BSU-da “Dil və mədəniyyət” forumu keçirilib

15 Oktyabr, 2026 - 10:32
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib

Bakı Slavyan Universitetində (BSU) ali təhsil müəssisəsinin 80 illiyinə və Azərbaycanda bolqar dilinin tədrisinin 30 illiyinə həsr olunmuş “Dil və mədəniyyət” forumu keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, forumda çıxış edən rektor Anar Nağıyev BSU-nun Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində, slavyan dillərinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsində mühüm rolunu vurğulayıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yaradılan Bakı Slavyan Universiteti üçün bu qərar yeni inkişaf mərhələsinin əsasını qoyub, Cənubi Qafqazda slavyan dillərinin, ədəbiyyatının və mədəniyyətinin tədqiqi və tədrisi istiqamətində geniş imkanlar yaradıb.

Anar Nağıyev Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin BSU-da bolqarşünaslığın inkişafına verdiyi töhfələri həmçinin iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib. Bildirib ki, 2004-cü ildən BSU-da Bolqar Dili Mərkəzi, 2013-cü ildən isə Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Hər iki mərkəzə müvafiq dilləri öyrənərək bu sahədə ixtisaslaşmış məzunların rəhbərlik etməsi əməkdaşlığın səmərəliliyini nümayiş etdirir.

Rektor iki universitet arasında əməkdaşlığın dil tədrisi ilə məhdudlaşmamalı, pedaqogika, məktəbəqədər təhsil və digər akademik istiqamətləri də əhatə etməli olduğunu vurğulayıb. O, Sofiya Universitetinin rektoru və nümayəndə heyətinin səfərinin mövcud əlaqələrin genişləndirilməsinə, BSU-da bolqar dilinin, Bolqarıstan universitetlərində isə Azərbaycan dili və mədəniyyətinin tədrisinin inkişafına yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Daha sonra Konstantin Preslavski adına Şumen Universitetinin rektoru Nataliya Vitanova rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib.

Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva BSU-da bolqar dilinin tədrisinin uzun tarixə malik olduğunu qeyd edib. O, universitetin müxtəlif dillərin tədrisi sahəsində təcrübəsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin tələbələrin dil biliklərinin müəyyən standartlar əsasında qiymətləndirilməsinin, təhsil pillələrinə uyğun dil səviyyələrinin müəyyənləşdirilməsinin və kommunikativ bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Forumda BSU-nun Balkanşünaslıq kafedrasının dosenti Bisserka Veleva, kafedranın baş müəllimi və universitetin məzunu Aytən Cəfərova, eləcə də Şərqi Avropa dilləri fakültəsinin Tərcümə (Azərbaycan dili-bolqar dili) ixtisası üzrə tələbəsi Rəfiqə Qurbanzadə çıxış ediblər. Çıxışlarda bolqar dilinin tədrisi, Azərbaycan-Bolqarıstan akademik əlaqələri və bu sahədə əməkdaşlığın perspektivləri barədə fikirlər səsləndirilib.

BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib