Bu materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib – Abituriyentlərin NƏZƏRİNƏ!
Hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, artıq bir neçə ildir, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir:
"Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.
Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.
Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.
Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək.
Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib".




