0.1 bala görə təhsil krediti ilə oxudu: Təkcə iş qazanmadı, həm də borcu silindi
“Təhsil Tələbə Krediti Fondunun yaranması ilə bağlı Prezident İlham Əliyevin Fərman imzaladığı barədə məlumatlara sosial şəbəkədə rast gəldim. Məlumat dərhal diqqətimi cəlb etdi və prosesi nəzarətdə saxladım. Bu krediti necə, hansı şərtlərlə ala biləcəyim barədə istənilən məlumatlar diqqətimi çəkirdi. Sadəcə mənim üçün deyil, bir çox yoldaşlarım üçün bu fərman xilas yolu idi. Birimiz üçün sadəcə ailəsinə yük olmamaq dərdi idisə, bir çoxlarımız üçün təhlükədə olan təhsilinin xilası idi. Tələbə yoldaşlarım, dostlarımla bu barədə söhbətlərimiz olurdu və hər müzakirəmizdə belə bir qərarı məndən çox gözləyənlər olduğunu daha yaxşı anlayırdım”.
Bu, bir gəncin dilə gətirdiyi həyəcandır. Artıq keçmişdə qalsa da, ailəsi üçün nə qədər narahat olduğu indi də hər kəlməsindən hiss edilir. O, gəncliyinin ilk illərində məsuliyyəti öz üzərinə götürməyi bacarıb, təhsil tələbə krediti ilə öz təhsilini maliyyələşdirib, nəinki bakalavr təhsilini uğurla tamamlayıb, hətta özünə cəmiyyətdə layiqli yer açıb, artıq dövlət qulluqçusudur, Müdafiə Nazirliyinin Hüquq İdarəsində işləyərək dövlətə olan borcunu geri ödəyir. Sözün hər iki mənasında borc qaytarır, həm dövlətin qayğısının göstəricisi olan təhsil tələbə krediti kimi aldığı vəsaiti, həm də bir vətəndaş olaraq Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi çalışaraq.
Bu iddialı, qərarlı, məsuliyyətli, uğurlu gənci siz də tanıyın.
0.1 balın onu xəyallarından ayırmasına ailəsi yol vermədi
Xaqan Hacıyev nümunəvi şagird olub, məsuliyyətli tələbə. Bakı məktəblisi Bakı şəhəri 308 nömrəli tam orta məktəbi əla qiymətlərlə oxuyub: “Məktəbdə oxuduğum dövrdə sinif nümayəndəsi olmuşam, nümunəvi şagird olduğum üçün müəllimlərimin sevgisini qazanmışam”.
Kim olacağına, hətta hansı universitetdə oxuyacağına da uşaqlığından qərar verib. Dediyinə görə, məktəb illərində Bakı Dövlət Universitetinin tələbəsi olmağın, burada “Hüquqşünaslıq” ixtisasına yiyələnməyin xəyalını qurub. Di gəl, onu ən böyük arzusundan cəmi 0.1 bal ayırıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanlarında böyük arzularla iştirak etdim. Universitetə qəbul olunacaq, arzuladığım ixtisas üzrə təhsil alacaqdım. Amma məlum oldu ki, 0.1 balım çatmır”.
Xaqan üçün bu elə uzaq xəyal görünməsə də, heç də kiçik olmayan “qurban” tələb edilirdi. Ən pisi də o idi ki, bu qurbanı o yox, ailəsi ödəyəcəkdi: “Ödənişli əsaslarla oxuya biləcəyim dəqiqləşəndə məyus oldum. Çünki Hüquq fakültəsində ödənişli təhsil almaq asan deyildi. Nüfuzlu ixtisas olduğu üçün illik ödənişi başqa universitetlərlə müqayisədə çox idi. Məni isə oxusam, bu vəsaiti valideynlərimin ödəməli olması narahat edirdi. Ona görə tərəddüd edirdim. Lakin valideynlərim ən böyük arzumu nəyin bahasına olursa-olsun reallaşdırmaqda qərarlı idilər”.
“Elə bir sistem yaradılmışdı ki, oxuyacaq, təhsilimin sonunda öz təhsil haqqımı özüm ödəyəcəkdim”
Beləliklə, ödənişli əsaslarla tələbə oldu: “Təhsilimə uğurla başladım. I kursu yüksək göstəricilərlə bitirib imtahan verərək BDU-nun SABAH qruplarına daxil oldum”.
Sadəcə oxumaqla kifayətlənməyib, həm də təhsildən sonrakı dönəm üçün zəngin baza formalaşdırıb: “Tələbəlik illərində Bakı şəhər Sabunçu Rayon İstintaq Şöbəsində, Bakı Apellyasiya Məhkəməsində, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, Yasamal Rayon Prokurorluğunda, Yasamal Rayon Məhkəməsində və bir neçə Vəkil Bürosunda təcrübələrdə oldum”.
Xaqanın fikrincə, bu gün layiqli işdə, hüquqşünas kimi yetişib püxtələşmək istəyən bir çox gəncin xəyalı olan mövqedə qərar tutubsa, bu, təhsili sayəsindədir: “Uğurlu təhsil uğurlu karyeranın başlanğıcıdır. Təhsildə uğur qazanmağımın əsas səbəbi səbir və iradədir. Məncə, bu keyfiyyətləri olan hər kəs təhsildə uğur qazanıb karyera qura, cəmiyyətdə özünə layiqli yer tuta bilər. Amma mən uğurlu təhsilin heç də həmişə uğurlu karyera demək olmadığını da bilirəm. Odur ki, biz gənclər təhsillə yanaşı, zəngin təcrübə də toplamalıyıq. Mənim həyatımda karyerada uğurlu başlanğıc etmək üçün aldığım təhsil, ən əsası, təhsildə qazandığım uğur əsas rol oynadı”.
Hərbi xidmətdə iş təklifi aldı
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Xaqan Hacıyev burada da uğurlu nəticələri ilə seçilib:
“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən müasir ordu quruculuğu və intellektual resursların səmərəli istifadəsi istiqamətində aparılan islahatlar çərçivəsində, yeni yaradılmış təlim-təcrübə konsepsiyasına əsasən, ali təhsil müəssisələrinə 600-dən yuxarı balla qəbul olunan şəxslər hərbi xidmətlərini “İntellektual qabiliyyətli bölmələr”də keçirirlər. Mən də həmin şəxslərdən biri oldum. Hərbi xidmətimin sonunda Müdafiə Nazirliyinin Hüquq İdarəsində fəaliyyət göstərmək üçün təklif aldım”.
Ehtiyata buraxıldıqdan sonra dövlət qulluğuna qəbul prosesi ilə bağlı hazırlıqlara başladığını bildirən Xaqan növbəti dövlət qulluğu imtahanında iştirak edərək müvafiq sertifikat əldə edib:
“Elə həmin il təklif aldığım vəzifədə əmək fəaliyyətinə başladım. Hazırda da Müdafiə Nazirliyinin Hüquq İdarəsində dövlət qulluqçusu kimi fəaliyyət göstərirəm”.
Uğurlu təhsilin daha bir nəticəsi – kreditdə güzəşt ona dövlətin növbəti jesti oldu
Təhsilini yüksək göstəricilərlə bitirməsi onun üçün növbəti uğur olub: “Orta müvəffəqiyyət göstəricim yüksək olduğu üçün təhsil tələbə kreditimə 50 faiz güzəşt tətbiq edildi. Hərbi xidmətdən məzuniyyətə gələndə bu barədə məlumatı həm sosial şəbəkələrdən aldım, həm də Təhsil Tələbə Kredit Fondundan gələn mesajdan. Düzü, baş verənlərə inana bilmirdim. Qurumun rəsmi internet səhifəsində şəxsi hesabıma keçid etdikdən sonra özüm bunun şahidi oldum. Bu mənim üçün çox böyük xəbər idi. Həm borcumu özüm ödəyəcəyəm, həm də yarıbayarı güzəştlə. Artıq geri ödənişim başlayıb. Dövlətin bir gənc kimi mənə yaratdığı şərait, həyata keçirdiyi fəaliyyət müqabilində çox cüzi görünən krediti yavaş-yavaş ödəyirəm”.
Ödədiyi məbləğin gözünə görünmədiyini deyən gənc hüquqşünas indi dövlətinə minnətdardır: “Dövlətimizin oxumaq istəyən, təhsil almaqda qərarlı olan tələbələrə maddi və mənəvi dəstəyini ilk gündən çox böyük hadisə hesab edirəm. Tanıdığım insanlar var idi ki, sadəcə təhsil haqqı səbəbindən arzuladıqları ixtisası seçə bilməyib, təhsil almaqdan məhrum olublar. Təhsil tələbə krediti məhz bu kateqoriyaya düşəcək gənclər üçün böyük şansdır və məncə, onlar bu fürsəti dəyərləndirməlidirlər. Ona görə də yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Onun fərmanını bu qədər qüsursuz şəkildə icra edənlərin əməyini də biz gənclər qiymətləndiririk”.



