BMU tələbəsi “NASA Space Apps Challenge”in Azərbaycan üzrə rəhbəri seçilib

25 Sentyabr, 2026 - 16:33
BMU tələbəsi “NASA Space Apps Challenge”in Azərbaycan üzrə rəhbəri seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi Amil Zeynallı “NASA Space Apps Challenge”in Azərbaycan üzrə rəsmi rəhbəri seçilib.

 Bu barədə "Azərbaycan müəllimi"nə BMU-dan məlumat verilib.

Bildirilib ki, “NASA Space Apps Challenge”in qlobal idarəetmə heyəti tərəfindən bu vəzifəyə təsdiqlənən Amil Zeynallı ölkəmizdə beynəlxalq hakatonun təşkilinə və yerli icmanın formalaşdırılmasına rəhbərlik edir. Onun fəaliyyət istiqamətlərinə yerli tədbirin təşkili, iştirakçıların cəlb olunması, tərəfdaş və sponsorlarla əlaqələrin qurulması, tədbirin koordinasiyası, eləcə də Azərbaycanın innovasiya ekosisteminin beynəlxalq platforma ilə əlaqələndirilməsi daxildir.

Mühəndislik, proqramlaşdırma, süni intellekt, robototexnika, pilotsuz sistemlər, kompüter görməsi və ekoloji texnologiyalar sahələrində müxtəlif layihələr həyata keçirən Amil Zeynallının diqqətçəkən işlərindən biri NASA-nın peyk məlumatları və süni intellekt texnologiyaları əsasında hazırladığı meşə yanğınlarının aşkarlanması və söndürülməsi sistemidir. Sözügedən layihə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində mühəndislik istiqaməti üzrə respublika səviyyəsində qalib olub.

Qeyd edək ki, “NASA Space Apps Challenge” bu il 14–15 noyabr tarixlərində keçiriləcək. Hakatonda dünyanın müxtəlif ölkələrindən iştirakçılar iki gün ərzində NASA və onun tərəfdaş kosmik agentliklərinin açıq məlumatlarından istifadə etməklə Yer və kosmosun tədqiqi ilə bağlı real problemlərə innovativ həllər hazırlayacaqlar.

NASA-nın kosmik tətbiqlər üzrə beynəlxalq innovativ layihələr müsabiqəsi dünyanın ən böyük illik qlobal hakatonlarından biri hesab olunur.