Azərbaycanın ilk qadın trombon ifaçısı: "Dedilər ki, xanımlar ifa edə bilməz"

10 Mart, 2026 - 12:44
Azərbaycanın ilk qadın trombon ifaçısı:

Musiqi dünyasında bəzi alətlər var ki, onları həmişə kişilərin ifasında görməyə öyrəşmişik. Trombon da həmin o “ağır”, fiziki güc və xüsusi nəfəs texnikası tələb edən alətlərdən biri hesab olunur. Lakin Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi olan gənc xanım – Aysu Vorobyeva bu stereotipləri darmadağın edərək ölkəmizin ilk qadın trombon ifaçısı kimi adını musiqi tariximizə yazdırmağa namizəddir.

Bu gün sizə Aysu Vorobyevanın qeyri-adi seçimindən bəhs edəcəyəm.

“Məni sənətə bağlayan Qarabağ ruhunun qanımda olmasıdır”

Aysu multikultural bir ailədə böyüyüb: atası rus, anası isə azərbaycanlıdır. Ailədə ondan başqa musiqi ilə peşəkar məşğul olan yoxdur. Lakin Aysu hesab edir ki, bu sevgi ona genetik kodlarla ötürülüb: “Anam Ağdamlıdır. Bəlkə də məni sənətə bağlayan Qarabağ torpağının, o musiqi beşiyinin ruhunun qanımda olmasıdır”, – deyir.

Onun musiqi yolçuluğu hələ 3 yaşından, bağçada pianonun düymələrinə toxunanda başlayıb. Bu maraq onu 6 yaşında Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbinə aparıb çıxarıb. İlk illərdə piano sinfində təhsil alsa da, tale onu tamamilə fərqli və daha “iddialı” bir alətlə qarşılaşdırıb.

“Çətindir dedilər, daha həvəslə öyrənməyə başladım”

Çoxları düşünür ki, zərif bir xanımın pianodan ayrılıb trombon kimi ağır bir nəfəs alətinə keçməsi riskli addımdır. Amma Aysu üçün bu, bir növ “ilk baxışdan məhəbbət” olub. Onu bu alətlə musiqi məktəbinin keçmiş direktoru Əlihüseyn müəllim tanış edib. Digər tələbələrin ifasını dinlədikcə trombonun gur və təsirli səsi onu valeh edib.

Ətrafdakıların “bu, çox çətin alətdir, xanımlar ifa edə bilməz” deməyi isə Aysunu qorxutmaq əvəzinə daha da ruhlandırıb: “Mən trombonu tanıyandan bu alətə vuruldum. Biləndə ki, bu alət çox çətindir və xanımlar ifa edə bilməz, daha da həvəslə öyrənməyə başladım. Mənim üçün heç bir çətinlik olmadı, çünki əsas insanın qarşısına qoyduğu məqsəddir”.

Aysu qısa müddətdə həm piano, həm də trombon ifaçılığını paralel şəkildə uğurla davam etdirib. Onun istedadı tezliklə böyük səhnələrə yol açıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin şərəfinə Dənizkənarı Bulvarda keçirilən konsertdə orkestrin tərkibində çıxış etməsi onun ən unudulmaz xatirələrindən biridir. Bundan başqa, Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirdə də öz qrupu ilə birlikdə sənətsevərlərin qarşısına çıxıb.
Hazırda Bakı Musiqi Akademiyasının birinci kurs tələbəsi olan Aysu Əməkdar artist Vladislav Kuznetsovun sinfində təhsil alır. İlk semestr imtahanlarını uğurla verən gənc ifaçı eyni zamanda akademiyanın həm nəfəs alətləri orkestrində, həm də simfonik orkestrində çıxış edir.

Aysunun hekayəsi bir qadının öz istəkləri uğrunda cəmiyyətdəki “olmaz”ları necə yox saydığının sübutudur. Aysu göstərir ki, trombonun o ağır gövdəsi bir xanımın nəfəsində ən zərif notlara çevrilə bilər.
Azərbaycanın ilk qadın trombonçusu kimi onun yolu hələ indi başlayır. Və biz əminik ki, gələcəkdə onun adını dünya səhnələrindən eşidəcəyik. Çünki onun da dediyi kimi: “Əsas insanın məqsədi olmalıdır”.