“Azərbaycandakı təhsil bazam olmadan bugünkü səviyyəyə çata bilməzdim” – Londonda təhsil alan Mehin

6 May, 2026 - 10:13
“Azərbaycandakı təhsil bazam olmadan bugünkü səviyyəyə çata bilməzdim”

Bəzən sadə bir maraq, “bu necə işləyir?” sualı bizi dünyanın ta o başına apara bilir, Mehini apardığı kimi... Onun üçün hər şey biologiya dərslərində insan orqanizminin nə qədər mürəkkəb və eyni zamanda necə dəqiq bir mexanizmlə işlədiyini öyrəndiyi an başladı. Xüsusilə DNT-nin insan sağlamlığında və xəstəliklərin müalicəsindəki rolunu anlamaq onu London İmperial Kollecinə aparıb çıxarıb.

Bakı Dövlət Universitetində “Biotexnologiya” ixtisası üzrə bakalavr təhsili alan Mehin Qocayevanın dediklərinə görə, o, həmin illərdə təkcə dərslərlə kifayətlənməyən, həmişə nəzəriyyəni praktik bacarıqlarla birləşdirməyə çalışan bir tələbə olub. Universitetdə dövlət sifarişi ilə oxuması, mütəmadi olaraq ən yüksək təqaüdləri alması və IV kursda akademik nailiyyətlərinə görə Zərifə Əliyeva adına təqaüdə layiq görülməsi onun illərlə göstərdiyi zəhmətin nəticəsi idi. Amma onun üçün elm heç vaxt sadəcə nəzəri biliklərdən ibarət olmayıb: “Genetika sadəcə nəzəri elm deyil. Bu sahə real həyatda insanların sağlamlığına birbaşa təsir edə bilər. Məsələn, genetik analizlər vasitəsilə xəstəliklər daha erkən aşkarlana, fərdi müalicə yanaşmaları hazırlana və gələcəkdə daha effektiv terapiyalar inkişaf etdirilə bilər. Mənim üçün bu, elmin insan həyatına birbaşa toxunduğu çox dəyərli bir sahədir”, – deyə seçdiyi ixtisasın nə qədər önəmli olmasından bəhs edir.

“Burada tələbə yalnız məlumat əzbərləmir, həm də həmin məlumatı tətbiq etməyi öyrənir”

Hazırda London İmperial Kollecində “Tətbiqi genomika” (Applied Genomic) proqramı üzrə magistratura təhsili alan Mehin bu seçimi genomikanın gələcəyin ən vacib elmi olması ilə əlaqələndirir. Qəbul prosesi kifayət qədər ciddi və rəqabətli olsa da – buraya akademik göstəricilər, motivasiya məktubu, xüsusi imtahanlar və müsahibələr daxildir – Mehin öz səmimiyyəti və aydın hədəfləri ilə bu baryeri aşa bilib: “London İmperial Kollecini seçməyimin səbəbi onun təkcə güclü akademik təhsil verməsi deyil, həm də tələbələri real elmi düşüncəyə, problem həll etməyə və tədqiqat aparmağa yönəltməsidir. Burada tələbə yalnız məlumat əzbərləmir, həm də həmin məlumatı tətbiq etməyi öyrənir. Qəbul prosesində də çalışdım ki, yalnız yaxşı oxuyan tələbə olduğumu deyil, həm də niyə məhz bu sahəni seçdiyimi və gələcəkdə bu bilikləri necə istifadə etmək istədiyimi aydın göstərim”.

Tələbələr burada yalnız nəzəri metodları öyrənmir, həm də...

Mehin Azərbaycanda və Londonda qarşılaşdığı təhsil və tədqiqat fərqlərindən bəhs edərək qeyd edir ki, ən böyük fərqlərdən biri laboratoriya infrastrukturu və interaktiv dərslərdir. Universitetdə tələbələr real tədqiqat layihələrinin hər mərhələsinə: planlaşdırmadan tutmuş eksperimental yanaşma və data analizinə qədər  birbaşa cəlb olunurlar. Qiymətləndirmə sistemi də fərqlidir. Tələbənin biliyi yalnız bir imtahanla deyil, onun elmi məqalələri anlama, komandada işləmə və analitik düşünmə bacarığı ilə ölçülür: “Elmi yalnız kitabdan oxumaqla deyil, real araşdırma mühitində görərək öyrənmək daha effektiv olur. Burada tələbəyə hazır cavab verməkdən çox, onu sual verməyə, problemi analiz etməyə və öz elmi fikrini formalaşdırmağa yönəldirlər. Tələbədən passiv dinləmək yox, aktiv iştirak gözlənilir. Bu isə tələbənin həm də elmi düşüncə tərzinin formalaşmasına kömək edir”.

“Azərbaycandakı təhsil mənə çox yaxşı nəzəri baza verdi”

Müsahibimiz vurğulayır ki, Bakı Dövlət Universitetində aldığı biliklər onun üçün çox vacib bir təməl olub və bu baza olmadan o, bugünkü səviyyəyə çata bilməzdi. İndi isə hədəfi bu möhkəm təməli beynəlxalq təcrübə ilə birləşdirərək həm qlobal elmi mühitdə, həm də gələcəkdə Azərbaycandakı layihələrdə faydalı olmaqdır: “Azərbaycandakı təhsil mənə çox yaxşı nəzəri baza verdi və bu baza olmadan mən bugünkü səviyyəyə çata bilməzdim. BDU-da aldığım biliklər mənim üçün çox vacib təməl oldu. Yəni Azərbaycandakı təhsil mənə möhkəm akademik əsas verdi, İmperial isə həmin bilikləri beynəlxalq elmi mühitdə tətbiq etməyi, daha sərbəst düşünməyi və real tədqiqatlara yanaşmağı öyrədir.

Gələcəkdə məqsədim genomika və biotexnologiya sahəsində daha da ixtisaslaşmaqdır. Xüsusilə xəstəliklərin genetik əsaslarının araşdırılması, erkən diaqnostika metodları və fərdi tibb yanaşmaları ilə maraqlanıram”.

Mehin Qocayevanın hekayəsi bizə bir daha göstərir ki, düzgün hədəf və suala cavab axtarmaqdan qorxmamaq bizi Bakının auditoriyalarından dünyanın ən müasir laboratoriyalarına qədər apara bilər.