Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib

2 Aprel, 2026 - 14:33
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın iştirakçısı, Böyük Britaniyanın Esseks Universitetində sosiologiya və kriminologiya sahəsi üzrə doktorant və müəllim köməkçisi kimi fəaliyyət göstərən Fərid Ədilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illər üzrə Azərbaycanın namizədi elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Fərid Ədilovun sözlərinə görə, peşəkar fəaliyyətini dövlət və təhsil sektorlarında uşaqların və qadınların hüquqlarının inkişafına həsr edib və bu namizədlik onun üçün böyük şərəfdir.

Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Komitəsi "Uşaq hüquqları haqqında" Konvensiyanın müddəalarının tərəf dövlətlər tərəfindən icrasına nəzarət edir. Komitə eyni zamanda uşaqların silahlı münaqişələrə cəlb edilməsi, uşaq alverinə dair əlavə protokolların yerinə yetirilməsini də izləyir. Komitə insan hüquqları sahəsində tanınmış, yüksək mənəvi keyfiyyətlərə malik 18 müstəqil ekspertdən ibarətdir.

Səsvermə 23 iyun 2026-cı il tarixində BMT-nin Baş Qərargahında keçiriləcək "Uşaq hüquqları haqqında" Konvensiyasına tərəf dövlətlərin 21-ci iclası çərçivəsində baş tutacaq.

Fərid Ədilovun hazırda Esseks Universitetində apardığı tədqiqat qadın parlamentarilərin qadınlara yönəlik siyasətlərə təsirini araşdırır. Tədqiqat çərçivəsində məişət zorakılığı, reproduktiv hüquqlar və sağlamlıq, erkən nikahlar və valideyn məzuniyyəti kimi məsələlər təhlil olunur.

O, doktorantura təhsilinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təxminən 10 il dövlət qulluqçusu kimi fəaliyyət göstərib. Bu müddətdə o, baş məsləhətçi, sədrin köməkçisi və Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb.

Fərid Ədilov həmçinin 2021–2023-cü illərdə Avropa Şurasının Gender Bərabərliyi Komissiyasında hökumət nümayəndəsi kimi təmsil olunub və gender bərabərliyi siyasətləri, eləcə də miqrant, qaçqın və sığınacaq axtaran qadın və qızların müdafiəsi ilə bağlı tövsiyələrin hazırlanmasına töhfə verib.