Bu festival yaradıcı şəxslərin üzə çıxarılmasında tarixdə ilk və ən geniş platformadır - Nazir

26 Dekabr, 2025 - 17:14
Bu festival yaradıcı şəxslərin üzə çıxarılmasında tarixdə ilk və ən geniş platformadır - Nazir

“Birgə qurumlarla yaratdığımız elektron analitik platforma əsasında artıq hər bir bölgədə hansı istiqamətlər üzrə daha çox istedadın mövcud olduğu müəyyən edilir. Məsələn, hansı bölgədə rəqsə, muğama, ifaçılığa və incəsənətin digər sahələrinə meyilin olduğunu bilirik. Bu isə gələcəkdə həm data əsaslı mədəniyyət yönümlü idarəetməyə, həm də peşəkar heyətin formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsinə və inkişafına geniş imkanlar yaradır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Uşaq İncəsənət Festivalı – 2025-in mükafatlandırma mərasimində söyləyib.

Nazirin sözlərinə görə, II Uşaq İncəsənət Festivalına 27 mindən çox uşaq qeydiyyatdan keçib: “Layihə bütün Azərbaycanı — Bakı şəhərinin rayonları daxil olmaqla, 86 şəhər və rayonu əhatə edib. Ucqar kəndlərdən belə uşaqlar müraciət edib və iştirak ediblər.
Proses mart ayında qeydiyyat mərhələsi ilə başlayıb və üçmərhələli seçim əsasında davam etdirilib. Birinci mərhələ şəhər və rayonlarda, 24 nominasiyaya uyğun olaraq, incəsənətin müxtəlif istiqamətləri üzrə keçirilib. Bu, yaradıcı şəxslərin üzə çıxarılması istiqamətində tarixdə ilk və ən geniş platformadır. Burada gənc istedadların kadr bankı formalaşdırılır”.

Adil Kərimli bu festivalın meydana gəlmə prosesi haqqında da danışıb: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri gənc kadrların, gənc istedadların üzə çıxarılması və bu istiqamətdə dövlət dəstəyinin göstərilməsidir. Eyni zamanda Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən uzun illər ərzində gənc istedadların müəyyən edilməsi, onların inkişafı və fərdi potensialının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu illər ərzində çoxsaylı gənc istedadlarımız Heydər Əliyev Fondu tərəfindən, şəxsən Mehriban xanımın rəhbərliyi altında xaricdə təhsil proqramlarına cəlb olunmuş, fərdi inkişaf üçün müxtəlif alətlərdən və yanaşmalardan istifadə edilmişdir. Uşaq İncəsənət Festivalının meydana gəlməsi isə məhz Leyla xanım Əliyevanın təşəbbüsü və ideyası əsasında baş tutub. Leyla xanımın qarşımıza qoyduğu tapşırıqlardan biri bütün ölkə ərazisində gənc istedadların, fitri qabiliyyətə malik uşaqların müəyyən edilməsi, üzə çıxarılması və onların fərdi inkişafı istiqamətində mexanizmin qurulması idi. Bu layihə məhz həmin ideya əsasında yaranıb”.

Nazir qeyd edib ki, bu festival boyunca 2000-dən çox münsif və mütəxəssis bu prosesə cəlb olunub: “2000-dən çox yerdə ilkin seçim mərhələsi, daha sonra regional seçim mərhələsi və sonda isə final mərhələsində 2000-dən çox uşaq iştirak etmişdir. Bu gün isə artıq birinci, ikinci və üçüncü yerlərin qalibi olmuş 512 uşağımız burada toplaşıb”.