BMU tələbəsi Aqrar Biznes Forumunda “BioQaz” layihəsini təqdim edib

6 Oktyabr, 2026 - 11:04
BMU tələbəsi Aqrar Biznes Forumunda “BioQaz” layihəsini təqdim edib

Ağdam şəhərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 100-cü Aqrar Biznes Festivalı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin 3-cü kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Emil Salmanov iştirak edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər. 

Tədbir çərçivəsində BMU-nun “BioQaz” layihəsi təqdim olunub. Layihə üzüm və meyvə tullantılarının xüsusi fermentasiya şəraitində emal edilərək metan qazının əldə olunmasını nəzərdə tutur.

“Tullantıdan enerjiyə – innovativ yanaşmadan dayanıqlı gələcəyə” ideyasına əsaslanan layihənin əsas məqsədi aqrar və qida sənayesi tullantılarını səmərəli şəkildə dəyərləndirmək, alternativ enerji mənbələri yaratmaq və dairəvi iqtisadiyyat prinsiplərinə uyğun innovativ həllərin tətbiqinə töhfə verməkdir. 

Tədbirdə aqrar sahədə innovasiyalar, yaşıl enerji texnologiyaları, tullantıların idarə olunması və dayanıqlı kənd təsərrüfatının inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, BMU-nun festivalda iştirakı Aqrar İnnovasiya Mərkəzi ilə BMU Texnoparkı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində baş tutub.

BMU tələbəsi Aqrar Biznes Forumunda “BioQaz” layihəsini təqdim edib
BMU tələbəsi Aqrar Biznes Forumunda “BioQaz” layihəsini təqdim edib