BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib

15 Oktyabr, 2026 - 10:20
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib
Oktyabrın 14-də Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Elmin fəlsəfəsi, ideologiyası və sosiologiyası” mövzusunda elmi görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev elmin fəlsəfi əsasları, elmi biliklərin cəmiyyətin inkişafındakı rolu və sosial elmlərin müasir çağırışlar kontekstində inkişaf perspektivləri barədə çıxış edib.
Rektor IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı şəraitində elmi tədqiqatların yeni metodoloji yanaşmalar əsasında təşkilinin, humanitar və sosial biliklərin innovativ potensialının genişləndirilməsinin aktuallığını vurğulayıb. O, həmçinin milli düşüncə ilə qlobal elmi proseslərin qarşılıqlı əlaqəsinə, milli identikliyin fəlsəfi dərkinə və müasir cəmiyyətin intellektual inkişafında fəlsəfi yanaşmaların roluna diqqət çəkib.
Anar Nağıyev ali təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsinin, birgə elmi araşdırmaların təşviqinin və akademik müzakirələrin davamlılığının əhəmiyyətini qeyd edib. O, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Bir daha fəlsəfə haqqında” kitabının elmi-fəlsəfi əhəmiyyətindən də bəhs edib.
Tədbir zamanı çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə BSU-nun rektorunu və nümayəndə heyətini salamlayıb, görüşün təşkilindən məmnunluğunu ifadə edib. O, çıxışında elmin fəlsəfəsi, ideologiyası və sosiologiyasının nəzəri-metodoloji əsaslarına, bu sahələrin müasir elmi düşüncədə yerinə və əhəmiyyətinə toxunub.
Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli institutun elmi fəaliyyəti və tədqiqat istiqamətləri, Rektorun məsləhətçisi, dosent Ənvər Abbasov isə universitetdə aparılan elmi araşdırmalar və əldə olunan nəticələr barədə məlumat veriblər.
İnstitutun və universitetin professor-müəllim heyətinin iştirakı ilə davam edən müzakirələrdə fəlsəfənin müasir problemləri, elmi biliklərin cəmiyyətin inkişafına təsiri, elm və təhsilin qarşılıqlı əlaqəsi, milli düşüncənin fəlsəfi əsasları və sosial elmlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş elmi tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, elmi əlaqələrin genişləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.
Tədbirin sonunda kitab təqdimatı keçirilib. “Yeni dövrün Azərbaycanı” mövzusunda konfransın və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC) beynəlxalq elmi-praktik konfransının materiallarından ibarət toplular AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutuna hədiyyə olunub.
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib
BSU və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi görüş keçirilib