"Bir Könüllü" qrant müsabiqəsində qalib olub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP Azərbaycan ilə əməkdaşlığı çərçivəsində keçirilən birgə qrant müsabiqələrinin qalibləri açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə çərçivəsində müxtəlif istiqamətlər üzrə qalib layihələr müəyyənləşdirilib. Siyahıya əsasən ilk beş yer aşağıdakı təşkilat və layihələrə verilib.
Belə ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “WUF13 Tələbə Forumu” layihəsi 26 500 manat qrant qazanıb. “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin “İnklüziv şəhər nəqliyyatı – velomobil” layihəsi 25 000 manat, “Rezonans” Gənclərin İctimai Birliyinin “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi isə 14 500 manat qrant əldə edib.
Həmçinin “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyinin “Biomüxtəliflik uşaqların gözü ilə” layihəsinə 25 000 manat qrant ayrılıb. “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin “Mental sağlamlıq: yaşıl mühitdə şəxsi inkişaf” layihəsi isə 17 000 manat məbləğində qrantla dəstəklənib.
Qeyd edək ki, WUF13 — BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumudur. Forum şəhərlərin davamlı inkişafı, urbanizasiya və inklüziv şəhər mühitinin yaradılması ilə bağlı qlobal müzakirə platforması hesab olunur.



