Xarici tədqiqatçılar məqalələrimə istinad edirlər – Gənc alim qız

8 Mart, 2026 - 09:04
Xarici tədqiqatçılar məqalələrimə istinad edirlər

Günel Əhmədova ən gənc alimlərdəndir. “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda dissertasiya işini 2024-cü ildə uğurla müdafiə edib və gənc yaşda ədəbiyyatçı alim olub.

O, “Azərbaycan müəllimi”nə buna nail olmağın çətinliyindən, nailiyyətinin yaratdığı məsuliyyət hissindən danışıb.

Nağıllarla keçən sevgi

Günel deyir ki, ədəbiyyata sevgisi anasından keçib. Çaldığı laylalarla, danışdığı nağıllarla bu sevgini onun qanına hopdurub: “Anam da, bacım da filoloqdur. Bacımla mən anamın danışdığı nağıllar, söylədiyi şeirlərlə böyümüşük. Ana səsi ilə sonu xoşbəxt bitən şirin hekayələr ruhuma sirayət edib, məni ədəbiyyata yönləndirib. Məktəbdə də Azərbaycan dili və ədəbiyyat fənlərini anam tədris edib. Onun təsiri ilə mən böyüdükcə ədəbiyyat sevgim də böyüyüb, başqa sahəyə getməyi düşünməmişəm belə”.

Günel 1997-ci ildə anadan olub. Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 2014-cü il məzunudur. Məktəbi uğurla bitirdikdən sonra 2014-2018-ci illərdə Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsində “Filologiya (Azərbaycan dili və ədəbiyyat)” ixtisası üzrə təhsil alıb: “Tələbəlikdə elmi konfranslarda məruzələrlə çıxış etmişəm. Çox fəal tələbə olmuşam. “Yusif Səmədoğlunun “Qətl günü” romanında tarixi, mədəni yaddaş qatları” adlı buraxılış işim 2018-ci ildə “Elm və təhsil” nəşriyyatında kitab şəklində çap olunub. Bu tədqiqat işində tarixi və mədəni yaddaş qatlarının “Qətl günü” əsərində rolunu araşdırmışam”.

2018-2020-ci illərdə təhsilini “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistraturada davam etdirib. 2020-ci ildə “Aşiq-məşuq modeli Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” romanının yeni transformasiyasında” adlı magistr işini də müvəffəqiyyətlə müdafiə edən Günel magistraturadan sonra elmə istiqamətlənib. O, ədəbiyyatşünas olmağa qərar verib: “Balacalığımdan çoxlu bədii əsərlər oxuyub onların aşıladığı ideyaları mənimsəmişdim. İllər ərzində doğma dilimizə və ədəbiyyatımıza qarşı formalaşan böyük sevgim sayəsində ədəbiyyatın dərinliklərinə varmaq üçün bu sahəni seçdim. Xüsusən Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi sahəsində elmi tədqiqat aparmağa böyük həvəsim vardı”.

Həvəsini hədəfə çevirib və 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə doktorantura təhsilinə başlayıb. Elə həmin il institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsində işə başlayıb və qısa müddətdə - 2024-cü ilin noyabrında “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” adlanan dissertasiya işini uğurla müdafiə edib.

27 yaşında müdafiə etdi

Beləliklə, o, gənc yaşda alim olmaq üçün həlledici addım atıb: “Gənc yaşda alim olmağın müəyyən çətinlikləri olsa da, müsbət cəhətləri daha çoxdur. Bəzən gənclər qarşısında maneələr yaradılır, amma əzmlə inandığın yolda irəliləyirsənsə, sonda həmişə gözəl nəticələr əldə edirsən. Məqsədə çatmaq üçün həmişə mübarizə aparmaq lazım gəlir. Mən də mübarizə apardım və qazandım. Doktorantura təhsili bitmədən dissertasiya işimi yekunlaşdırdım. Tez müdafiə edə bilmək üçün gecəmi gündüzümə qatdım. Felyeton janrının özünəməxsusluqları, bir mətbuat janrı kimi əhəmiyyəti, Azərbaycan ədəbiyyatında felyeton janrının tipologiyası kimi məsələləri tədqiq edib bir sıra elmi yeniliklər əldə etdim”.

Dissertasiya yazmaq isə elə də asan məsələ deyil: “Dissertasiya yazmaq çox çətin və məsuliyyətli bir işdir. Bunu layiqincə yerinə yetirmək və hədəflərimə çatmaq üçün yorulmaq bilmədən tədqiqat aparıb mühüm elmi nəticələr əldə etdim”.

Günel Əhmədova deyir ki, zəhmətinin bəhrəsini görmək yorğunluğunu unutdurur: “İndi o yorğun, yuxusuz günlərimin bəhrəsini görürəm. Çalışmaqdan, tədqiqat aparmaqdan həzz alıram. İnsan sevdiyi işlə məşğul olanda nəticəsi də gözəl olur”.

İndi də Qarabağ mövzusu və şanlı zəfəri ədəbiyyat aspektindən araşdırır

Hazırda Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışan Günel Əhmədova ədəbiyyatşünaslıq, xüsusilə də ədəbiyyat nəzəriyyəsi sahəsində elmi tədqiqatlarını davam etdirir: “Vətən sevgisi, ictimai-siyasi proseslər, Qarabağ mövzusu və şanlı zəfərimizi ədəbiyyat aspektindən araşdırıram”.

29 yaşlı alim qızın özündən böyük nailiyyətləri var

Günel Əhmədova hələ 29 yaşındadır,  artıq xeyli elmi nailiyyətlərə imza atıb: “2024-cü ildə AMEA Rəyasət Heyəti tərəfindən “İlin gənc alimi” diplomu ilə təltif edilmişəm. Ümumilikdə, 1 kitab və 40-a yaxın elmi məqalə və konfrans materialının müəllifiyəm. Respublikada və xaricdə bir çox elmi konfranslarda iştirak etmişəm. Nüfuzlu elmi jurnallarda məqalələrim çap olunub. “Feuilleton in the Context of Journalistic and Literary Texts” adlı məqaləm “Web of Science” elmmetrik bazasında indeksləşdirilib. Məqalələrimə həm ölkəmizdə, həm də xaricdə istinad edilir. Felyeton janrı ilə bağlı araşdırma aparan xarici tədqiqatçılar məqalələrimdən sitat verirlər. Bu mənim üçün böyük qürurdur”.

Sadəcə yazılanları araşdırmır, özü də yaradır

Günel deyir ki, elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur: “Esse janrında əsərlər qələmə alıram. Qəlbimin dərinliklərindəki düşüncələri esselərdə ifadə etməyə çalışıram. Bir çox esse müsabiqəsində iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşəm. Bu sahədə ilk dəfə 11 yaşımda olarkən qələmimi sınamışam və həmin esseni “Günəş” jurnalının keçirdiyi müsabiqəyə təqdim edib I yeri tutmuşam. 2021-ci ildə Gənclər və İdman Nazirliyinin keçdiyi “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda esse müsabiqəsində I yerə, 2021-ci ildə Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsində II yerə, 2022-ci ildə Davam Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən “Qalib Azərbaycan xalqı!” adlı esse müsabiqəsində III yerə layiq görülmüşəm”.

Ədəbiyyatşünaslıqında mühüm nailiyyətlərə imza atmaq istəyir

Günel qarşısına qoyduğu məqsədlərinə bir-bir nail olur. İndi ən böyük hədəfi Azərbaycan ədəbiyyatşünaslığında mühüm nailiyyətlərə imza atmaqdır: “Eyni zamanda, dövlətçilik, azərbaycançılıq və milli-mənəvi dəyərlər mənim üçün çox önəmlidir. Tədqiqatlarımın hər birində bu mühüm bir xətt kimi nəzərə çarpır. Vətənimə elm sahəsində layiqincə xidmət etmək mənim üçün əsas prioritetlərdən biridir”.

Özü kimi gənclərə tövsiyəsi də var: “Gənclərə tövsiyəm budur ki, inandıqları yoldan dönməsinlər, məqsədyönlü və əzmkar olsunlar. Maneələr qarşısında əyilməsinlər. Çox çalışaraq elm və təhsil yolunda düşündüklərindən də yüksəyə qalxa biləcəklərinə inansınlar”.