Bu maliyyələşmə modelində təhsil haqqının 70 faizi dövlət büdcəsi hesabına ödəniləcək
“Özəl bağçaların maliyyələşmə müsabiqəsinə lisenziyası olan məktəbəqədər təhsil müəssisələri müraciət edə bilər”.
“Azərbaycan müəllimi xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda sistemdə 170 özəl məktəbəqədər təhsil müəssisəsi qeydiyyatdadır: “2026-cı ildə daha 10 yeni özəl məktəbəqədər təhsil müəssisəsi qeydiyyatdan keçib, ancaq onlar hələ sistemə tam inteqrasiya olunmayıb. Yəni ümumilikdə söhbət təxminən 180 müəssisədən gedir”.
O bildirib ki, özəl bağçaların maliyyələşmə müsabiqəsinə nə qədər çox məktəbəqədər təhsil müəssisəsi müraciət edərsə, bir o qədər keyfiyyətli seçim etmək imkanı yaranacaq: “Qaliblər müəyyən olunduqdan sonra Elm və Təhsil Nazirliyinin elektron informasiya resurslarında onların siyahısı dərc ediləcək və valideynlər özlərinə uyğun müəssisəni seçə biləcəklər”.
V.Yaqublu qeyd edib ki, bu maliyyələşmə modelində təhsil haqqının 70 faizi dövlət büdcəsi hesabına ödəniləcək:“Dövlətin ödədiyi məbləğ Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə müəyyən edilir. Qalan hissə valideyn tərəfindən ödənilir. Qiymətləndirmə meyarlarında 100 balın 50 balı müəssisənin maliyyə səmərəliliyinə ayrılıb. Bu zaman özəl məktəbəqədər təhsil müəssisəsinin standart xidmətlərinin hansı qiymətlə təklif etməsi qiymətləndiriləcək. Buna görə də daha yüksək təhsil haqqı müəyyən edən məktəbəqədər təhsil müəssisələrinin qalib olmaq şansı nisbətən aşağı olacaq”.




