Bizim missiyamız cəsarətli və məsuliyyətli liderləri yetişdirməkdir – Cəfər Cəfərov
“XXI əsrin hazırkı mərhələsi qlobal miqyasda IV sənaye inqilabı kimi səciyyələndirilir və rəqəmsallaşdırma, süni intellekt, verilənlər, avtomatlaşdırılmış sistemlər və çevik idarəetmə modelləri təhsilin mahiyyətini köklü şəkildə dəyişir və aidiyyəti qurumlar bu barədə ətraflı danışır. Bu dəyişikliklər fonunda təhsil sisteminin mərkəzində dayanan əsas fiqur isə müəllim və onu formalaşdıran idarəetmə mexanizmləridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən III Təhsil Menecerləri Forumunda səsləndirib.
O bildirib ki, bizim missiyamız cəsarətli və məsuliyyətli liderləri yetişdirməkdir: “Bu gün müəllim artıq yalnız bilik ötürən deyil, öyrətmə mühiti quran, fərdi yanaşmanı təmin edən, tənqidi və yaradıcı düşüncəni stimullaşdıran peşəkar liderdir. Məhz bu səbəbdən də magistr proqramlarımızda təhsil menecmenti ixtisasına yer veririk ki, sabahın təhsil təşkilatçıları bu bacarıqları mənimsəməlidirlər. Bildiyiniz kimi, zamanında bu iş – pedaqoji fəaliyyət, alimlik, məktəb anlayışı sovet cəmiyyətinə xas idi. Digər ölkələrdə isə pedaqoji və ya təhsil fakültələri universitetlərin tərkibində fəaliyyət göstərirdi. Bununla yanaşı, kifayət qədər geniş, çoxşaxəli struktura malik universitetlər də mövcud idi və onların hamısı müəllim hazırlığına yönəlmişdi. Yəni, “pedaqoji” deyəndə biz müəllim hazırlığını nəzərdə tuturduq. Yaxşı müəllim sonradan məktəb direktoru olurdu, yaxud yaxşı müəllim müxtəlif təhsil müəssisələrinə rəhbərlik edirdi.
Yəni bu sahə — menecment, idarəetmə sahəsi həmin dövrün düşüncə sistemində ayrıca yer tutmurdu. Halbuki idarəçilər yetişdirmək lazım idi. Məhz bu idarəçiləri biz bu gün təhsil idarəçiləri kimi tanıyırıq. Ancaq bu ehtiyac yalnız təhsildə deyil, cəmiyyətin bütün sahələrində mövcud idi”.


