“Bir Könüllü” gənclərimiz üçün əsl məktəb rolunu oynayır - Yusif Vəliyev
“Könüllülük gənclərimiz üçün yalnız sosial fəaliyyət deyil, eyni zamanda onların şəxsi inkişafı, məsuliyyətli vətəndaş kimi yetişməsi və bir vətəndaşlıq məktəbidir. Gənclərimiz burada özlərini inkişaf etdirməklə yanaşı, cəmiyyətimizə də real töhfələr verirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.
O bildirib ki, məhz “Bir Könüllü” təşkilatı bu 10 il ərzində bir çox gəncin formalaşmasında, onların vətəndaş kimi yetişməsində dərin iz qoyub: “Prezident İlham Əliyevin 2019-cu ildəki çağırışından sonra könüllülük sahəsində ciddi irəliləyişlər əldə olunub. Əgər 2019-cu ildən əvvəl ölkəmizdə cəmi bir neçə könüllü təşkilatı fəaliyyət göstərirdisə, bu gün artıq 32 dövlət qurumunda könüllü təşkilatları fəaliyyət göstərir.
“Bir Könüllü” təşkilatı da Gənclər Fondu tərəfindən keçirilən müxtəlif qrant müsabiqələrində aktiv şəkildə iştirak edir. “Bir Könüllü” gənclərimiz üçün əsl məktəb rolunu oynayır. Bu təşkilat minlərlə gəncin həyatında müsbət iz qoymuş, onların şəxsi inkişafına və vətəndaş kimi yetişməsinə mühüm töhfələr vermişdir”.


