“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır” – Gənc alim

3 Fevral, 2026 - 14:43
“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır”

Səsi beynəlxalq jurnallardan gəlir. 50-dən çox elmi əsərin müəllifidir. Onlardan 18-ni yüksək impakt faktorlu, “Web of Science” və “Scopus” bazalarında indekslənən nüfuzlu beynəlxalq elmi jurnallarda dərc etdirib. 15-dən çox beynəlxalq və respublika səviyyəli elmi konfranslarda elmi işləri dərc olunub. Elmi qrant layihələrinin iştirakçısı olan gənc alim Elşən Əsədov “Azərbaycan müəllimi”nə deyib ki, həmin layihələr çərçivəsində elmi ezamiyyətdə olub. Belarus və İtaliya alimləri ilə birgə elmi-tədqiqatlar aparıb, birgə elmi məqalələr dərc etdirib.

Gənc alim – fizika üzrə fəlsəfə doktoru Elşən Əsədov Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Tətbiqi fizika” ixtisası üzrə bakalavr, “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə magistratura təhsili alıb. 2013-cü ildə AMEA Fizika İnstitutunun doktoranturasına daxil olub. 2021-ci ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərir. Paralel olaraq Milli Aviasiya Akademiyasının “Ümumi və tətbiqi fizika” kafedrasında əvəzçiliklə baş müəllim vəzifəsində çalışır.

Elmə müəllimləri yönəldib

Dediyinə görə, elm yolunu seçməyində müəllimlərimin rolu həlledici olub: “Universitet illərində dərs deyən, elmə məsuliyyətlə yanaşan, mövzunu yalnız izah etməklə kifayətlənməyib araşdırma aparmağı, eksperimentə əsaslanmağı və nəticə çıxarmağı öyrədən müəllimlərim elmi düşüncə tərzimin formalaşmasına birbaşa təsir göstəriblər. Onların yanaşması məndə fizikanı nəzəri biliklər toplusu kimi deyil, konkret nəticələr əldə etməyə yönəlmiş elmi fəaliyyət sahəsi kimi qəbul etməyimə səbəb olub. Bu yanaşma ilə məni erkən mərhələdən tədqiqat yönümlü fəaliyyətə cəlb ediblər. Bakalavr və magistratura təhsili dövründə elmi mövzulara praktik yanaşma, ölçmə nəticələrinin təhlili və əldə olunan nəticələrin elmi əsaslandırılması marağımı daha da gücləndirdi. Məhz bu mərhələdə bərk cisimlərdə lüminessensiya hadisələrinin tədqiqi və materialların optik xassələrinin öyrənilməsi istiqamətində məqsədyönlü fəaliyyətə başladım”.

Elm yolunda addım-addım: Materialların struktur xüsusiyyətləri ilə onların optik xassələri arasında əlaqəni öyrənmək istəyib deyə alim olmağa qərar verib

Sonra materialların struktur xüsusiyyətləri ilə onların optik xassələri arasında mövcud olan birbaşa əlaqəni görmək, anlamaq istəyib: “Elmi fəaliyyətim, əsasən, bərk cisimlər fizikasına, xüsusilə fotolüminessensiya və termolüminessensiya hadisələrinin tədqiqinə yönəlib və bu sahə ilə məşğul olmağım materialların struktur xüsusiyyətləri ilə onların optik xassələri arasında mövcud olan birbaşa əlaqənin elmi baxımdan böyük əhəmiyyət daşıması ilə bağlıdır. Lüminessent materialların öyrənilməsi enerjiyə qənaət edən işıq mənbələrinin, sensorların və müxtəlif optoelektron qurğuların yaradılması üçün mühüm elmi baza formalaşdırır, eyni zamanda maddənin tərkibinin və strukturunun məqsədyönlü şəkildə dəyişdirilməsi yolu ilə onun funksional xassələrinin idarə olunmasına imkan verir. Məhz bu xüsusiyyətlər lüminessensiya sahəsini həm fundamental tədqiqatlar, həm də praktik tətbiqlər baxımından cəlbedici və perspektivli istiqamətə çevirir və bu səbəbdən elmi fəaliyyətimi lüminessensiya xassələrinin sistemli şəkildə öyrənilməsinə, yeni materialların alınmasına və onların optik xüsusiyyətlərinin ətraflı araşdırılmasına həsr etməyə qərar verdim”.

Elmi fəaliyyətinin sistemli şəkildə formalaşmasında dissertasiya dövrü xüsusi əhəmiyyət kəsb edib: “Elmi işimi yerinə yetirərkən elmi rəhbərim Bahadur Tağıyev kimi tanınmış alimlərdən düzgün elmi istiqamət almışam, elmi müzakirələrə açıq və sağlam elmi mühitin yaradılması tədqiqat prosesinə ciddi töhfə verib. Bu mühit bizə mövzulara tənqidi yanaşmağı, nəticələri dərin təhlil etməyi və elmi obyektivlik prinsiplərinə sadiq qalmağı öyrədib. Məhz belə bir elmi mühitdə formalaşan yanaşma əldə etdiyim nəticələrin elmi səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Sonrakı mərhələdə elmi maraqlarım konkret tədqiqat istiqaməti kimi formalaşdı. Maddələrin lüminessensiya xassələrinin tərkibdən, strukturdan və həyəcanlandırma mexanizmlərindən asılılığının araşdırılması üzərində aparılan sistemli tədqiqatlar mənə elmi nəticələr əldə etməyə, onları beynəlxalq elmi jurnallarda dərc etdirməyə və konfranslarda təqdim etməyə imkan verdi”.

“Elm yolunu davam etməyimdə mühüm motivlərdən biri də elmi fəaliyyətin nəticəyönümlü xarakteridir”, – deyən gənc alimin fikrincə, qrant layihələri çərçivəsində aparılan tədqiqatlar, xarici elmi mərkəzlərdə ezamiyyətlər və beynəlxalq əməkdaşlıqlar onun elmi maraqlarını daha da dərinləşdirib, praktiki və tətbiqi nəticələrə fokuslanmağını gücləndirib. Bu proseslər elmi nailiyyətlərimin formalaşmasında əsas rol oynayıb”.

O özü də müəllimdir

Maraqlıdır, gənc alim elmini paylaşmağı da sevirmi?

10-dan çox bakalavr və magistr dissertasiya işinə elmi rəhbərlik etdiyini deyən Elşən Əsədov da öz tələbələrinin həyatına toxuna bilib: “Eyni zamanda elmi fəaliyyətimin davamı kimi tədris işinə cəlb olunmağım elm və təhsilin vəhdətini təmin etmək məqsədi daşıyır. Gənc tədqiqatçıların və tələbələrin elmi işlərinə rəhbərlik etmək, onları tədqiqat metodikasına yiyələndirmək mənim üçün elmi yolun məntiqi davamıdır. Nəticə etibarilə, elm yolunu seçməyim müəllimlərimdən və elmi rəhbərimdən aldığım istiqamət, sağlam elmi mühitdə formalaşan tədqiqat mədəniyyəti və konkret elmi nəticələr əldə etməyə yönəlmiş məqsədyönlü yanaşmanın nəticəsidir”.

Gənc alim daha gənc tədqiqatçıların formalaşmasına töhfə verməyi və elmi məktəbin davamlılığını təmin etməyi vacib hesab edir və gələcək planları arasında bu, ön sıradadır.

“Gələcəyə yönəlik əsas məqsədim elmi işləri tətbiq mərhələsinə çıxarmaqdır”

Söz gələcəkdən düşmüşkən, Azərbaycanda elmi fəaliyyətlə məşğul olan gənc alim gələcəyini elə burada da görür: “Mənim üçün əsas məsələ harada olmaqdan daha çox, apardığım tədqiqatların real elmi nəticələr verməsi və bu nəticələrin ölkəm üçün fayda yaratmasıdır”.

Odur ki, gələcək planlarında özünün hansısa ölkədə parlayacağı yox, lüminofor materialların başqa hansı müasir işıqlandırma texnologiyalarında özünü necə göstərəcəyi ilə bağlıdır: “Gələcək planlarım, əsasən, üzərində çalışdığım lüminofor materialların ağ işıq diodlarında (LED lampalarda) və digər müasir işıqlandırma texnologiyalarında tətbiqi istiqamətində tədqiqatların genişləndirilməsi ilə bağlıdır. Bununla yanaşı, hazırda lüminofor dolduruculu polimer kompozit materialların alınması və bu materialların optik, elektrik və mexaniki xassələrinin tədqiqi üzərində də işləyirik. Bu yanaşma lüminessent materialların praktik tətbiq imkanlarını daha da artırmağa şərait yaradır. Aparılan tədqiqatlar enerji səmərəliliyinin yüksəldilməsi, yeni funksional materialların yaradılması və yerli elmi potensialın tətbiqi nəticələrə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəyə yönəlik əsas məqsədim elmi işləri tətbiq mərhələsinə çıxarmaq, beynəlxalq əməkdaşlıqları genişləndirməklə yanaşı, əldə olunan nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır. Dövlətimə və vətənimə faydalı olmaq isə bütün bu fəaliyyətin əsas motivini təşkil edir”.

“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır”
“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır”
“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır”
“Məqsədim əldə olunan elmi nəticələrin ölkəmizdə reallaşdırılmasına nail olmaqdır”