“Niyə “update”, “meeting” deyirik?” – Dilçi alimdən ana dili çağırışı

2 Mart, 2026 - 16:21
“Niyə “update”, “meeting” deyirik?”

İnformasiya axınının sürətləndiyi bir dövrdə sözün təsir radiusu əvvəlki dövrlərlə müqayisədə xeyli genişlənib. Televiziya kanalları, xəbər portalları və rəqəmsal informasiya məkanları məlumat ötürməklə bərabər, həm də normativ dil nümunəsi yaradır. Bu baxımdan media nümayəndələrinin nitqi artıq fərdi üslub məsələsindən çıxaraq ictimai məsuliyyətə çevrilib.

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı jurnalistlərə yönəlmiş çağırışı da məhz bu reallığın ifadəsidir. Çünki efirdə səslənən hər söz minlərlə insan üçün istinad nöqtəsinə çevrilir. Aparıcının seçdiyi ifadə, reportyorun qurduğu cümlə, xəbər başlığında işlədilən termin zamanla gündəlik danışıq modelinə transformasiya olunur, efirdə baş verən hər normativ pozuntu geniş miqyasda təkrarlanır, hər düzgün nümunə isə dil şüurunu möhkəmləndirir.

Bu kontekstdə sual açıqdır: media nümayəndələrinin nitq mədəniyyəti ədəbi dil standartlarına nə dərəcədə cavab verir?

Əgər dilimizdə “görüş” sözü varsa, niyə “meeting” deməliyik?

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırda Azərbaycan dili qloballaşma və sosial medianın güclü təsiri altında inkişaf edir: “Əsas məsələ yad sözlərin artması deyil, dilə münasibətdir. Xarici təsirlər yalnız o zaman təhlükəyə çevrilir ki, cəmiyyətin dil şüuru zəifləsin və ana dilinin nüfuzu azalsın.

Qloballaşma yeni anlayışlar yaradır və bu anlayışlarla birlikdə dilimizə daxil olan alınmalar müəyyən mənada qaçılmaz görünür. “İnternet”, “platforma” kimi sözlər zamanın tələbindən doğub və həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin Azərbaycan dilində qarşılığı olduğu halda yad sözlərə kor-koranə üstünlük verilməsi artıq təbii inkişaf deyil, dilə qarşı məsuliyyətsiz münasibətin göstəricisidir. Əgər dilimizdə “görüş” sözü varsa, niyə “meeting” deməliyik? Niyə “update” işlətməliyik, halbuki “yeniləmə” daha aydın və doğmadır? Bu, sadəcə seçim məsələsi deyil, bu, dilə münasibət məsələsidir. Əsassız alınmaların artması ədəbi dilin saflığını zəiflədir, normativ sabitliyi sarsıdır və milli dil şüurunda yadlaşma yaradır. Dilimizin zəngin imkanları varkən ona arxa çevirmək yenilik deyil, təhlükəli meyildir.

Sosial media dili sürətli və emosionaldır, normativ çərçivədən kənara çıxır. Bu, bütün dillərdə müşahidə olunur. Təhlükə ondadır ki, bu üslub ədəbi dilin yerini tutmağa başlaya bilər. Fikrimcə, Azərbaycan dili üçün ən ciddi risk qloballaşma deyil, biganəlikdir. Dilin taleyi xarici təsirlərdən çox, ona göstərilən daxili münasibətdən asılıdır. Dil gündəlik davranışımızda yaşamalıdır. Xarici dil bilmək üstünlükdür, amma ana dilində zəngin və düzgün danışmaq mədəniyyət göstəricisidir. 
Azərbaycan dili qorunmalı deyil, yaşadılmalıdır. Onu yaşadan isə dilə sevgi, məsuliyyət və milli şüurdur”.

“Dil məsələsi təkcə filoloqların yox, milli varlığın məsələsidir”

T.İsmayıl dilin saflığının qorunması məsələsinə də toxunaraq qeyd edib ki, bu anlayış bəzən yanlış başa düşülür, çünki dilin saflığı alınmaları tamamilə rədd etmək demək deyil: “Heç bir dil qapalı sistem deyil. Azərbaycan dili də tarix boyu müxtəlif dillərlə təmasda olub və bu təmaslar onu zənginləşdirib. “Saflıq” dilin qapadılması yox, onun daxili qanunlarına uyğun inkişafıdır. Əsas məsələ normanın, struktur bütövlüyünün və milli üslubun qorunmasıdır. Dilin qorunması isə qadağa ilə mümkün deyil. İnzibati yasaqlar müvəqqəti təsir göstərə bilər, amma dil zorla idarə olunan mexanizm deyil. Dil canlı sosial orqanizmdir. Onu yaşadan daxili ehtiyac və şüurdur.

Maarifləndirmə isə daha dayanıqlı yoldur. İnsan ana dilində danışmağı mədəni üstünlük kimi qəbul etdikdə normaya əməl etmək də təbii davranışa çevrilir. Buna görə də əsas yol təhsil, media və ictimai nümunədir.

Prezidentin ziyalılara biganə qalmamaq çağırışı təsadüfi deyil. Dil məsələsi təkcə filoloqların yox, milli varlığın məsələsidir. Dilçi alimlər passiv müşahidəçi ola bilməzlər. Onların missiyası yalnız tənqid deyil, aktiv dil quruculuğudur – yeni terminlərin yaradılması, elmi əsaslı dil siyasətinin formalaşdırılması, ictimai maarifləndirmədir. Əks halda boşluğu yad terminlər dolduracaq.
Ədəbiyyat adamları isə dilin estetik gücünü yaşadır. Dil cazibəsini itirərsə, gənc nəsil ondan uzaqlaşar.

Nəticə aydındır: dilin saflığı qadağa ilə deyil, şüurla qorunur. Dil yalnız müdafiə olunmalı deyil, inkişaf etdirilməlidir. Bu isə ziyalının həm məsuliyyəti, həm də missiyasıdır”.

“Peşəkar redaktor və korrektor institutu formal yox, real işləməlidir”

Dilçi mütəxəssisin sözlərinə görə, ənənəvi televiziya və rəsmi informasiya resurslarında normativ dilə daha çox diqqət yetirilsə də, rəqəmsal mediada, xüsusilə sosial şəbəkə əsaslı xəbər platformalarında ciddi problemlər mövcuddur: “Prezident İlham Əliyevin jurnalistləri xarici kəlmələrdən mümkün qədər uzaq durmağa çağırması təsadüfi deyil. Bu çağırış dilə sadəcə ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin və dövlətçiliyin əsas dayaqlarından biri kimi yanaşmanın ifadəsidir. Media isə bu dayağın ən görünən və ən təsirli platformasıdır. Bu gün media yalnız xəbəri ötürmür, həm də cəmiyyətin dil zövqünü formalaşdırır. Ekranda, saytda, sosial şəbəkədə gördüyümüz ifadələr gündəlik danışıq modelinə çevrilir. Ona görə də ədəbi dil normasının qorunması peşə etikası ilə yanaşı, mədəni məsuliyyət məsələsidir. Mövcud vəziyyətə gəldikdə isə mənzərə birmənalı deyil. İnformasiya sürəti, redaksiya nəzarətinin zəifləməsi və kommersiya təzyiqi dil keyfiyyətini arxa plana keçirir.

Ən çox rast gəlinən pozuntulardan biri lazımsız xarici sözlərin artmasıdır. Ana dilində qarşılığı olduğu halda “trend”, “online” kimi sözlərin üstün tutulması dilin daxili imkanlarını zəiflədir və alınmanı norma kimi təqdim edir. Sintaktik kalkalar da dilə ciddi təsir göstərir, xüsusilə rus və ingilis dillərindən gələn ağır konstruksiyalar Azərbaycan dilinin təbii axıcılığını pozur. Həmçinin sürət naminə keyfiyyətin qurban verilməsi, yəni orfoqrafik və durğu səhvləri media mətninin etibarlılığına xələl gətirir.

Media mətnlərində üslub qarışıqlığı da rast gəlinən pozuntulardan biridir. Bəzən publisistik üslubun yerinə jarqon, sosial şəbəkə dili və həddindən artıq emosional ifadələr keçir. Eyni anlayışın müxtəlif formalarda təqdim olunması, yəni terminoloji qeyri-sabitlik də dil sistemində qarışıqlıq yaradır.

Bəs nə etmək lazımdır? Əvvəla, redaksiya nəzarəti gücləndirilməlidir. Ədəbi dilin qorunması redaksiyanın daxili siyasətinə çevrilməlidir. Peşəkar redaktor və korrektor institutu formal yox, real işləməlidir. Mətn yalnız məzmun baxımından deyil, dil baxımından da yoxlanmalıdır. Operativlik naminə yoxlanmamış mətnlərin yayılması normaya çevrilməməlidir. Dil qaydaları sistemli şəkildə müəyyənləşdirilməli və tətbiq olunmalıdır.

İkincisi, media qurumları daxili dil standartları müəyyənləşdirməli, termin və üslub qaydalarını sistemləşdirməlidir. Üçüncüsü, jurnalistlər üçün davamlı dil seminarları və ixtisasartırma proqramları təşkil olunmalıdır. Jurnalist yalnız informasiya daşıyıcısı deyil, dil mədəniyyətinin təmsilçisidir. Təlimlər birdəfəlik yox, davamlı olmalıdır. Çünki dil dəyişir, media transformasiya olunur, yeni terminlər yaranır.

Nəhayət, ana dilində mövcud olan söz və ifadələrin işlədilməsi şüurlu seçimə çevrilməlidir. Dilə hörmət həm də peşəkarlığın göstəricisidir.

Bu gün Azərbaycan mediasında ədəbi dil normasının qorunması qeyri-bərabər səviyyədədir. Lakin məsuliyyətli yanaşma, sistemli redaksiya siyasəti və dilə milli dəyər kimi münasibət bu boşluğu aradan qaldıra bilər. Çünki dil milli yaddaşın və dövlətçilik düşüncəsinin ifadəsidir. İctimai nəzarət də az əhəmiyyətli deyil. Cəmiyyət dilə həssas yanaşdıqca media da məsuliyyətini artırır. Sosial şəbəkələr bir tərəfdən dil pozuntularını çoxaldırsa, digər tərəfdən ictimai tənqid və tələb platforması yaradır. İctimai tələb normanı gücləndirən amildir.

Bütün bu mexanizmlər birlikdə işlədikdə nəticə verir: monitorinq vəziyyəti müəyyənləşdirir, təlimlər peşəkarlığı artırır, redaksiya standartları daxili nizam yaradır, ictimai nəzarət isə sosial məsuliyyəti gücləndirir”.

Müsahibimizin fikrincə, bir qrup söz var ki, ana dilində qarşılığı olduğu halda dəb xatirinə işlədilir: “Dil sadəcə ünsiyyət vasitəsi deyil. O, xalqın yaddaşı, düşüncə modeli və milli varlığının əsas daşıyıcısıdır. Məsələyə radikal yanaşmaq doğru olmaz. Tarix boyu heç bir dil qapalı sistem olmayıb. Azərbaycan dili də müxtəlif dövrlərdə başqa dillərlə təmasda olub və bu proses təbii inkişafın bir hissəsidir. Alınma sözlərin mövcudluğu özlüyündə təhlükə deyil. Təhlükə onların ölçüsüz və düşünülməmiş şəkildə normaya çevrilməsidir.

Burada problem alınma sözün özündə deyil, onun ehtiyac yox, imitasiya ilə işlədilməsindədir. Alınmaların bir qismi real terminoloji ehtiyacdan doğur. Məsələn, “internet”, “proqram”, “platforma”, “innovasiya” kimi sözlər qlobal elmi-texnoloji inkişafın məhsuludur və onların işlədilməsi təbiidir. Amma bir qrup söz var ki, ana dilində qarşılığı olduğu halda dəb xatirinə işlədilir: məkan əvəzinə “location”, məzmun əvəzinə “content”, rəy əvəzinə “feedback”, canlı yayım əvəzinə “live”, son tarix əvəzinə “deadline” və s. Bu, artıq ehtiyac deyil, dilə münasibətdə psixoloji kompleks və imitasiya meyilidir. Ən böyük risk də məhz buradadır.

Qadağa isə çıxış yolu deyil. Dil inzibati yolla deyil, şüurla qorunur. Bunun üçün yeni anlayışlara ana dilində qarşılıqlar yaradılmalıdır, məktəbdə dilə sevgi və məsuliyyət aşılanmalıdır, media ölçülü və məsuliyyətli dil modeli təqdim etməlidir, ziyalılar yalnız tənqid etməməli, alternativlər təklif etməlidirlər, cəmiyyətdə ana dilində danışmaq nüfuz göstəricisinə çevrilməlidir.
Nəticə etibarilə, alınmaların hamısını təhlükə kimi görmək doğru deyil. Terminoloji ehtiyacdan doğan sözlər təbiidir. Lakin dəb və imitasiya xarakterli sözlər dilin daxili potensialını zəiflədir.

Dil milli varlığın əsas sütunudur. Onu qorumaq keçmişə qapanmaq deyil, qloballaşan dünyada milli kimliyi itirmədən irəliləmək deməkdir”, – deyə o bildirib.