"Bu istəyim məni elmə yönləndirdi" - 28 yaşında alim olan Nərminənin hekayəsi

27 Mart, 2026 - 16:16
"Bu istəyim məni elmə yönləndirdi"

Bu gün Azərbaycanda Elm Günü qeyd edilir. Azərbaycanda dünya elminin inkişafına töhfə verən alimlər yetişir. Onların arasında öz sözünü deyən qadınlar kifayət qədərdir. Fəaliyyətini elm sahəsində genişləndirən, özünü elmə həsr edən qadınlardan biri də Nərminədir. Uşaqlıqda riyaziyyatı sevib, tələbəlikdə onu araşdırmaq istəyib. Bütün istəkləri riyaziyyatla bağlı olub və bitməyən bu istəklər onu elmə “sürükləyib”. Gənc yaşda alim adını almaq hər adama nəsib olmur, o buna 28 yaşında nail olub. Artıq 6 ildir ki, Bakı Dövlət Universitetinin müəllimidir. 

Uğurlu şagird, araşdırmaçı tələbə olub

Dosyesi qabarıqdır, elmi nailiyyətlər sarıdan təbii ki. 
Bakı şəhərində doğulan Nərminə Qurbanova 2003-cü ildə Nizami rayonu 32 nömrəli tam orta məktəbdə birinci sinfə, 2014-cü ildə Bakı Dövlət Universitetində birinci kursa başlayıb. Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasına 589 balla qəbul olub. Bununla kifayətlənməyib, 2018-ci ildə magistratura səviyyəsində təhsilinə davam edib, yenə Bakı Dövlət Universitetində, yenə Mexanika-riyaziyyat fakültəsində. Həndəsə ixtisaslaşmasına 112 balla qəbul olub. Burada da təhsilini uğurla - fərqlənmə diplomu ilə bitirərək 2021-ci ildə Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının “Həndəsə” ixtisasına doktorantura səviyyəsində təhsilə başlayıb: “Doktoranturaya qəbul olunduqdan sonra elmi rəhbərim professor Arif Səlimovun təklifi ilə “Valker çoxobrazlıları və onların laylanma fəzalarında afinor strukturlar” mövzusunda dissertasiya işi üzərində çalışmağa başladım. 2025-ci il noyabrın 5-də riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi almışam”.

Riyaziyyatı araşdırmaq istəyi ilə alim oldu

Elmi nailiyyətlərinin səbəbi kimi böyüdüyü ailənin rolunu xüsusi qeyd edir: “Təhsilə dəyər verən bir ailədə böyümüşəm və bu, mənim formalaşmağımda böyük rol oynayıb”. 
Ancaq elm yolunu tutmağının başqa və daha böyük səbəbləri var. “Elm yolunu seçməyim daxili maraq və araşdırma ehtiyacından qaynaqlanır”, – deyən qəhrəmanım üçün riyaziyyat “səbir” deməkdir: “Riyaziyyat sahəsində işləmək insandan səbir, dəqiqlik və sistemli düşüncə tələb edir. Bu fənnə xüsusi marağım məktəbdən başlayıb. Məntiqi düşüncə və səbəb-nəticə əlaqələri məni uşaqlıqdan cəlb edirdi. Sadəcə yaxşı qiymət almaq üçün oxumamışam, mövzunu başa düşmək mənim üçün daha vacib olub. Mövzuları əzbərləməyə çalışmırdım, mahiyyətini anlayırdim. Bu xüsusiyyət tələbəlik illərimdə də davam etdi. Universitetdə oxuyarkən artıq başa düşdüm ki, riyaziyyatı öyrənmək yox, onu araşdırmaq istəyirəm. Bu istəyim məni elmə yönləndirdi. Beləcə elmi fəaliyyətə marağım artdı”.

Gənc yaşda hər oxuyan alim ola bilər?

Nərminənin fikrincə, gənc yaşda alim olmaq üçün bəzi tələblər var: “Çalışmışam ki, vaxtımı düzgün planlaşdırım və məqsədimə sistemli şəkildə yaxınlaşım. Dissertasiya işimi qısa müddətdə müdafiə etməyim məhz sistemli və məqsədyönlü fəaliyyətimin nəticəsidir. Elmi rəhbərimlə müntəzəm işləmək, konkret plan qurmaq və mərhələli şəkildə nəticə əldə etmək bu prosesdə əsas rol oynayıb”.

Necə ki, gənc yaşda alim olmaq üçün məqsədyönlülük tələb edilir, eləcə də əsl alim kimi qala bilmək üçün bəzi addımlar atılmalıdır: “Hazırda Bakı Dövlət Universitetində dərs deyir, eyni zamanda elmi tədqiqat fəaliyyətimi davam etdirirəm. Müəllim kimi fəaliyyət göstərmək mənim üçün çox dəyərlidir. Çünki auditoriyada yalnız mövzu izah etmirəm, tələbələrə düşünməyi öyrətməyə çalışıram. Mənim fikrimcə, yaxşı müəllim olmaq üçün özün də daim öz üzərində işləməli, öyrənməlisən. Müəllimlik və tədqiqat bir-birini tamamlayan iki əsas istiqamətdir”.

Öz üzərində işləmək həvəsi ilə çoxlu elmi nailiyyətlər əldə edib: “Elmi fəaliyyətim çərçivəsində indiyədək 7 elmi məqaləm nəşr olunub. Onlardan 5-i “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilib. Bu, mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki beynəlxalq elmi platformalarda təmsil olunmaq həm məsuliyyət, həm də motivasiya yaradır”.
2023-cü ildə Batumidə keçirilən “XIII Conference of the Georgian Mathematical Union” beynəlxalq konfransında məruzə ilə çıxış edən gənc alimin fikrincə, xarici elmi mühitdə fikir mübadiləsi aparmaq, fərqli yanaşmalarla tanış olmaq və öz tədqiqatını beynəlxalq auditoriyaya təqdim etmək onun üçün çox dəyərli təcrübə olub: “Gənc yaşda alim olmaq həm məsuliyyətli, həm də ilhamvericidir. Təbii ki, müəyyən çətinliklər yarana bilər. Təcrübə zamanla formalaşır. Lakin gəncliyin verdiyi enerji, yeniliklərə açıq olmaq bu yolu daha da maraqlı edir”.

Hədəflərini yüksək tutur: “Güclü və analitik düşüncəyə malik tələbələrin yetişməsinə töhfə vermək mənim üçün ən böyük uğur hesab olunur”.

Nərminə Qurbanova həyatın ona verdiyi şanslardan istifadə edib, zəhmət çəkib, çalışıb. Onun çalışmaları bundan sonra da davam edəcək. Axı həyat da riyzaiyyat kimidir: “Gələcək hədəfim beynəlxalq səviyyədə daha geniş elmi əməkdaşlıqlar qurmaq, impakt faktorlu jurnallarda nəşrlərin sayını artıqmaq və seçdiyim sahədə daha dərin tədqiqatlar aparmaqdır. Eyni zamanda güclü və analitik düşüncəyə malik tələbələrin yetişməsinə töhfə vermək mənim üçün ən böyük uğur hesab olunur”.