımından şərti şəkildə uyğunlaşdırsaq, maraqlı mənzərə alınır: təxminən 5,7 min yer (31%) II qrupa yaxın iqtisadiyyat, maliyyə, idarəetmə, turizm və logistika istiqamətlərinə; 5,1 min yerədək (28%) IV qrupa yaxın tibb, biologiya, aqrar və ekoloji istiqamətlərə; 4,8 minədək yer (26%) I qrupa yaxın IT, texnika, energetika, nəqliyyat, rabitə və sənaye istiqamətlərinə; 1,8 minədək yer (10%) III qrupa yaxın sosial, humanitar və pedaqoji istiqamətlərə; təxminən 0,9 min yer (5%) isə V qrupa yaxın incəsənət, dizayn və qabiliyyət tələb edən istiqamətlərə aid edilə bilər. Bu bölgü DİM-in rəsmi qrup təsnifatı deyil, ixtisasların məzmununa əsaslanan analitik müqayisədir”.

M.Abbaszadənin sözlərinə görə, bu rəqəmlər göstərir ki, orta ixtisas təhsili yalnız “ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant” deyil. Əksinə, burada iqtisadiyyat və idarəetmədən başlayaraq İT və texniki sahələrə, səhiyyə və aqrar istiqamətlərdən sosial və yaradıcı peşələrə qədər geniş seçim mövcuddur.

Kolleci bitirən subbakalavrların sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsinə müsabiqə yolu ilə davam etmək hüququ da mövcuddur.

Ona görə “mütləq ali məktəbə qəbul olmalıyam” düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər.

Bu mərhələdə “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunmuş psixoloqlarımızın “Boş qalan yerlər üzrə seçim: doğru qərarı necə verməli?” məqaləsini mütləq oxumağı tövsiyə edirəm. (https://shorturl.at/F0KBM)

Özünüzə sadə, amma vacib bir sual verin: “Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?”
Seçim siyahısı sadəcə keçə biləcəyiniz yerlərin siyahısı deyil. Bu, sizin şəxsi üstünlüklərinizin ardıcıllığıdır.
Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir”.