Riyaziyyat “ulduzu”ndan İKT liderinə çevrildi – Rəbiyyənin uğur hekayəsi 

22 May, 2026 - 09:40
Riyaziyyat “ulduzu”ndan İKT liderinə çevrildi

Məktəb illərində olimpiadadan olimpiadaya qaçıb, bir yarışdan çıxıb o birinə gedib. Nəticədə hələ məktəbli ikən yarış ruhu formalaşıb, mübarizə əzmi yaranıb. Sonra tələbə adı qazanıb, İKT sahəsində ən yüksək nəticə ilə ali məktəbə qəbul olan qızların siyahısına başçılıq edib. Prezident təqaüdçüsü olub. Hazırda II kursda oxuyur və uğurları davam edir. 

“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı Rəbiyyə Əlizadə hələ cəmi 18 yaşındadır. Həyatının gənclik çağına yenicə girsə də, adının önünə çoxlu uğurlar, böyük nailiyyətlər yazdırıb. 

Olimpiadalar “ulduz”u idi

57 nömrəli tam orta məktəbin riyaziyyat və məntiq üzrə ulduzu olub. Bu fənlərə xüsusi marağı onu olimpiada-olimpiada dolaşdırıb: “V sinifdə Lütfi Zadə adına III Riyaziyyat-Məntiq Olimpiadasında fərqlənmə sertifikatı, VI sinifdə oxuyanda Lütfi Zadə adına IV Riyaziyyat-Məntiq Olimpiadasında I yer tutaraq qızıl medal qazandım. Bundan əlavə, təhsil müddətim ərzində Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasının ölkə üzrə qaliblərindən oldum. Azərbaycanda keçirilən SASMO (Singapore and Asian Schools Math Olympiad) və AMO (American Mathematics Olympiad) yarışlarında qızıl, TİMO (Thailand International Mathematical Olympiad) olimpiadasında isə gümüş medal əldə etmişəm”.

İKT sahəsini seçən qızlar arasında da parladı

Olimpiadalardakı uğurunu buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında da təkrarlayıb. 2024-cü ildə XI sinif buraxılış imtahanında maksimum nəticə göstərib. Sonra ali təhsil müəssisələrinə qəbul imtahanlarına qatılaraq 397 bal toplayıb: “Ümumilikdə 697 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul oldum”. 

Bu nəticəsinə görə “Prezident təqaüdü” almaq hüququ qazanan Rəbiyyə ötən il İKT sahəsində ən yüksək balla ali məktəbə qəbul olan qız kimi “Azercell”in təşkil etdiyi “Uğur qızlarımızındır” layihəsinin də iştirakçısı olub: ““Azercell”in 2024-cü ildə İKT sahəsinə yüksək balla qəbul olan tələbə qızlardan biri kimi iştirak hüququ qazandım. Bu layihə çərçivəsində 2025-ci ildə “Azercell” şirkətinin İnformasiya təhlükəsizliyi departamentində təcrübə keçmək imkanı qazandım”.

Yolları Təhsilin İnkişafı Fondu ilə kəsişdi

Ali məktəbə yüksək nəticə ilə qəbul olunması sayəsində qarşısında daha bir qapı açılıb. Rəbiyyə Əlizadə Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Hənifə Məlikova Zərdabi adına qızların təhsilinə dəstək” təcrübə proqramının iştirakçısı olub: “Təqaüd proqramı barədə məlumatı universitet rəhbərliyi verdi. Müəllimlərimin yönləndirməsi ilə seçim mərhələsindən uğurla keçərək proqram iştirakçısı olmaq hüququ qazandım. Bu layihə çərçivəsində göstərilən maddi və mənəvi dəstək mənim üçün çox motivasiyaedici oldu. Xüsusilə mütəmadi təşkil olunan müxtəlif mövzularda təlimlər şəxsi inkişafım, liderlik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarımın inkişafına böyük töhfə verdi”.

İndi “Prosol” şirkətinin Kiber əməliyyatlar şöbəsində praktika keçir

Uzun sözün qısası, kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf etdirən gənc Rəbiyyə Əlizadə tələbəlikdə də ulduz olmağa davam edir: “Hazırda universitetin göndərişi ilə “Prosol” şirkətinin Kiber əməliyyatlar şöbəsində praktika keçirəm. Bu təcrübə müddətində peşəkar mütəxəssislərdən sahəm üzrə vacib texniki biliklər və praktiki bacarıqlar əldə edirəm. Real iş mühitində çalışmaq mənə həm komanda işi, həm məsuliyyət, həm də problem həlletmə baxımından böyük təcrübə qazandırır”.

Rəbiyyə deyir ki, iştirak etdiyi layihələr, praktiki təcrübələr işəgötürənlər üçün fərq yaradan əsas məqamlardandır: “Bunlar vakansiya üzrə müraciət edən namizədin yalnız akademik nəticələri deyil, eyni zamanda insanın inkişaf yönümlü, məsuliyyətli və daim öyrənməyə açıq olduğunu da göstərir”.