Biomüxtəlifliyin mühafizəsinə həsr olunmuş seminar keçirilib
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində “Ərazi mühafizəsi, park idarəetməsi və maliyyə planlaşdırılması” mövzusunda seminar təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminarda Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində ADPK-nın direktoru Amalya Sezgin,Təbiət elmləri FBK-nın müəllimləri İlhamə İbrahimova və Həmidə Abasova iştirak ediblər.
Seminarın əsas məqsədi mühafizə olunan ərazilərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, milli parkların idarə olunmasında səmərəliliyin artırılması, həmçinin maliyyə planlaşdırılması sahəsində bilik və təcrübə mübadiləsinin aparılmasıdır. Tədbir zamanı iştirakçılara müasir idarəetmə yanaşmaları, praktiki alətlər və davamlı inkişaf prinsipləri barədə geniş məlumat verilib.
Seminarda Azərbaycanın zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan əraziləri haqqında da məlumat təqdim edilib. Xüsusilə Hirkan Milli Parkının nadir relikt və endemik bitki növləri ilə zəngin olması, burada Hirkan meşələrinin qorunmasının ekoloji əhəmiyyəti vurğulanıb. Eyni zamanda Şirvan Milli Parkının ceyranların mühafizəsində mühüm rol oynadığı, yarımsəhra landşaftının və müxtəlif quş növlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Mayın 14-də sözügedən tədbirin iştirakçılari olan ADPK-nın Təbiət elmləri FBK müəllimləri tərəfindən maarifləndirici seminar təşkil olunub. Seminarda Hirkan Milli Parkı və Şirvan Milli Parkının biomuxtəlifliyinin qorunması,təbi sərvətlərdən davamlı istifadənin vacibliyi və maarifləndirmə tədbirlərinin aparılması bir daha vurğulanıb.
Qeyd edək ki, IDEA İctimai Birliyi tərəfindən Hirkan Milli Parkı ərazisində biomüxtəlifliyin, xüsusilə nəsli kəsilməkdə olan bəbirlərin qorunması və Hirkan meşələrinin təbliği məqsədilə “Azərbaycanın 12 möcüzəsi”adlı xüsusi layihəsi çərçivəsində “Hirkan” sənədli filmi çəkilib. IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan ərazisində monitorinqlər aparır.



