BMU əməkdaşı beynəlxalq elmi komitədə təmsil olunacaq

3 İyul, 2026 - 15:12
BMU əməkdaşı beynəlxalq elmi komitədə təmsil olunacaq

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, riyaziyyat elmləri doktoru Rakib Əfəndiyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (Turkic World Mathematical Society- TWMS) Elmi Komitəsinin (Bilim Kurulu) üzvü seçilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, riyaziyyat sahəsində fəaliyyət göstərən nüfuzlu elmi təşkilatlardan biri olan cəmiyyətin əsas məqsədi türk əsilli alimlərin dünya miqyasında inteqrasiyasını təmin etmək, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmləndirilməsinə dəstək göstərməkdir. Həmçinin yeni elmi nəticələrin türk dövlətlərinin iqtisadi və elmi inkişafında tətbiqini təşviq etmək, türk dünyası alimlərinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına töhfə verməkdir. Elmi Komitə isə təşkilatın elmi fəaliyyətinin formalaşdırılmasında, beynəlxalq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və elmi təşəbbüslərin dəstəklənməsində mühüm rol oynayır.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub və öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin VIII Beynəlxalq Konqresinin 7-9 sentyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Rakib Əfəndiyevin elmi fəaliyyəti son dövrdə mühüm uğurlarla yadda qalıb. Onun baş redaktoru olduğu “Journal of Contemporary and Applied Mathematics” beynəlxalq elmi jurnalı isə Scopus və SCImago indekslərinin kvartil sıralamasında Q4 səviyyəsindən Q2 səviyyəsinə yüksəlib. Bu nailiyyət jurnalın beynəlxalq elmi nüfuzunun, sitat göstəricilərinin və akademik təsirinin əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir, eyni zamanda BMU-da elmi tədqiqatların və beynəlxalq nəşr fəaliyyətinin inkişafına verilən önəmin bariz göstəricisidir.

 

BMU əməkdaşı beynəlxalq elmi komitədə təmsil olunacaq