Gimnastika meydançasını məktəb stadionuna dəyişdi – Fəridə Ağayevanın uğur hekayəsi
Fəridə Ağayeva 3 yaşından bədii gimnastika ilə məşğuldur. 10 yaşından aerobika üzrə ixtisaslaşıb. Ölkə miqyasında keçirilən və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edib. Yolu uğur dolu bu gənc indi müəllimdir. Müəllimliyə də elə asan nail olmayıb. Necə deyərlər, gimnastika arenalarında parlayan bu zərif ulduzun məktəb stadionunda da parlamasında xidmətləri olanlar arasında Təhsil Tələbə Krediti Fondu da var.
109 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasında “Məşqçilik-gimnastika” ixtisası üzrə təhsil alıb: “Sevdiyim ixtisas üzrə ödənişli təhsil almalı oldum. Təhsil tələbə krediti olmasaydı, maddi vəziyyətimiz ali təhsil almağıma imkan verməyəcəkdi”.
Tamamilə təhsil tələbə krediti ilə oxudu
Fəridə ali məktəbə daxil olan kimi təhsil tələbə kreditinə baş vurub: “4 il boyunca təhsil tələbə krediti ilə oxumuşam. 8 dəfə təhsil krediti üçün müraciət etmişəm, hamısında müsbət cavab almışam. Bilirsiniz ki, hər kredit müraciətində akademik göstəricilər nəzərə alınır. Belə ki, kredit üçün müraciət edirsinizsə, ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və ondan yuxarı olmalıdır”.
O, dövlətin bu layihəsindən səmərəli şəkildə faydalanıb. Həm kreditlə oxuyub, həm də yaxşı oxuyaraq Təhsil Tələbə Krediti Fondundan güzəştlər əldə edib: “Göstəricilərim yaxşı olduğu üçün kreditin çoxu faizsiz oldu”.
İndi müəllimdir
Fəridə 4 illik uğurlu tələbə həyatını bitirən kimi müəllimlik üçün baş vurub. Hazırda Zəngilan rayon 22 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimidir: “Müəllimlik həyatımın ilk addımlarını bu məktəbdə atıram. Uşaqlara dərs demək xüsusi bir hissdir. Onlara nəsə öyrətmək, inkişaflarına töhfə vermək böyük dəyərdir. İnsanın özünə münasibəti dəyişir. Uşaqlarla işləməyi onlarla vaxt keçirməyi çox sevirəm. Müəllimlik bu sevgimi gün-gündən daha da artırır”.
Fiziki tərbiyə müəllimi olmaqla yanaşı, həm də Tədris Mərkəzində gimnastika müəllimi kimi fəaliyyət göstərir: “Məncə, şagirdmüəllim üçün ən böyük ilham qaynağıdır. Öyrətdiklərimin nəticələrini uşaqların hərəkətlərində görəndə ürəyim qürur hissi ilə dolur. Onlar mənim üçün qürur mənbəyidir”.
Fəridə müəllim həm şagirdlərini idmanın sağlamlığın rəhni olduğuna inandırır, həm də özünün kredit borcunu ödəyir və bunu Zəngilan məktəbində çalışaraq etməsi onun həyatında xüsusi əhəməyyətə malikdir: “Müəllimlik fəaliyyətimə Zəngilan rayonuna məxsus bir məktəbdə başlamaq mənim üçün böyük xoşbəxtlikdir”.



