Bir çox ideyalar uşaqlıq oyunlarından yaranır – Dünyaşöhrətli alim Xəlil Kələntərlə müsahibə

28 Yanvar, 2026 - 11:00
Bir çox ideyalar uşaqlıq oyunlarından yaranır

Bu yaxınlarda Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin qonaq professoru, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Yaponiyada fəaliyyət göstərən, elektronika sahəsində bir çox  ixtiraların müəllifi, dünyaşöhrətli azərbaycanlı alim, professor Xəlil Kələntər “Tərəqqi” medalı ilə təltif olunub.

"Azərbaycan müəllimi" professorla hazırkı fəaliyyəti, gələcək planları ilə bağlı söhbətləşib. 

Məlumat üçün bildirək ki, 45 ildir Yaponiyada yaşayan X.Kələntər Toyohaşi Texnologiya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi və yeni nəsil ekranların yaradılması sahəsində 100-dən artıq patentin, yapon dilində çoxsaylı kitabların, 130-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikroreflektorlu və mikrodeflektorlu optik lövhələr yaradıb. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

"Bu maraq zamanla elm sahəsində karyera qurmaq qərarı verməyimə səbəb olub"

- Maraqlıdır, karyeranızı elm sahəsində qurmağınızın əsas səbəbi nə idi?

- Mən həmişə müxtəlif əşyalar üzərində işləməyi sevmişəm. Onları sökərək, bəzən sınmış əşyaları təmir edərək, bəzən isə sadəcə müşahidə etməklə necə işlədiklərini anlamağa çalışmışam. Bu maraq zamanla elm və mühəndislik sahəsinə yönəlməyimə və həmin istiqamətdə karyera qurmaq qərarı verməyimə səbəb olub.

- 1981-ci ildən Yaponiyada yaşayır və işləyirsiniz. Yaponiyada elmi karyera qurmaq sizin üçün hansı imkanları açdı?

- Həyatda və elmi fəaliyyətdə hər şey həmişə asan olmur. Bu yol çox vaxt çətinliklər, sınaq və səhvlər, məyusluqlar və özünü sorgulama anları ilə müşayiət olunur. Xüsusilə istehsalat və tədqiqat sahəsində bu proseslər qaçılmazdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, əldə edilən nəticələr, nailiyyətlər və qazanılan təcrübə insanı yoluna davam etməyə və daha da inkişaf etməyə həvəsləndirir.

"Bütün enerjimi konkret problemlərin həllinə yönəltmişəm"

- Sizcə, Yaponiyadakı elmi tədqiqatların unikallığı nədir? Yaponiya və Azərbaycanın  tədqiqat mühitini necə müqayisə edirsiniz?

- Yaponiyada tədqiqat mühitində ən çox diqqətçəkən cəhətlərdən biri dəqiqlik və səlislikdir. Eksperimentlərdə və məlumat emalında hər bir detalın düzgün olması vacibdir, nəticələrin təkrarlana bilməsi çox önəmlidir. Burada, demək olar, hər şeydə çox sistemli və planlı yanaşmalar tətbiq olunur.

Bundan əlavə, laboratoriya mədəniyyəti kollektiv yanaşmaya çox önəm verir. Məqsədlərə yalnız fərdi bacarıqla deyil, qrup şəklində, birlikdə çatmaq əsas prinsipdir. Bu, harmoniyaya və əməkdaşlığa böyük önəm verən mədəniyyətdir, laboratoriya mədəniyyətində komanda işi və əməkdaşlıq yüksək qiymətləndirilir.

Araşdırma mövzularının seçimi və karyera inkişafı baxımından isə davamlılıq və uzunmüddətli planlama ön plandadır. Yaşlılıq sistemi bəzi hallarda rol oynasa da, əsas vurğu sabit təməl üzərində uzunmüddətli araşdırmalardır. Yaponiya, eyni zamanda, texnoloji praktikada çox güclüdür - sənaye ilə sıx əməkdaşlıq edilir və əsas araşdırma nəticələrini praktik texnologiyalara çevirməkdə xüsusi üstünlük var, xüsusilə elektronika və optik sahələrdə.

Azərbaycan araşdırma mühitinə gəldikdə, burada ənənəvi olaraq nəzəriyyə və əsas elmlərə üstünlük verilir. Riyaziyyat və fizika kimi sahələrə fokuslanmaq, nəzəri düşüncə çox qiymətlidir, keçmiş Sovet İttifaqının ənənələrindən irs olaraq, nəzəriyyə üzərində düşünməyə meyil var. Fərdi tədqiqatçının yanaşması və dərin nəzəri araşdırması hörmətlə qarşılanır.

Lakin resurs və infrastruktur baxımından müəyyən çətinliklər var. Sovet İttifaqının dağılmasından sonra maliyyə təminatı və müasir laboratoriya avadanlığı məsələlərində problem yaşanıb, buna görə tədqiqatlar tez-tez məhdud imkanlarla aparılıb. Son illərdə beynəlxalq əlaqələr və fənlərarası yanaşmaların artması isə mühitə yeni dinamika gətirib, çevik, fənlərarası yanaşmalar tətbiq olunur.

Mənim təcrübəmə əsasən, fərq xüsusilə nəzəri bilikdən praktik tətbiqə keçid mərhələsində daha aydın görünür. Azərbaycanda daha çox nəzəriyyəyə yönəlmiş yanaşmanın əksinə olaraq, Yaponiyada gördüyüm təcrübələrdə keyfiyyətə nəzarət, patentləşdirmə və ticariləşdirmə prosesləri daha sistemli şəkildə həyata keçirilir. Nəzəri biliklərin real texnologiyalara və biznes imkanlarına çevrilməsi burada daha konkret və səmərəli şəkildə ortaya çıxır. Bu iki mühitdəki təcrübə mənim elmi düşüncəmə çoxşaxəlilik qatdı və nəzəri bilikləri praktik texnologiyaya çevirmək bacarığımı inkişaf etdirdi.

"Mövcud yanaşmaları yenidən nəzərdən keçirmək sağlam düşüncə tərzidir"

- Növbəti nəsil displey texnologiyasına marağınıza nə səbəb oldu?

- Zaman keçdikcə cəmiyyətin tələbləri, insanların düşüncə tərzi və rahatlıq anlayışı dəyişir. Bu dəyişikliklər yeni ehtiyacların və ideyaların yaranmasına səbəb olur. Belə hallarda mövcud yanaşmaları yenidən nəzərdən keçirmək və ideyaların necə formalaşıb inkişaf etdiyini anlamaq sağlam düşüncə tərzidir.
Mən də bu istiqamətdə müxtəlif imkanlar üzərində düşünmüş, bütün enerjimi konkret problemlərin həllinə yönəltmişəm və bu gün də həmin işləri davam etdirirəm.

- LCD displeylər üçün arxa işıqlandırma sistemi hazırlamaq ideyasına hansı ehtiyaclar səbəb oldu?

- Bu sahədə uzun müddət dəyişməyən köhnə yanaşmalar mövcud idi, halbuki sosial və texnoloji ehtiyaclar sürətlə artırdı. Yeni həllərin hazırlanması dəqiq hesablamalar və çoxsaylı prototiplər tələb edirdi. Mən bu prosesi təxminən səkkiz ay ərzində, ümid və məyusluq arasında davam etdirdim. Nəticədə 500 min noutbuk üçün kütləvi istehsal sifarişi ilə nəticələnən məqsədimizə nail oldum. Bundan sonra müxtəlif ideya və texnoloji yeniliklərin kommersiyalaşdırılmasını davam etdirdim.

- Dünyanın ilk mikroreflektorlarının və mikroreflektor optik lövhələrinin əsas üstünlükləri nələrdir?

- Bu texnologiya displeylərdə istifadə olunan komponentlərin sayını azaltmaqla yanaşı, parlaqlığı və vizual keyfiyyəti əhəmiyyətli dərəcədə artırdı. Hazırda bu texnologiya praktik istifadədədir və təkcə displey sahəsində deyil, digər optik tətbiqlərdə də geniş şəkildə istifadə olunur.

- Nəyi karyeranızın ən vacib tədqiqat nailiyyəti  hesab edirsiniz? Geriyə baxanda ən böyük elmi nailiyyətiniz hansıdır?

- Hazırladığım texnologiyalar hazırda displey sənayesində geniş şəkildə tətbiq olunur. Onlar işıq yönləndirici lövhələrdə, optik filmlərdə və ümumi işıqlandırma sistemlərində istifadə edilir. Məqalə və patentlərimə nəzər salmaqla bu texnologiyaların nə qədər geniş yayıldığını görmək mümkündür.
Xüsusilə bu işlər displeylər üçün arxa işıq optikasının əsasını formalaşdırıb, bu gün də istifadə olunan BLU (Back Light Unit), LGP (Light Guide Plate) və FLU (Front Light Unit) texnologiyalarının yaranmasına səbəb olub.

"İxtiraçı ideyasına forma verməli, onu bazara çıxarmalı və danışıqlar aparmalıdır"

- Təxminən 100 patentə sahib olmaq böyük nailiyyətdir. Patentləşdirmə prosesində ən çətin mərhələ hansıdır?

- Hazırda 100-dən artıq patentim var və hər birində yeni prinsiplərdən tutmuş tətbiqlərə qədər bütün detalların dəqiq izahı tələb olunur. Bu proses həm vaxt, həm də maliyyə baxımından olduqca məsuliyyətlidir. Patent yalnız yazı şəklində qalarsa, onun real dəyəri olmaz. Patent əsasında biznes qurulmalı və praktik tətbiq tapmalıdır.
Patentin etibarlılığı və davamlılığı da şirkətin bu xərcləri uzunmüddətli şəkildə qarşılamağa hazır olub-olmamasından asılıdır.

- Sizcə, uğurlu ixtira üçün ən vacib tələb nədir?

- Patent sadəcə öyünmək üçün vasitə deyil, bu bir biznes alətidir. İxtiraçı ideyasına forma verməli, onu bazara çıxarmalı və danışıqlar aparmalıdır. Ən əsası isə məhsul kütləvi istehsala uyğun olmalıdır.

- Texnologiya sahəsini inkişaf etdirmək üçün hansı milli səylər lazımdır?

- Hesab edirəm ki, Azərbaycan sənayenin və sənaye texnologiyalarının inkişafını sistemli şəkildə dəstəkləməlidir. Xalqımız zəhmətkeşdir və gənclərə istehsalın sevincini yaşamaq, ideyalarını real biznesə çevirmək imkanı verilməlidir. Azərbaycan kiçik ölkə olduğu üçün kütləvi istehsaldan daha çox hər sahədə unikal və fərqləndirici məhsullar yaratmağa fokuslanmalıdır.

- İşlərinizin müxtəlif dillərdə dərc olunması hansı yeni əməkdaşlıqlara yol açıb?

- Nəşrlərim dünyanın müxtəlif elmi jurnallarından məqalələrə rəy verməklə bağlı çoxsaylı müraciətlərə səbəb olub. Vaxtım imkan verdikcə bu müraciətlərə cavab verirəm. Jurnalların konkret hansı ölkələrə aid olduğunu hər zaman bilməsəm də, bunu elmi fəaliyyətimin tanınmasının göstəricisi hesab edirəm.

"Məqalələrimdə Azərbaycanda doğulduğumu qeyd edirəm"

- Xaricdə yaşayan azərbaycanlı alim kimi milli kimliyinizi necə ifadə edirsiniz?

- Məqalələrimin sonunda yerləşən tərcümeyi-hal hissəsində Azərbaycanda doğulduğumu açıq şəkildə qeyd edirəm.

- Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması üçün nə vacibdir?

- Əsasən güclü eksperimental nəticələrə əsaslanan tədqiqatlar aparılmalıdır. Bununla yanaşı, nəzəri və hesablama nəticələrini birləşdirən elmi məqalələr nüfuzlu beynəlxalq jurnallarda dərc olunmalı və tanınmış mükafatlara layiq görülməlidir.

- Maraqlıdır, bəs bu prosesdə öz rolunuzu necə qiymətləndirirsiniz?

- Töhfəmin ölçüsündən asılı olmayaraq, cəmiyyətə fayda vermək istərdim. Bunun müqabilində xüsusi gözləntim yoxdur.

- Dünya Azərbaycanlıları Koordinasiya Şurasındakı fəaliyyətinizin əsas məqsədi nədir?

- Koordinasiya Şurasının üzvü olmaq mənim üçün böyük qürurdur. Məqsədim həmvətənlərimi dəstəkləmək, ruhlandırmaq və fəaliyyətimin xaricdə təkcə fərdi adımla deyil, bir azərbaycanlı alim kimi tanınmasıdır. Özümü eyni zamanda Azərbaycanın xaricdəki nümayəndələrindən biri hesab edirəm.

- NDU ilə əməkdaşlığınız necə başladı və gələcək planlarınız nələrdir?

- İlk olaraq Naxçıvana səfər etdim, universitet əməkdaşları və tələbələrlə görüşlər keçirdik. Daha sonra media nümayəndələri ilə müzakirələr oldu və rektorun təşəbbüsü ilə şəhər və ətraf ərazilərlə tanış oldum. Bu dəvətin nəticəsi olaraq sentyabr ayında Naxçıvana dərs deməyə getdim.
Bu əməkdaşlıq çərçivəsində NDU üzvü kimi iki məqalə təqdim etmişəm və kömək edən professorların adları da həmin işlərdə qeyd olunub. Gələcəkdə tələbələrin səviyyəsinin yüksəldilməsinə və tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə töhfə vermək niyyətindəyəm.

"Nobel mükafatı laureatlarının çoxu məhz kiçik ideyalardan böyük uğurlar əldə ediblər"

- Yaponiyadakı təcrübənizi NDU-da hansı sahələrdə tətbiq edə bilərsiniz?

- Elektronika və optik mühəndislik sahələrində, həmçinin tədqiqat metodologiyası və beynəlxalq standartlar (IEC, CIE) istiqamətində töhfə vermək istərdim.

- Bəs dərs dediyiniz NDU tələbələrinin potensialını necə qiymətləndirirsiniz?

- Tədqiqat fəaliyyəti tələbələrdə məsuliyyət və diqqət hissini artırır. Hesab edirəm ki, tədqiqat maraqdan doğmalıdır, məcburiyyətdən deyil. O, hobbi və daxili motivasiya kimi formalaşmalıdır.

- Tələbələrə vermək istədiyiniz ən vacib mesaj nədir?

- Yapon atalar sözündə deyildiyi kimi, dözümlülük güc yaradır, güc isə davamlılıqla möhkəmlənir. Tələbələr istədiklərini edə bilərlər, lakin əsas olan davamlı olmaqdır. Davam edənlər sonda irəli çıxacaqlar.

- Elektronika və mühəndislik sahəsində çalışmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Tədqiqat mövzusu unikal olmalıdır. Bir çox ideyalar uşaqlıq oyunlarından yaranır. Uşaqlar oynayaraq öyrənirlər və bu prosesi düzgün istiqamətləndirmək müəllimlərin üzərinə düşür. Nobel mükafatı laureatlarının çoxu məhz kiçik ideyalardan böyük uğurlar əldə ediblər.

"İdeyalar uşaqlıq təcrübələrindən və anlamağa çalışdığımız anlardan yaranır"

- Süni intellektin cəmiyyətə təsirində hansı tarazlıq qorunmalıdır?

- Əvvəlcə insan öz beyni ilə düşünməlidir, daha sonra süni intellekt bu düşüncəyə dəstək verməlidir. Süni intellekt ideyalar deyil, informasiya üzərində işləyir. İdeyalar isə uşaqlıq təcrübələrindən və anlamağa çalışdığımız anlardan yaranır.

- İdmanla məşğul olursunuz? Ümumiyyətlə, vaxtınızı necə bölüşdürürsünüz?

- Sağlamlıq olmadan heç bir fəaliyyət davamlı ola bilməz. Həftədə iki dəfə axşamlar stolüstü tennis oynayıram. Yaponiyada məktəb idman zalları axşamlar ictimaiyyətə açıqdır. Bu təcrübənin Azərbaycanda da tətbiq olunması cəmiyyətin sağlamlığı üçün çox faydalı olardı.

- “Tərəqqi” medalını almaq hansı məsuliyyətləri yaratdı?

- Bu medalı ilk növbədə mərhum valideynlərimə həsr edirəm. Mənə bu yolda dəstək olan hər kəsə minnətdaram. Bu mükafatı daha çox motivasiya mənbəyi kimi görürəm və inanıram ki, gələcək nəsillər üçün yol göstərmək mənim borcumdur.

"Əsas motivasiyam cəmiyyətə töhfə verməkdir"

- Sizi daim irəli aparan əsas motivasiya nə olub?

- Mənim əsas motivasiyam cəmiyyətə töhfə verməkdir. Kiçik və ya böyük olmasından asılı olmayaraq, problemlərə həll tapmaq və bu həlləri məqalələr, patentlər və təqdimatlar vasitəsilə paylaşmaqdır.

- Yaxın illər üçün elmi və sosial planlarınız nələrdir?

- Təxminən on ildir ki, SID (Society for Information Display) təşkilatının alt komitə sədri kimi fəaliyyət göstərirəm. Hər il dünyanın müxtəlif ölkələrindən təqdim olunan təxminən 1000 məqalənin dəyərləndirilməsində iştirak edirəm. Bundan əlavə, müxtəlif jurnallar üçün rəyçilik fəaliyyəti göstərirəm. Bu işləri sosial töhfənin bir forması hesab edirəm. Həmçinin ildə bir dəfə “Milestone” adı altında tədqiqat nəticələrimi təqdim edirəm.

- Təşəkkür edirik Xəlil müəllim, sizə uğurlar.
- Mən təşəkkür edirəm.