Bəzi valideynlər övladlarının narkoloji qeydiyyata alınmasından narahat olurlar - Şahin İsmayılov

5 Noyabr, 2026 - 12:36
Bəzi valideynlər övladlarının narkoloji qeydiyyata alınmasından narahat olurlar

“Azərbaycanda bəzi valideynlər övladlarının narkotik istifadə etdiyini ətrafdakılardan gizlətdiklərinə görə vaxtında mütəxəssisə müraciət etmirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, bəzi ailələr övladlarının narkoloji qeydiyyata alınmasının gələcəkdə təhsilinə və əmək fəaliyyətinə təsir göstərəcəyindən narahat olurlar:

“Valideynlər bəzən düşünürlər ki, qonşular, məktəb və ya universitet bu barədə məlumat əldə edə bilər. Övladlarının gələcək karyerasını nəzərə alaraq problemi gizli saxlamağa çalışırlar. Nəticədə vaxtında müvafiq qurumlara müraciət edilmir və uşağın sağlamlığı ilə bağlı vəziyyət daha da ağırlaşır”.

Ş.İsmayılov qeyd edib ki, narkotik istifadəsi ilə bağlı problemin erkən mərhələdə müəyyənləşdirilməsi və tibbi yardım üçün vaxtında müraciət olunması mühüm əhəmiyyət daşıyır:

“İlk günlərdə və həftələrdə müraciət edilməsi ilə narkotik vasitədən uzun müddət istifadə etdikdən sonra müalicəyə başlanılması arasında ciddi fərq var. Buna görə valideynlər problemi gizlətmək əvəzinə övladlarının sağlamlığını əsas götürməlidirlər”.

Dövlət Komissiyasının nümayəndəsi narkotik asılılığının müalicəsindən sonrakı reabilitasiya mərhələsinə də diqqət çəkib.

O bildirib ki, narkoloji müəssisələrdə detoksikasiya, yəni orqanizmin zərərli maddələrdən təmizlənməsi həyata keçirilsə də, asılılıqdan müalicə olunan şəxslərin sonrakı dövrdə də dəstəyə ehtiyacı ola bilər:

“Müalicədən sonra narkotik istifadəsinə qayıtma halları müşahidə edilir. Hətta 12 il sonra yenidən narkotik istifadə etməyə başlayan şəxslərlə qarşılaşmışıq. Bu baxımdan reabilitasiya mərkəzlərinin yaradılması və onların fəaliyyətinin təşkili problemin həlli istiqamətində vacib məsələlərdəndir”.

Ş.İsmayılov vurğulayıb ki, narkotik asılılığının müalicəsində yalnız ilkin tibbi müdaxilə ilə kifayətlənməmək, sonrakı reabilitasiya və dəstək prosesinə də diqqət yetirmək lazımdır.