Bu müəllimlər artıq attestasiyadan keçirilməyəcəklər

5 Mart, 2026 - 13:11
Bu müəllimlər artıq attestasiyadan keçirilməyəcəklər

Bir sıra təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar əsasında sertifikasiya yolu ilə qiymətləndiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, Əmək Məcəlləsi və “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, eləcə də bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə görə, attestasiya nəticələri əsasən sənədləşdirilmiş protokollarla təsbit edilir. Bu prosesdə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəricilərinin ölçülməsi üçün yazılı və obyektiv testlər, rəqəmsal qiymətləndirmə alətləri və performans dəyərləndirmə sistemləri kimi müasir metodologiyalar nəzərdə tutulmur. Bu isə qiymətləndirmənin obyektivliyini azaldır və müasir təcrübə ilə tam uyğunlaşmır.

Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən bu sahədə əmək mübahisələrinin yaranma riski artır. Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması isə subyektiv yanaşma ehtimalını yüksəldir. Bununla yanaşı, şifahi attestasiya prosesinin təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı attestasiya yolu ilə deyil, sertifikasiya imtahanı vasitəsilə xüsusi qaydalara uyğun qiymətləndiriləcək. Bu isə prosesin şəffaflığını, nəticələrin müqayisəliliyini və etibarlılığını artıracaq, eyni zamanda həmin təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Bildirilib ki, sertifikasiya prosesi eyni zamanda ixtisas üzrə biliklərin mütəmadi yenilənməsini nəzərdə tutur. Bu da təhsilverənlərin davamlı peşəkar inkişafını stimullaşdıracaq və onların bilik və bacarıqlarının daim təkmilləşdirilməsinə şərait yaradacaq.