“Mikrofonla desələr də, eşitmədim” - 41 illlik rekordu yeniləyən məktəbli

10 Fevral, 2026 - 11:44
“Mikrofonla desələr də, eşitmədim”

Bakı Atletika Mərkəzində keçirilən qapalı məkanda atletika üzrə Azərbaycan çempionatında bir məktəblinin adı atletika tarixinə yazıldı.  

“Azərbaycan müəllimi” bu məktəblinin - Ordubad şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Namiq Babayevin uğur hekayəsini təqdim edir. 

Həmin gün o, 800 və 1500 metr məsafələrdə gümüş medal qazandı. Rekord qırdığını isə bir azdan biləcəkdi. Yorğunluq, həyəcan və qeyri-müəyyənlik içində məşqçi ona 1:59.02 nəticə ilə U-18 yaş qrupunda qapalı məkanda Azərbaycan rekordunu yenilədiyini deyir. Bu rekord düz 41 il idi ki, toxunulmaz qalırdı.

“O an gözlərim doldu. Həmin hissi sözlə ifadə etmək çətindir. 800 və 1500 metrdə gümüş medal aldığımı belə düşünə bilmirdim. Mənim üçün əsas nəticə rekord idi və çox şükür, buna nail oldum”, – deyir. 

Namiq Babayev 27 may 2010-cu ildə Ordubad rayonunun Üstüpü kəndində anadan olub və 7-ci sinfə qədər Üstüpü kənd tam orta məktəbində təhsil alıb. Daha sonra Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə oxumağa davam edib. 

Bu günə qədər Namiq Babayev ölkə birinciliklərində və çempionatlarda dəfələrlə fəxri kürsüyə yüksəlib. Qış, yay, yaz və payız çempionatlarında 800, 1500 və 3000 metr məsafələr üzrə birinciliklər, mükafatlar qazanıb. Keçən il isə ölkə birinciliyində cəmi 10 gün ərzində 3 qızıl medal əldə edib. Medallarınının sayını özü də xatırlamır, deyir ki, 15-dən çoxdur. 

Namiqin həmişə hədəfi rekordu qırmaq olub ki, bu yarış da ona şans verib: “Yarışda güclü rəqiblərim var idi. Bu da əslində mənə üstünlük verdi ki, onların tempi ilə qaçıb rekordu qırım. Əgər bunu edə bilməsəydim, bütün əziyyətim hədər gedəcəkdi. Yarış bitəndə rekordu qırdığımı bilmirdim, mikrofonla desələr də, eşitmədim. Çox böyük həyəcanla yuxarıya çıxdım və məşqiçim rekordu qırdığımı dedi, bu mənim üçün həm sevinc, həm qürurverici idi”.

O məşq şəraitinin o qədər də yaxşı olmadığını deyir: “Məşq etdiyim yerdə idman üçün xüsusi şərait yoxdur. Sadəcə stadionda qaçıram. Amma bu şəraitdə nəticə göstərirəmsə, deməli, istək və zəhmət hər şeydən önəmlidir”.

Namiqin bir günü demək olar ki, dəyişməz keçir: səhər məktəb, sonra məşq, axşam isə dərslərə hazırlıq. Deyir ki, dərslərlə məşqlər bir-birinə ciddi mane olmur: “Məktəbimi çox sevirəm. Müəllimlərim, sinif yoldaşlarım hər zaman mənə dəstək olur, uğurlarımı səmimi şəkildə təbrik edirlər. Ən çox sevdiyim fənn isə hərbi hazırlıq dərsidir”.

İdman karyerası ilə bağlı qərarı tam dəqiqləşməsə də, deyir ki, dəyər verilərsə, atletikada qalmaq istəyir. Əks halda isə yol polisi və ya məşqçi kimi fəaliyyət göstərməyi düşünür.

Sonda Namiq özü kimi gənclərə də mesaj verir: “Heç vaxt xəyallarınızdan əl çəkməyin. “Olmaz” deyilən heç nə yoxdur. Lazım olan əsas şey nizam-intizamlı olmaq və məşqçinin yaxşı olmasıdır. Mən 3 ilin sonunda zəhmətimin bəhrəsini gördüm. Hər şeyin öz vaxtı var”.

“Ordubad” komandasının üzvü bu nəticəyə çatmasında böyük rolu olan məşqçisi Əmrah Nağıyevə təşəkkür edir: “Bu uğurumda valideynlərimin, dostlarımın və mənə inanan hər kəsin böyük payı var. Hamısına minnətdaram”.

Namiq Babayev eyni zamanda Azərbaycan Atletika Federasiyasında milli komandanın üzvüdür. Onun gələcək planları da iddialıdır: “İndiki əsas məqsədim öz rekordumu yeniləmək və 1500 metr məsafədə həm manejdə, həm də açıq havada rekord qırmaqdır. Ən böyük arzum isə xaricdə ölkəmiz üçün medal qazanmaqdır”.

Beləliklə, o hazırlıqlara kənd stadionundan başladı, amma 41 illik rekordun qırıldığı finiş xəttinə çata bildi. Namiq Babayev sübut etdi ki, böyük uğurlar üçün elə böyük inam lazımdır. Bu gün o, uğurlu şagird, fərqlənən idmançı kimi adını tarixə yazdıra bildi. Sabah isə Azərbaycan atletikasının seçilən və tanınan adlarından biri olmağa namizəddir.