“Bir Könüllü” təşkilatının üzvləri TİF-də təcrübə proqramını bitiriblər
“Bir Könüllü” Tələbə Təşkilatında könüllü fəaliyyəti göstərən 4 gənc Təhsilin İnkişafı Fondunda (TİF) 3 ay müddətində təcrübə proqramında iştirak edib.
TİF-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, təcrübə dövrü ərzində gənclər "TələbəPlus" layihəsi çərçivəsində aparılan işlərə cəlb olunub, layihənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərib, eyni zamanda təşkilati proseslərdə aktiv dəstək nümayiş etdiriblər. Onlar bu müddət ərzində praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Təcrübə proqramının sonunda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli təcrübəçi gənclərlə görüş keçirib. Görüş zamanı görülən işlər barədə ətraflı məlumat verilib, təcrübəçilər hazırladıqları təqdimatla çıxış ediblər. Təqdimatda "TələbəPlus" layihəsi çərçivəsində əldə olunan nəticələr və təcrübə müddətində qazanılan bacarıqlar vurğulanıb.
Görüşün sonunda Nicat Məmmədli təcrübə proqramını uğurla başa vuran gəncləri sertifikatlarla təltif edib və onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bu təcrübə proqramı gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların real iş mühitində praktiki təcrübə qazanmasına mühüm töhfə verib.



