“Hədəfim milyard dollarlıq startap yaratmaqdır” – Dünyanın 10 nüfuzlu universitetindən təklif alan Tunar
Dünyanın ən nüfuzlu universitetlərinin qapıları bir-bir onun üzünə açılır. O isə reytinqlərdə ilk beşlikdə qərarlaşan universiteti seçib.
XI sinif şagirdi, Respublika fənn olimpiadasının riyaziyyat üzrə qızıl medalçısı Tunar Məmmədov düz 10 dünyaşöhrətli universitetdən qəbul təklifi alaraq böyük bir uğura imza atıb. ABŞ, Kanada, Belçika və Çinin TOP 50-liyində yer alan ali məktəbləri arasından Tunar öz seçimini artıq edib: o, dünyanın ən yaxşı 5 universitetindən biri olan, Silikon vadisinin mərkəzində yerləşən Berkli Kaliforniya Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına üz tutacaq.
Tunarın bugünkü uğuru sistemli əməyinin nəticəsidir. Lakin o özünü “yalnız kitablar arasında itən şagird” kimi təqdim etmir: “Hazırda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin XI sinif şagirdiyəm. Amma hər şey burada başlamayıb. VI sinfə qədər Şəkidə oxumuşam. VII sinifdən bu liseyə gəldim. Düzdür, həmişə yaxşı oxumuşam, qiymətlərim “5” olub, amma riyaziyyata olan o xüsusi marağım hələ ibtidai siniflərdə, II-III sinifdə yaranmışdı. O vaxtlar fərqli konseptdə testlər, maraqlı suallar tapıb həll etmək mənim üçün bir növ əyləncə idi”.
Tunarın yolu həmişə hamar olmayıb. Məsələn, VI sinifdə Respublika fənn müsabiqəsinin finalına keçə bilməyib. Amma bu uğursuzluq onu dayandırmaq əvəzinə daha da həvəsləndirib. Seçimlərdən keçərək fundamental hazırlığa başlayıb və VIII sinifdə artıq Respublika fənn olimpiadasının qızıl medalını boynundan asıb.
““PlayStation” oynamağa kifayət qədər vaxt ayırıram”
Uğurlu şagird obrazı deyəndə çoxunun ağlına yuxusuz gecələr və sosial həyatdan qopmuş bir gənc gəlir. Tunar bu stereotipi darmadağın edir. Onun sirri “çox oxumaq” yox, “lazımi anda lazımi qədər oxumaqdır”.
“Stabil bir dərs rejimim olmayıb. Mənim üçün konkret cədvəldən daha çox həftəlik görüləcək işlərin siyahısı vacibdir. Özümü belə nəzarətdə saxlayıram. Bəzi günlər olub ki, 12-13 saat çalışmışam, amma mən 7/24 dərs oxuyan biri deyiləm və belə bir şeyin reallığına da inanmıram. Sosial həyata, dostlarla əylənməyə, “PlayStation” oynamağa kifayət qədər vaxt ayırıram. Əsas məsələ balansı qorumaqdır”.
Niyə məhz ABŞ və Berkli?
10 fərqli universitetdən qəbul təklifi alan bir gəncin seçimi niyə məhz Berkli oldu? Tunar bu suala çox rasional və hədəf yönümlü cavab verir. Riyaziyyatdan biznes sahəsinə yönələn gənc üçün coğrafiya həlledici rol oynayıb:
“Seçimim Berkli Universitetinin “Biznesin idarə edilməsi” ixtisası oldu. Çünki maraq dairəm olan startapların, innovasiyaların mərkəzi məhz Amerikadır. Hələ ötən ilin sentyabt-dekabr aylarında Stenford Universitetinin onlayn riyaziyyat proqramına qoşulmuşdum. Berkli isə Silikon vadisinin tam qəlbində yerləşir. Bu mənə gələcək dörd ildə öz startapımı qurmaq üçün sonsuz imkanlar və inanılmaz bir “networking” mühiti vəd edir. Oradakı professor heyəti və tələbə müxtəlifliyi mənim üçün əvəzolunmazdır”.
Milyard dollarlıq “Unicorn” xəyalı
Tunar üçün xaricdə təhsil təkcə fərdi karyera pilləsi deyil. O həm də öz ölkəsi üçün faydalı işlər görmək istəyən gənclərdəndir. Onun hədəfləri kifayət qədər böyük və iddialıdır: “Ruhdan düşdüyüm anlar, əlbəttə, olur. Bəzən hər şey aşılmaz görünür. Belə anlarda ya öz gücünlə, ya da ətrafın dəstəyi ilə o vəziyyətdən çıxmalısan. Mənim uzunmüddətli hədəfim milyard dollarlıq dəyəri olan bir “unicorn” startap yaratmaqdır. Amma eyni zamanda Azərbaycandakı gənclərin öz potensialını kəşf etməsi üçün başladığımız sosial layihəni də davam etdirəcəyəm. Ölkəmin gələcəyinə töhfə vermək planlarımın ayrılmaz hissəsidir”.
Bu gün riyaziyyat testləri üzərində saatlarla düşünən Tunar sabah dünya iqtisadiyyatında sözünü deyəcək bir sahibkar kimi qarşımıza çıxmağa hazırlaşır. Onun hekayəsi sübut edir ki, dünya nəhənglərinə uzanan yol doğru hədəf və düzgün idarə olunan zəhmətin nəticəsidir.



