BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca faciəni əks etdirən videoçarx nümayiş olunub.
BMU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, rektor Yaqub Piriyev tədbirdə çıxış edərək Xocalı faciəsinin Ermənistanın ölkəmizə ərazi iddiaları, xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti fonunda baş verən, amansızlığı ilə seçilən ağır bəşəri cinayət olduğunu bildirib. Hadisələr zamanı qətlə yetirilən, girov götürülən, itkin düşənlərin statistikasını xatırladan rektor Xocalının düşmənə asan təslim olmadığını, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşlərdə özünümüdafiə qüvvələrinin müqaviməti ilə ortaya əsl fədakarlıq nümunəsinin qoyulduğunu, mülki əhalinin isə köməksiz qaldığı üçün erməni vəhşiliyinin qurbanına çevrildiyini vurğulayıb. Rektor Xocalı soyqırımına Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verilməsinin mümkün olduğunu önə çəkərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərilən sistemli fəaliyyətə toxunub. Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və cinayətkarların ifşasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini qeyd edib. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Xocalı faciəsi haqqında faktların dünyanın müxtəlif ölkələrində yayıldığını, çoxsaylı qətnamə və bəyanatların qəbul olunduğunu diqqətə çatdırıb. Yaqub Piriyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, separatçılardan təmizlənən Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və böyük Zəfərimizlə Xocalı şəhidlərinin qisası alındı. Hazırda Xocalının teleyinin dəyişməsinə diqqət çəkən rektor şəhərin Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulmasından, məskunlaşma prosesinin uğurla davam etməsindən danışıb. Vurğulayıb ki, bütün bunlar artıq Xocalının həyatın, ümidin və gələcəyin şəhərinə çevrildiyini göstərir. Sonda Yaqub Piriyev xalqımızın öz tarixinin Xocalı səhifəsini heç zaman unutmayacağını qeyd edib və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin qızı, BMU-nun “Dizayn” ixtisası üzrə I kurs tələbəsi Jalə Veyisli çıxış ediblər. Çıxışlarda Xocalı qətliamının xalqımızın yaddaşında sağalmaz yaralar açdığı, hafizələrdən heç zaman silinmədiyi və Vətən müharibəsində qazanılan böyük Zəfərlə faciə qurbanlarının, şəhidlərimizin qanının yerdə qalmadığı, onların ruhunun şad olduğu vurğulanıb. Həmçinin gənclərin tarixi həqiqətləri dərindən öyrənməsinin və beynəlxalq platformalarda düzgün şəkildə çatdırmasının vacibliyi önə çəkilib.



