Qələbə sevincindən çox döyüş həyəcanını xatırlayıram – Dünya çempionu olan tələbə

13 Mart, 2026 - 10:09
Qələbə sevincindən çox döyüş həyəcanını xatırlayıram

Ölkəmizdə dəstək və qayğıların nəticəsi olaraq davamlı inkişaf edən sahələrdən biri də idmandır. Bu diqqətin nəticəsidir ki, Azərbaycan müxtəlif beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edib, idmançılarımız qatıldıqları yarışlarda yüksək nəticələr qazanıır, ölkəmizi xaricdə layiqincə təmsil edirlər.

"Azərbaycan müəllimi" belə idmançılarımızdan biri – dünya çempionu tituluna sahib Sübhan Mamedovla həmsöhbət olub. 
S.Mamedov 2006-cı ildə Ağcabədidə dünyaya gəlib. Orta təhsilini burada yerləşən Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseydə və 1 nömrəli tam orta məktəbdə alıb. Hazırda Azərbaycan İdman Akademiyasında 3-cü kursda təhsil alır. 

Uşaq yaşlarından idmana maraq göstərən Sübhan qısa müddətdə yarışlara, turnirlərə qatılıb.

"Qələbələrim çox olub. Amma etiraf edim ki, mən qələbə sevincindən çox, döyüş həyəcanını xatırlayıram. Çünki bu döyüşlərdə əziyyətin bəhrəsini görürük. Qələbinin, çempionluğun dadını-duzunu 2025-ci ildə Avropa çempionu olanda hiss etdim. Belə qələbələrim sonradan çox oldu".

Həmsöhbətim birincilik uğrunda yarışlara inadkarlıqla, zəhmətlə hazırlaşıb. O, idman arenasına gənc və uğurlu idmançı kimi adını yazdırmağı bacarıb.

"İdmana ilk kikboksinqlə başlamışam. 2022-ci ildə İtalyanın Yeselo şəhərində keçirilən kikboksinq üzrə uşaq, yeniyetmə və gənclərin dünya çempionatında birincilik əldə etmişəm. Daha sonra 2023-cü ildə gənclər arasında Türkiyədə təşkil edilən yarışda Avropa ikinciliyini qazanmışam".

Dünya çempionu 2023-cü ilin avqustunda millinin heyətində Minsk şəhərində keçirilən II MDB oyunlarının iştirakçısı olub. 

Gənc idmançı 2024-cü ildə böyüklər arasında Yunanısanda Avropa çempionu, elə həmin ildə böyüklər arasında Portuqaliyada təşkil olunan yarışda isə yenidən dünya çempionu statusunu alıb.

Azərbaycan çempionu, Avropa çempionu, dünya çempionu adını almış Sübhan təkcə kikboksinq üzrə yarışlara qatılmayıb, o həm də boksçu kimi birinciliklər əldə edib. Sübhan 2025-ci ildə boks üzrə (48 kq) Dubayda təşkil edilən yarışda erməniəsilli, özündən 10 yaş böyük Rusiya təmsilçisi Edmond Xudoyanı məğlub edərək birinciliyini təmin edib.

"Azərbaycan boks üzrə milli komandasının üzvüyəm. 2025-ci ildə boks idman növü üzrə böyüklər arasında Macarıstanda keçirilən yarışda Avropa çempionu, həmin ilin dekabrında isə Dubayda böyüklər arasında keçirilən yarışda dünya çempionu olmuşam".

19 yaşında Dubayda qazandığı qələbədən sonra o, boks üzrə Azərbaycan tarixinin ən gənc dünya çempionu kimi adını tarixə yazdırıb.

Sübhan deyir ki, onu idmanda ailəsi və məşqçisi hər zaman dəstəkləyib. O, idmanda da uğurlarını davam etdirməkdə qərarlıdır. 
"Hər işdə çətinlik olur. Bizim idmanın da çətinlikləri çoxdur, qaçılmaz zədələr, travmalar olur. Travmalar bəzən hansısa yarışlara qatılmağımıza əngəl törədir. Buna baxmayaraq, yenə də həvəslə məşqlərə davam edirik. Milli komandaya hazırda Rövşən Xocayev rəhbərlik edir, intensiv məşqlər gedir və gələcək yarışlara daha inamla hazırlaşırıq".