Tələbələr istehsalat mühitində təcrübə keçəcəklər - Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktor müavini 

5 May, 2026 - 16:00
Tələbələr istehsalat mühitində təcrübə keçəcəklər

Təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi müasir dövrdə peşəkar kadr hazırlığının əsas prioritetlərindən biridir.

 Xüsusilə sürətlə dəyişən iqtisadi mühit və iş dünyasının artan tələbləri təhsil müəssisələrini daha çevik və praktik yönümlü yanaşmalar tətbiq etməyə vadar edir. Bu baxımdan ali və orta ixtisas, peşə təhsili müəssisələrinin istehsalat və biznes strukturları ilə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Belə tərəfdaşlıqlar tələbələrə yalnız nəzəri biliklərlə kifayətlənməyib, eyni zamanda real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyeralarına daha inamla addım atmaq imkanı yaradır.

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində də bu istiqamətdə məqsədyönlü addımlar atılır. Kollecdə tələbələrin yalnız akademik biliklərlə kifayətlənməməsi, eyni zamanda istehsalat mühitində praktiki təcrübə qazanması, peşəkar kompetensiyalarının inkişaf etdirilməsi və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olması əsas hədəflər sırasındadır. Məhz bu yanaşmanın nəticəsi olaraq Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə “Abşeron Logistika” MMC arasında  imzalanan əməkdaşlıq memorandumu həm təcrübə təcrübə imkanlarını deyil,eyni zamanda  təhsil proqramının müasirləşdirilməsini hədəfləyir. 

“Azərbaycan müəllimi”nə müsahibəsində kollecin Tədris işləri üzrə direktor müavini Pərviz Müseyibli yeni memorandumun mahiyyəti, tələbələr üçün yaratdığı imkanlar və gələcək perspektivlər barədə daha ətraflı söz açıb.

– Pərviz müəllim, yeni imzalanan əməkdaşlıq memorandumu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

– Bu memorandumun əsas məqsədi kollecdə təhsil alan tələbələrin praktik bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası və real iş mühitinə uyğunlaşmasının təmin edilməsidir. Sənəd çərçivəsində tələbələrin istehsalat və ixtisas təcrübələrinin təşkili, onların peşəkar kompetensiyalarının inkişaf etdirilməsi əsas prioritet kimi müəyyən olunub.

– Əməkdaşlıq tələbələr üçün konkret olaraq hansı imkanlar yaradacaq?

– Əməkdaşlıq nəticəsində tələbələr real istehsalat mühitində təcrübə keçmək imkanı əldə edəcəklər. Bu isə onların nəzəri biliklərini praktikada tətbiq etməsinə, iş mühitinə daha tez adaptasiya olunmasına və gələcək karyeralarında daha rəqabətqabiliyyətli olmalarına şərait yaradacaq. Eyni zamanda, təcrübə proqramları əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunacaq.

– Məzunların işlə təmin olunması məsələsi bu memorandumda necə əks olunub?

– Memorandumda qeyd olunur ki, məzunların işlə təmin olunması şirkətdə uyğun vakansiya olduğu halda və müəyyən edilmiş meyarlar əsasında nəzərdən keçiriləcək. Bu, tələbələrin gələcək məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır.

– Əməkdaşlıq yalnız təcrübə ilə məhdudlaşır, yoxsa əlavə fəaliyyətlər də nəzərdə tutulur?

– Əməkdaşlığımız daha geniş çərçivəni əhatə edir. Əməkdaşlıq çərçivəsində seminarlar, “ustad dərsləri” və müxtəlif maarifləndirici görüşlər də təşkil olunacaq. Bu tədbirlər tələbələrin həm peşəkar, həm də şəxsi inkişafına ciddi töhfə verəcək.

– Gələcək planlarınız nələrdir? Bu əməkdaşlıq yeni təşəbbüslərə yol aça bilərmi?

– Bu əməkdaşlıq çərçivəsində gələcəkdə kollecdə “Nəqliyyatın logistikası” ixtisasının açılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə müvafiq sənədlər hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim olunacaq. Məqsəd əmək bazarının tələblərinə uyğun yeni ixtisasların formalaşdırılması və tələbələrə daha geniş imkanların yaradılmasıdır.

Biz kollec olaraq bu sənədi təhsil və istehsalat arasında körpü kimi qiymətləndiririk. Əsas hədəfimiz tələbələrin yalnız nəzəri biliklərlə deyil, həm də real iş bacarıqları ilə məzun olmalarını təmin etməkdir. Bu isə onların gələcək uğurlu karyerasının əsasını təşkil edir.