BMU Koreya universiteti ilə akademik tərəfdaşlığı genişləndirir
Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myonq Voonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev universitetlər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı" çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramı ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində ən uğurlu nümunələrdən biridir. O vurğulayıb ki, 2020-ci ildən icra olunan proqramın dövlət başçısının müvafiq sərəncamı ilə 2030-cu ilədək uzadılması bu əməkdaşlığa verilən yüksək qiymətin göstəricisidir.
Yaqub Piriyev bildirib ki, proqram üzrə üçüncü məzun buraxılışı əməkdaşlığın davamlı və uğurlu inkişafını təsdiqləyir. Onun sözlərinə görə, BMU ilə İNHA Universiteti arasında tərəfdaşlıq yalnız ikili diplom proqramı ilə məhdudlaşmır, elmi tədqiqat, akademik mobillik, innovasiya və rəqəmsal texnologiyalar istiqamətlərində də uğurla inkişaf edir.
Rektor, həmçinin bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək BMU-nun beynəlxalq reytinqlərdə, xüsusilə QS qiymətləndirməsində əldə etdiyi irəliləyişləri universitetdə həyata keçirilən islahatların, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən sistemli işlərin nəticəsi kimi qiymətləndirib. Bildirilib ki, BMU-İNHA ikili diplom proqramının məzunları yüksək məşğulluq göstəricilərinə malikdir və nüfuzlu yerli, eləcə də beynəlxalq şirkətlərdə uğurla fəaliyyət göstərirlər.
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq proqramın əldə etdiyi uğurlu nəticələri tərəfdaşlığın dinamik inkişafının göstəricisi adlandırıb. Vurğulayıb ki, layihə Azərbaycan ilə Koreya Respublikası arasında akademik və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Yonqrak Sunq proqram çərçivəsində tədris olunan ixtisasların beynəlxalq əmək bazarında yüksək tələbat gördüyünü diqqətə çatdırıb, yay məktəblərində dərs deyən koreyalı professor-müəllim heyətinin fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlığın yeni akademik və elmi istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib.
İNHA Universitetinin rektoru Ço Myonq Voo isə BMU ilə əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını deyərək ikili diplom proqramının beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, proqramda təhsil alan tələbələr yüksək akademik hazırlıq səviyyəsi ilə seçilir və İNHA Universitetinin ən yaxşı tələbələri sırasında yer alırlar.
Görüşdə BMU-İNHA ikili diplom proqramının mövcud nəticələri və inkişaf perspektivləri, tədris prosesinin təşkili, birgə elmi layihələr, müəllim və tələbə mübadiləsi, həmçinin süni intellekt, informasiya texnologiyaları və mühəndislik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim edib, xatirə fotosu çəkdiriblər.
Səfər çərçivəsində İNHA Universitetinin nümayəndə heyəti yay məktəbində iştirak edən BMU-İNHA ikili diplom proqramının tələbələri ilə də görüşərək onların tədris prosesi və əldə etdikləri təcrübə ilə maraqlanıb.




