Bu gün 9-cular buraxılış imtahanı verirlər
Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirir.
"Azərbaycan müıllimi" xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) və Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçündür.
İmtahanda 55 min 282 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 79 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi cəlb edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.



