Bizi bağrına sıxan Özbəkistan

21 Oktyabr, 2024 - 12:29

Dost və qardaş ölkəyə səfərdən qeydlər

Bu günlərdə dost və qardaş ölkənin - Cizzax Dövlət Pedaqoji Universitetinin, çoxillik ali təhsil müəssisəsi olmaqla bərabər, həm də elmi-tədqiqat mərkəzi kimi təkcə ölkəsində deyil, regionda tanınan ali təhsil müəssisəsinin 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil edən nümayəndə heyətinin tərkibində  Özbəkistana səfər etdik. İlk əvvəl onu deyim ki, bu səfər şəxsən mənə, Avropanın və Yaxın Şərqin müxtəlif dövlətlərində, keçmiş SSRİ ölkələrinin demək olar ki, əksəriyyətində, həmçinin regionumuzdakı digər ölkələrdə istər elmi ezamiyyələr, istərsə də turist səfərləri çərçivəsində olan, buralarda yaxın-uzaq mədəniyyətlərin qatları ilə maraqlanan insana günümüzə qədər Orta Asiyada, xüsusilə Özbəkistanda olmamaq böyük qəbahət kimi göründü. Söhbət həmin Özbəkistandan gedir ki, onun indiki ərazilərində hələ eramızın IV əsrində artıq qədim Xarəzm çiçəklənmə dövrünü yaşayırdı. VII əsrin əvvəllərində Qərbi Türk Xaqanlığının tərkibində idi, X əsrin əvvəllərində bu ərazilərdə mədəniyyət, poeziya, özündə astronomiya, fizika, biologiya, tibb və fəlsəfəni ehtiva edən elm inkişaf edirdi. İbn Sina, Əl-Kuxi, Biruni kimi təbiət filosofları və riyaziyyatçıları fundamental elmi-tədqiqatlarını aparırdılar. Onu da qeyd etməyi zəruri sayırıq ki, artıq bu ərazilərdə X əsrin sonu - XI əsrin əvvəllərində türk xalqlarının tarixində ilk dəfə olaraq “Təfsir”- Quranın təfsiri türk dilinə nəinki tərcümə edilmiş, böyük arealda İslam dünyasının türkdilli əhalisinin ən çox axtardığı kitablardan biri, bəlkə də birincisi idi. Xilafətin zəifləməsi ilə Qaşqarda ilk türk-islam dövləti yaradan Qaraxanlılar dövründə Müvərannəhrdə yaşasa da, ensiklopedik xarakter daşıyan “Divanü Lüğat-it-Türk”-ü, türk dillərinin ortaq lüğətini yaradan Mahmud əl-Kaşğari türk dili, ləhcələri, tarixi, coğrafiyası, folkloru, mifologiyası, müəyyən qədər astronomiyası ilə bağlı materialları əhatə edən bir bilik xəzinəsi yaradırdı. 319 səhifədən ibarət əsərini yazmaq üçün on ildən artıq türklər yaşayan bölgələri gəzən Mahmud əl-Kaşğari öz ensiklopediyasında “Dünya xəritəsi” adlanan xəritəsində türklərin yaşadığı bütün əraziləri qeyd etmişdi ki, orada “Əradi Azərabadkan” yer adı da qeyd olunmuşdu. Günü bu günümüzə qədər “Divanü Lüğat-it-Türk” əsərində qeyd olunan türk qəbilələri, dağ, çay, göl, ölkə adları ən müfəssəl şəkildə səciyyələndirilmişdir.

Cızzax Pedaqoji Universitetinin yubiley tədbirində

Bütün bunları Daşkənd aeroportunda təyyarədən enəndən saatlar sonra qəlbimdən keçirdiyim duyğuların səsi kimi dinləyir və bir gün sonra 50 illik şərəfli yubiley tarixini təntənə ilə qeyd etməyə hazırlaşan Cizzax Dövlət Pedaqoji Universitetinə çatanacan özümü bağışlaya bilməyəcəyəm. 

Onu da deyim ki, Cizzax Pedaqoji Universiteti onilliklər boyu orta ixtisas məktəbi kimi fəaliyyət göstərib, yaxın əraziləri həmin vaxtlar pedaqoji kadr qıtlığı keçirən müxtəlif ixtisaslar üzrə müəllimlərlə təmin edib. Yeri gəlmişkən, ən məşhur məzunu ancaq Özbəkistanın deyil, region dövlətlərinin də həyatında rol oynayan gələcək Özbəkistanın rəhbəri Şərəf Rəşid oğlu Rəşidov olan universitet ümumilikdə özbək xalqının tarixində iz buraxan müxtəlif tanınmış insanların həyatında öz sözünü deyib. Onu da qeyd edim ki, 1935-ci ildə Cizzax Pedaqoji Texnikumunu bitirən Şərəf Rəşidov həm də özbək ədəbiyyatının tanınan simalarından biri kimi bu gün də qəbul edilir. Onun II Dünya müharibəsi illərində və ondan sonrakı vaxtlarda baş verən hadisələri birləşdirərək yazdığı “Qaliblər” və “Fırtınadan daha güclü” romanları xarakterlərin, fikir və dünyagörüşlərin toqquşması ilə dərinləşən ziddiyyətlərin maraqlı süjet xəttində bu gün də öz oxucularını mental keyfiyyətlərin cəmləşdiyi qalereya kimi özünə çəkir. Ölkəsində siyasi mühitə gəlməmişdən əvvəl bir müddət Özbəkistan Yazıçılar İttifaqına rəhbərlik etmiş Şərəf Rəşidov keçmiş SSRİ-də Stalinin şəxsiyyətəpərəstiş məsələsini qaldıran hakim kommunist partiyasının XX qurultayından sonra ilıqlaşan mühitdə repressiya qurbanlarının, məsələn, Abdulla Qədirinin reabilitasiyasına nail oldu. Təhsilin kəmiyyət və keyfiyyətcə inkişafı üçün maksimum yararlanan Özbəkistanda indi də onun xidmətlərini xatırlayırlar. Yeri gəlmişkən, ozamankı Cizzax Dövlət Pedaqoji İnstitutunun 1982-ci ildə tikilən indiki binasının bünövrəsinə ilk kərpicin qoyulmasında Şərəf Rəşidovun iştirakı da minnətdarlıqla yad edilən epizodlardan biridir. 

Günümüzdə Cizzax Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən 12 fakültədə 20722 nəfər tələbə 20 ixtisas üzrə təhsil alır. Yarıməsrlik fəaliyyət müddətinə gəldiyi əlliillik həyatında ancaq qardaş ölkənin təhsil müəssisələri üçün gərəkli pedaqoji kadrlar hazırlamaq, yüzlərlə elmi-tədqiqatların məhsuldar nəticələrini ortaya qoymaqla deyil, həm də ölkənin ictimai həyatındakı vətəndaş mövqeyinə görə seçilibdir. Ali təhsil müəssisəsinin 800-ə yaxın professor-müəllim heyəti tələbələri ancaq bu günün reallıqları ilə deyil, həm də o reallığın bəhrələndiyi tarixi keçmişin dərsləri ilə millətə və torpağa yararlı mütəxəssislər kimi yetişdirirlər. Uzun illərin yaratdığı ənənə o gerçəkliyi də təsdiq edir  ki, bu fədakar insanlar çalışdıqları müəssisənin adını daşıdığı Abdulla Qədiri kimi milli kimliyin təsdiqi üçün çalışıb və çalışır. Təsadüfi deyil ki, Cizzax Dövlət Pedaqoji Universiteti fəaliyyətinin ilk vaxtlarından özbək dili və ədəbiyyatının öyrədilməsini prioritet istiqamət seçib və ötən müddət ərzində bu istiqamətdə yüzlərlə maraqlı tədqiqatlarının nəticəsini təqdim edib. Bu məhsuldarlığın nəticəsidir ki, universitet bu müddətdə qlobal dünyanın ali təhsil sisteminin tamhüquqlu üzvü olmaq üçün tutduğu yolda irəliləyir.

Biz elm-təhsil işçiləri olaraq bu sahədə ənənələrin hansı məşəqqətlərdən keçərək formalaşdığını aydın təsəvvür edir və Azərbaycanda olduğu kimi, Özbəkistanda, həmçinin keçmiş SSRİ məkanında bunun müəyyən qurbanlar hesabına başa gəldiyini bilirik. Bugünkü ənənələrin özülünə ilk daş atan insanlar doğma xalqını maarifçilik işığına çəkmək cəhdlərinə görə əvvəlcə xurafat imtahanlarından keçdiyini, keçib də yoluna davam edən insanların XX əsrin ikinci onilliyində qırmızı terrorun, 30-cu illərində Stalin repressiyasının qurbanlarına çevrildiyini tarix kitablarından oxumaqla təsəvvür etmək o mənzərələri tam ehtiva edə bilmir. Elə insanlar isə qardaş Özbəkistanda kifayət qədər olub.

Bunlardan Səmərqənd yaxınlığındakı Xalvoi kəndində anadan olsa da özbək və sovet səyyahı, yazıçı, tərcüməçi, poliqlot, təhsil fədaisi Siddiqi Əczinin-özbək, tacik, fars, ərəb, türk və azərbaycan dillərini mükəmməl bilən, sonralar rus dilini də o dərəcədə mənimsəyən təhsil cəfakeşinin adını çəkməmək olmaz. Siddiqi Əczi Orta Asiya məktəbləri üçün xüsusi dərsliklər hazırlayıb, Səmərqənddən çox da uzaq olmayan kənddə yeni tədris üsulu ilə məktəb təsis edib, yeri gəlmişkən, günümüzə qədər fəaliyyət göstərən həmin təhsil ocağı hazırda Siddiqi Əzizin adını daşıyır. Bu sırada Kokand xanlığının Turakurqon kəndində anadan olan, Kokandda yüksək mədrəsə təhsili görən, sonradan təhsil sistemi ilə digər məktəblərdən xeyli fərqlənən məktəb açan, əhali arasında geniş maarifləndirmə işləri aparan İxoxon İbrəti yaddan çıxarmaq mümkün deyil. Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gedən, Həcc ziyarətini başa vurduqdan sonra Ciddəyə gələrək bir müddət burada yaşayan, sonralar Avropa və Asiya ölkələrinə səyahət edən, Sofiyada, oradan Afina və Romaya, İstanbul vasitəsilə qayıdarkən Bağdad, Tehran, İsfahan, Şiraz və Kəraçi kimi şəhərlərə gedən, Bombey və Kəlküttədə yaşayan, səyahətləri zamanı yunan, ingilis, türk, ərəb, fars, hindi və urdu kimi dilləri, daha sonra rus dilini mükəmməl öyrənən İbrət ensiklopedik biliyi ilə sözün həqiqi mənasında xalqına xidmət edib. Doqquz il davam edən uzun yoldan sonra doğma kəndinə qayıdan İxoxon İbrət “Luqati sitta-alsina” (Altı dildə-ərəb-fars-hind-sart (özbək)-türk-rus-lüğət) adlı əsərini tamamlayaraq nəşr etdirdi. Məhz bu lüğət vəsaiti bütün Özbəkistandakı dünyəvi məktəblərdə rus, ərəb, fars və başqa dilləri öyrənmək üçün istifadə olunurdu.

Azərbaycan və özbək dillərinin heyrətamiz yaxınlığı

Yeri gəlmişkən, dilçilikdə amerikalı dilçi və antropoloq, müqayisəli və tarixi araşdırmalar üzrə mütəxəssis Morris Svadeşin adı ilə bağlı “Svadeş cədvəli” bu bağlılığın ən dərin qatlarına gedib çıxmağa imkan verir. Avtomatik alqoritmin belə, mürəkkəb elmi iş üçün çox sadəliyini nəzərə alsaq, sözlərin mənşəyi, təhrifi, əlifba fərqləri, qrammatika və digər bir sıra faktorları Azərbaycan və özbək dillərinin heyrətamiz yaxınlığını göstərir. Bu yaxınlığı, ilk növbədə, dilçilər daha əhatəli görər, mən isə coğrafi cəhətdən elə də yaxın olmayan iki xalqın folklorunda və yazılı ədəbiyyatında mövcud üzvi yaxınlığı yaradan amillərdən bəzi nümunələr göstərmək istərdim. O nümunələr hələ orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Məhəmməd Babur, Nəsimi və Munis Xorəzmi, həmçinin digərlərinin yaradıcılığında qabarıqdır. Bu qabarıqlıq ancaq mövzu və ideya deyil, həm də janr eynilikləri ilə də diqqəti çəkir. Bu ədəbiyyat nümunələrində məsnəvi, rübai, qəsidə, qəzəl, qitə və başqa janrlarda yaranmış  ədəbiyyatda öz müasirləri ilə bərabər, gələcəyə ismarlanan humanizm çağırışları kifayət qədərdir. 

Milli mentalitet cizgiləri bu nümunələrin mahiyyətində yaranıb və formalaşıb. Hər iki xalqın daşıdığı dəyərlər ilk olaraq onların xalq yaradıcılıq nümunələrində, sonradan yazılı ədəbiyyatda, müxtəlif incəsənət əsərlərində boy verib. İctimai-siyasi formasiyalar dəyişsə də, dəyərlər və o dəyərlərin qidalandığı xalq yaddaşı deformasiyaya uğramadan qorunaraq saxlanılıb. Ən yaxın tariximizin faktları da bu prosesin dayanmaz olduğunu təsdiqləyir. 

Bu sətirlərin müəllifi və nümayəndə heyətimizin tərkibində yer alan filologiya elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri Könül Səmədova heyrətamiz mental bənzərliyini Özbəkistana səfərimiz müddətində izləmək müyəssər oldu. Yeri gəlmişkən, səfərimiz müddətində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və onun şəxsində Azərbaycanın Özbəkistandakı səfirliyi, həmçinin səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki dost və qardaş, strateji müttəfiq dövlət arasındakı münasibətlərin hansı məcrada olduğunu gördük.

“Qərbi Azərbaycana qayıdış” mövzusunda mühazirələr

Hər iki ölkənin təhsil sistemləri arasında yaranan kommunikasiya  mükəmməlliyi istər Azərbaycan, istərsə də Özbəkistan təhsilinin türkdilli dövlətlər kontekstində inteqrasiya üçün mövcud potensialı olduğumuz hər bir təhsil müəssisəsində şahidi olduq. Belə təhsil müəssisələrindən Azərbaycanın Özbəkistandakı səfirliyi, həmçinin səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə olduğumuz Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat institutlarında, həmçinin yaranmasının 50 illik yubiley tədbirlərində iştirak etdiyimiz Cizzax Dövlət Pedaqoji Universitetində müşahidə etdiklərimiz nikbin gələcəyimizlə yanaşı, uğurlu əməkdaşlıq perspektivlərindən xəbər verirdi. Yeri gəlmişkən, yaranan imkandan bəhrələnərək yaxın 35 illik tariximizdə xalq olaraq yaşadığımız mərhumiyyətlərlə bərabər, dörd il əvvəl ancaq xalqımıza deyil, onu sevən, sevincini sevinci, dərdini dərdi bilən xalqlar üçün də qürur mənbəyi olan tarixi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə bağlı xeyli məlumatlar verə bildik. Bu fürsəti adıçəkilən ali təhsil məktəblərinin tələbə və magistrləri üçün təşkil olunan mühazirələr zamanı tapdıq. Mühazirələrimizdən birinin mövzusu “Qərbi Azərbaycana qayıdış” şüarı altında “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirələr oldu. Həmin mühazirələrin bu mövzu ilə başlaması təsadüfi deyildi, ona görə ki, xalqımıza ağrı, onu istəyən xalq və dövlətlərə qayğı gətirən birqərinəlik Ermənistan-Azərbaycan münaqişəsində birinci zərbə dalğası Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza dəydi. Hər bir auditoriyamızda ilk olaraq bu gün Ermənistan dövləti adlandırılan ərazidə-Qərbi Azərbaycanda əsrlər boyu yaşamış, maddi və mənəvi abidələr yaratmış xalqımızın kulturoloji sərvətlərindən danışdıq. Onun Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs, mədəniyyət nümunələri, burada gedən ədəbi proseslərin, xalqımızın yaratdığı təhsil sistemi, regionda gedən ictimai-siyasi hadisələrdə oynadığı rol barədə ətraflı məlumat paylaşdıq.

Erməni millətçilərinin silahlı müdaxiləsi nəticəsində bu ərazilərdə yaşayan soydaşlarımızın doğma yerlərindən ölüm təhdidi altında çıxarılması, xalqımızın əsrlər boyunca yaratdığı maddi-mədəni irsinin qəddarlıqla darmadağın edilməsi ilə bu arealda türk etnosuna aid nə varsa məhv edilməsi barədə də söhbət getdi.

O barədə də danışdıq ki, amansızcasına aparılan “təmizləmə” işləri belə, erməni millətindən olan vandallara bu yerlərin aborigen sakinləri olmuş türk xalqları ailəsindən olan azərbaycanlıların saldığı izləri silə bilməmişdir. Fikrimizi təsdiq üçün hər bir xalqın pasportu olmaqla ömürboyu onun ən etibarlı yol yoldaşı olan, özünün məxsusi linqvistik xüsusiyyətləri ilə fərqlənən dilimizin o yerlərdəki toponimlərdə daşlaşmasını göstərdik. Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlıların Azərbaycan Respublikasının müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşasalar da, hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözlədikləri isə hər bir mühazirə zamanı dönə-dönə vurğulandı.

Təhsil sahəsində əməkdaşlıq genişlənir

Bunlarla bərabər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ali təhsil müəssiələrində olduğumuz zaman Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığın, həmçinin tələbə və müəllimlərin mübadiləsinin onlar üçün vacib amil olduğu bildirildi. Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsi, həmçinin Türk dünyasının ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinin vacib amil olduğu, milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizin eyniliyi təkrar-təkrar vurğulandı. Qardaş dar gündə olduğu kimi, şad günündə də qardaşının yanında olar deyib də Özbəkistanın vəsaiti ilə 27 il Ermənistan silahlı qüvvələrinin işğalında olan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Silahlı Qüvvələrimizin əsirlikdən xilas etdiyi Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin tikilməsini qeyd etdik. Məktəbin açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakının əsl qardaşlıq nümunəsi olduğu xüsusi vurğulandı.

Görüşlərimizdə Azərbaycanda türk xalqlarının inteqrasiyası ilə bağlı görülən işlərdən danışdıq, bu kontekstdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmış Türkoloji Mərkəzin fəaliyyəti, həmin Mərkəzdə özbək bölməsinin təsisatı barədə qərarımız haqqında məlumat verdik.

Səfər çərçivəsində müəyyən sənədlər imzalandı. ADPU və DİPU arasında Əməkdaşlıq haqqında Memorandum bu istiqamətdə atılan addımlardandır. Qeyd edək ki, sənəd elmi, pedaqoji, tələbə-müəllimlərin mübadiləsi, birgə elmi konfransların keçirilməsi, nəşrlərin təşkili və digər məsələləri əhatə edir.

Olduğumuz hər yerdə hörmətlə, mehribanlıqla qarşılandıq və bu zaman özbək xalqının istiqanlılığına heyran qaldığımızı hökmən vurğulamaq istərdik. Təvazökarlıqdan uzaq kimi səslənsə də bu sətirlərin müəllifinə istər Cizzax Dövlət Pedaqoji Universiteti, istər Xarəzm Məmun Akademiyası, istərsə də Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin Fəxri professoru adının verilməsi ilə əlaqədar universitetin Elmi Şuraların qərarlarını da Azərbaycana, onun elm və təhsilinə hörmətin nümunəsi kimi qəbul etdim.

Yenə yazının əvvəlindəki fikirlərə qayıdıram: Bizə doğma, doğma olduğu qədər də əziz olan xalqları daha yaxından tanımaq üçün imkan düşdüyü birinci məqamda onların yaşayıb-yaratdığı müqəddəs yerlərə getmək yox ki, lazımdır, əsas zərurətlərdən biridir.

Mahirə Nağı qızı Hüseynova,
filologiya elmləri doktoru, professor ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru