BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb

13 Fevral, 2026 - 15:41
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin qış tətili müddətində təşkil olunan 9-cu BoostCamp layihəsinin bağlanış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə çıxış edən İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov layihənin informasiya texnologiyaları və mühəndislik sahəsində karyera qurmaq istəyən gənclər üçün praktik bilik platforması olduğunu vurğulayıb və belə təşəbbüslərin davamlı olacağına inandığını bildirib.      

Layihənin icra mexanizmi barədə məlumat verən BMU tələbəsi və layihə rəhbəri Cəfər Hüseyn “BoostCamp 9”un 10 gün müddətində intensiv formatda təşkil olunduğunu nəzərə çatdırıb. Proqram çərçivəsində müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, seminar və vorkşoplar təşkil edilib, startapların hazırlanması və ideyaların kommersiyalaşdırılması ilə bağlı məsləhətlər verilib. İştirakçılar universitetin laboratoriyalarında praktiki fəaliyyət göstərərək real layihələr üzərində çalışıblar.

Layihədə, ümumilikdə 86 tələbə iştirak edib, 28 təcrübəli mentor tərəfindən təlimlər keçirilib. Proqram tələbələrin texniki biliklərinin inkişafı ilə yanaşı, komanda işi, problem həll etmə və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlib. 

Tədbirdə Frontend, UX/UI dizayn, Kibertəhlükəsizlik, Data analitikası, Backend (Java, C#), Data strukturları və alqoritmləri, Game Development və dizayn, Android Development istiqamətləri üzrə hazırlanmış layihələr slayd təqdimatları ilə nümayiş olunub. Layihələrin icrası zamanı müasir proqramlaşdırma dilləri, texnoloji platformalar, məlumatların emalı və kibertəhlükəsizlik alətlərindən istifadə edilib.

Eyni zamanda Robototexnika-Beginner qrupunun hazırladığı “Ağıllı ev”, “Zibillərin rənglərə görə avtomatlaşdırılmış ayrılması” və “Lift” layihələri, həmçinin AI + Robototexnika qrupunun təqdim etdiyi “Ağıllı hədəf sistemi” əyani şəkildə təqdim olunub. Mentorlar hər bir layihədə tətbiq edilən texnoloji həllər, istifadə olunan alqoritmlər və funksional imkanlar barədə məlumat veriblər. 

Beləliklə, “BoostCamp 9” layihəsi bir daha göstərdi ki, praktik biliklərə əsaslanan innovativ təlim proqramları gənclərin peşəkar inkişafında mühüm rol oynayır və onların gələcək karyera uğurlarının formalaşmasına real töhfə verir.

Qeyd edək ki, layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqamətinə (Keyfiyyətli təhsil) uyğun olaraq təşkil edilib.

BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb
BMU-da “BoostCamp 9” layihəsi uğurla başa çatıb