BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçirilir
Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
‘’Azərbaycan müəllimi’’ xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ənənəvi konfransı gənc tədqiqatçıların elmi nailiyyətlərinin təqdim edilməsi, yeni elmi ideyaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma adlandırıb. Ulu Öndərin elm və təhsilin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan prorektor bu siyasətin ölkənin gələcək inkişafı üçün mühüm yol xəritəsi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan gəncləri bu gün beynəlxalq elm məkanında öz layiqli mövqelərini möhkəmləndirirlər.
Bu il 10 illiyini qeyd etməyə hazırlaşan BMU-nun elmi və akademik inkişafında gənc tədqiqatçıların mühüm rol oynadığını deyən Ağası Məlikov konfransın beynəlxalq əhatə dairəsinin ildən-ilə genişləndiyini söyləyib. Nəzərə çatdırılıb ki, builki konfransa Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Pakistan, Gürcüstan, Qazaxıstan, Macarıstan və digər ölkələrdən 520-dən çox məqalə təqdim olunub, onlardan təxminən 450-si ciddi elmi ekspertiza mərhələsindən keçərək qəbul edilib. Prorektor tədbirin geniş coğrafiyanı əhatə etməsini yalnız elmi fikir mübadiləsi deyil, həm də müxtəlif ölkələrdən olan gənclər arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin güclənməsinə xidmət göstərdiyini deyib.
Sonra Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini, gömrük xidməti polkovniki, professor Cəmilə Namazova çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin təhsilə və elmə verdiyi xüsusi önəmdən, dahi şəxsiyyətin tarixi xidmətlərindən ətraflı danışıb. Müasir dövrdə elmin təkcə bilik deyil, həm də ölkənin iqtisadi və texnoloji inkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayan professor əlavə edib ki, gənc tədqiqatçıların innovativ potensialının inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır. Onun sözlərinə görə, müasir dünyada yalnız təbii sərvətlər inkişaf üçün kifayət etmir, bilik istehsal edən, elmi nəticələri və texnoloji yenilikləri iqtisadi inkişaf mexanizminə çevirən cəmiyyətlərin qurulması vacib şərtə çevrilib. Bu istiqamətdə keyfiyyətli təhsil, innovativ yanaşmalar, rəqəmsal və süni intellekt texnologiyalarının tətbiqi, həmçinin müasir laboratoriyaların yaradılması tədqiqatçılar üçün geniş imkanlar açır.
Qazaxıstan Respublikasının Turan Universitetinin professoru, iqtisad elmləri doktoru Serik Sansızbayev isə çıxışında ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini vurğulayıb. O, Azərbaycanın elm sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirərək, konfransın gənc tədqiqatçılar üçün faydalı olacağına inamını ifadə edib.
Daha sonra konfransın plenar iclası başlayıb. İclasda BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayevanın “XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı multikultural memarlıq nümunəsi kimi”, Dövlət Gömrük Komitəsi Akademiyasının İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının dosenti Asif Qanbayevin “Süni intellekt texnologiyalarının gömrük fəaliyyətində tətbiqi” adlı məruzələri dinlənilib.
Müzakirələrin ardından məruzəçilərə sertifikatlar təqdim olunub.
Ümumilikdə 25-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.



