ADPU ilk dəfə beynəlxalq RUR reytinqinə daxil olub

10 İyun, 2026 - 18:05
ADPU ilk dəfə beynəlxalq RUR reytinqinə daxil olub

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026-cı il üzrə "Round University Ranking" (RUR) beynəlxalq universitet reytinqində ilk dəfə təmsil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, RUR-un rəsmi nəticələrinə əsasən ADPU dünya üzrə 1202-ci, Azərbaycan ali təhsil müəssisələri arasında isə 18 universitet içərisində 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Round University Ranking" (RUR) dünyanın aparıcı universitetlərinin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. 2010-cu ildən fəaliyyət göstərən reytinq dünyanın 80-dən çox ölkəsindən minlərlə ali təhsil müəssisəsini müqayisəli şəkildə dəyərləndirir.

RUR universitetləri dörd əsas istiqamət – tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı üzrə qiymətləndirir. Reytinqin formalaşdırılması zamanı 20-dən çox göstəricidən istifadə olunur və qiymətləndirmə əsasən "Web of Science" beynəlxalq elmi məlumat bazası, eləcə də universitetlərin təqdim etdiyi rəsmi statistik məlumatlar əsasında aparılır.